Nəşr edilmişdir 10/30/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Azərbaycan avtomobil nəqliyyatının tarixi (1-ci hissə)

Avtomobil

Əbdülhüseyn Hüseynovun “İRS Heritage” jurnalında kı məqaləsinə istinadən.


Azərbaycanda avtomobil nəqliyyatının inqilabaqədərki tarixi XIX əsrin 70-ci illərindən sürətlə inkişaf edən neft sənayesinin tarixi ilə sıx bağlıdır. Bu da Azərbaycana avtomobillərin gətirilməsinə səbəb oldu. Məlum olduğu kimi, XIX əsrin sonlarında Azərbaycanda bir dənə də olsun avtomobil yox idi.

Avtomobil
“Yunik” (Fransa) avtomobili Bakıya gətirilən ilk avtomobillərdən biridir


29-30 oktyabr 1887-ci ildə “Qara şəhər”də güclü yanğın baş verən zaman onun söndürülməsi üçün yanğınsöndürmə faytonundan istifadə edildi. 19 iyun 1896-cı ildə Bakı qubernatoru Peterburqa şəhərdə yeni vergilərin tətbiqi ilə bağlı şikayət göndərdi: “Bizdə… hər hansı avtomobil olmadığına görə… bildiririk ki, avtomobil sahiblərindən şəhərin xeyrinə vergi yığılması məsələsinin həlli nəinki lazımsız, hətta qeyri-mümkündür”
4 iyun 1908-ci ildə Bakı şəhər duması şəhərdə avtomobil nəqliyyatının olmadığını bir daha sübut edən qərar qəbul etdi. Qərarın birinci hissəsində xüsusilə qeyd edilir: “Bakıda sərnişin daşınmasının dörd əsas üsulu tətbiq edilir:
a) yüngül təkatlı fayton;
b) ikiatlı faytonlar;
c) dilijanslar;
d) yük arabaları”

Avtomobil
“Metallujik” (İsveçrə) avtomobili Bakıya gətirilən ilk avtomobillərdən biridir


Ümumiyyətlə, təkcə 1920-ci ilə qədər deyil, bir qədər sonra da Azərbaycanda, o cümlədən Bakıda sərnişin və yük daşımaları əsasən faytonlar, arabalar, dilijanslar, konkalar (at qüvvəsi ilə hərəkət edən şəhər dəmir yolu) və təkatlı faytonlarla həyata keçirilirdi.
Avtomobillərin olmaması şəraitində fayton nəqliyyatının tənzimlənməsi barədə qərar qəbul edildi. Bakı şəhər dumasının 4 iyun 1878-ci il tarixli qərarı ilə faytonçular ağsaqqalı vəzifəsi təsis edildi və bu vəzifəyə Mustafa Kazımoğlu, onun köməkçisi isə Allahverdi Dövlətoğlu seçildi. Ağsaqqala həvalə edilən vəzifələr fayton nəqliyyatı sahəsində qayda-qanun yaratmaqdan ibarət idi. Bunların arasında faytonların dayanacaq yerlərinin, faytonçuların geyim formasının müəyyən edilməsi var idi. 1880-ci ildə şəhər duması birja faytonlarının təyin edilməsi haqqında qərar qəbul etdi və onlara müəyyən marşrutlarla hərəkət etmək tapşırıldı:
1) şəhərdən dəmir yolu vağzalına
2) şəhərin bir kənarından əks tərəfinə
3) Bayıldan dəmir yolu vağzalına
4) Bayıldan Şamaxinkaya
5) şəhərdən Bayıla
6) şəhərdən “Qara şəhər”ə

