“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 62 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 7 min manat zərərlə çıxmışdı.
Baki-baku.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azinvestkredit”in vergiyəqədərki mənfəəti 77 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 15 min manat (əvvəlki il ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 1,082 milyon manat olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. Bunun 857 min manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 2,8 dəfə böyüyüb.
Hesabat dövründə “Azinvestkredit”in öhdəlikləri 8 dəfə artaraq 16 min manata, balans kapitalı isə 2,2 dəfə artaraq 1,066 min manat, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 1,017 milyon manata çatıb.
Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır.