Son illərdə dünyada qısaldılmış iş rejimləri ilə bağlı müxtəlif təcrübələr həyata keçirilib.
Baki-baku.az-ın məlumatına görə, bir sıra Avropa ölkələrində – xüsusən də İsveç, Norveç və Niderlandda – bəzi şirkətlər 4 və ya 6 saatlıq iş günü tətbiq edərək işçilərin məhsuldarlığını artırmağa nail olublar.
Tədqiqatlar göstərir ki, qısa iş saatları olan müəssisələrdə işçilər daha az yorulur, səhvlər azalır və yaradıcılıq qabiliyyəti yüksəlir.
Bundan başqa, distans (onlayn) iş modeli də müasir dövrdə sürətlə yayılır. Pandemiya dövründə geniş tətbiq edilən bu sistem artıq bir çox ölkələrdə normaya çevrilib. İşçilərə evdən işləmək imkanı verən şirkətlər həm xərclərinə qənaət edir, həm də işçilərin iş-ailə balansını qorumağa şərait yaradır.
Azərbaycan qanunvericiliyi nə deyir?
Azərbaycan qanunvericiliyində də bu məsələyə müəyyən çeviklik tanınıb. Əmək Məcəlləsinə görə, iş və istirahət vaxtının həddi tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən oluna bilər. Yəni işəgötürən və işçi razılaşarsa, 8 saatlıq iş rejimi mütləq deyil. Əgər rəhbərlik görsə ki, işçinin vəzifə öhdəlikləri 4 və ya 6 saat ərzində tam şəkildə icra oluna bilər, o zaman müqavilə həmin saatlara uyğun bağlana bilər.
Üstəlik, müqavilə onlayn iş formatını da əhatə edə bilər. Bu halda işçi ofisə gəlmədən evdən işləməklə öhdəliklərini yerinə yetirə bilər. Bu, xüsusən də informasiya texnologiyaları, media, təhsil və konsaltinq kimi sahələrdə daha çox tətbiq olunur.
Müasir əmək bazarı artıq yalnız “8 saatlıq iş günü” ilə məhdudlaşmır. Qısaldılmış iş saatları və distans iş modeli həm işçilərin məmnunluğunu, həm də işin keyfiyyətini artırmaq potensialına malikdir. Əsas məsələ tərəflər arasında düzgün razılaşma və öhdəliklərin dəqiq müəyyən edilməsidir.