Lakin şəhərdəki çoxlu sayda fayton və arabalar küçə hərəkətinin iflic olmasına gətirib çıxarırdı. At arabalarının həddindən artıq çox olmasını şəhərdə konka açılması üçün müraciət edən bir çox sahibkarlar vurğulayırdılar. Onların arasında birinci gildiya taciri Aleksandr Feodoroviç fon Velike (14 iyul 1878-ci il tarixli ərizə) var idi. Problemi təkcə sərnişin ekipajları deyil, həm də yük arabaları yaradırdı. O vaxt “Qara şəhər”də, “Ağ şəhər”də minlərlə at arabası neftin, həmçinin neftdən hazırlanan yağların və digər məhsulların daşınması ilə məşğul idi. Bakı əhalisini içməli su ilə təmin edən arabalara gəldikdə isə, onların sayı o qədər çox idi ki, su mənbələrindən su götürərkən tez-tez növbə üstündə dava düşür və bəzən hakimiyyət orqanları müdaxilə etməli olurdu. O dövr üçün adi olan torpaq yollar saysız-hesabsız araba və ekipajların təzyiqinə tab gətirmir, yararsız hala düşürdü. Buna görə də Bakı duması 10 iyun 1880-ci ildə qərar qəbul etdi və bu qərarla Azərbaycanda ilk dəfə olaraq Bakının Mixaylovskaya, Olginskaya və Sahil küçələrinin daşla döşənməsi nəzərdə tutulurdu.

Avtomobil
Neft sənayeçisi Musa Nağıyevin avtomobili. M. Nağıyev-arxada, xanımın yanında


20 may 1899-cu ildə şəhər idarəsinin üzvləri tərəfindən Bakı şəhər dumasına bildiriş göndərildi və burada şəhər nəqliyyatının və şəhərdə və ətraf ərazilərdə sərnişin daşımalarının qaydaya salınması üçün konkret təkliflər var idi. Həmin ilin 13 oktyabrında Bakı şəhər duması ilk dəfə olaraq sərnişin daşımaları və şəhər nəqliyyatı haqqında qanun qəbul etdi. Nə yuxarıda qeyd olunan bildirişdə, nə də şəhər duması tərəfindən qəbul edilmiş qanunda avtomobillər barədə bir kəlmə də deyilmirdi.
Mir Həsən Mir Əziz oğlu Mövsümovun yazılı xatirələrindən məlum olur ki, Bakıya ilk avtomobili 1908-ci ildə Nikolayevskaya küçəsində (indiki İstiqlaliyyət küçəsi) yaşayan neft mədənlərinin sahibi Zubalov gətirmişdi. Mövsümov ilk azərbaycanlı sürücülərdən biri hesab olunur, 001640 nömrəli sürücülük vəsiqəsini 22 may 1912-ci ildə alıb. Zubalovun gətirdiyi avtomobil fransız istehsalı olan “Bersele” markalı minik avtomobili idi.
1908-1909-cu illərdə Bakıda cəmi bir neçə avtomobil var idi. 1912-ci ilə qədər şəhər təsərrüfatında əsas işlər atlar tərəfindən görülürdü. Bakıda cəmi 6591 at var idi, onlardan 2556-sı faytonlar üçün, 3898-i yük arabaları üçün, 126-sı xüsusi işlər üçün, 11-i minik üçün istifadə olunurdu.
1911-ci ildə Bakıdan Peterburqa göndərilən rəsmi məktubda göstərilir ki, 1910-cu ildə şəhərdə 24 avtomobil, 1911-ci ildə isə 36 avtomobil var idi. Bu 36 avtomobilin biri şəhər rəisinə, qalanları isə şəxsi şəxslərə məxsus idi. 36 avtomobilin ikisi 36-40 at gücündə, qalanları isə 6-30 at gücündə idi. 1913-cü ildə Bakıda avtomobillərin sayı 100-ə çatdı.

Avtomobil
Geoloq və mühəndis İ. Qubkinin (soldan ikinci) avtomobili Abşeronda geoloji tədqiqatlar zamanı

Ardı var…    

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq. Baki-baku.az Maliyyə Nazirliyinə istinadla xəbər

Ən son

GÜNDƏM

 Bakıda 148 nəfər XII sinifdə təhsil alır. Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

GÜNDƏM

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2025-ci il

GÜNDƏM

Hər il olduğu kimi bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda