“Bir kərə yüksələn bayraq, bir daha enməz oldu!”
Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi qüdrətli dövlətlər quran Azərbaycan xalqı “Kürəkçay”, “Türkmənçay”, “Gülüstan” müqavilələri ilə parçalanıb xanlıqlara bölünsə də, Birlik, Bütövlük kimi müqəddəs duyğularından dönmədi. 1918-ci il mayın 28-də Şərqin ilk Demokratik Cümhuriyyətini qurub İstiqlal Bəyannaməsini imzalamaqla gücünü, qüdrətini, əzəmətini, özgürlük sevdasını dünyaya bəyan etdi. Milli Müstəqillikdən gözəl sərvətin olmadığını sübut edən Cümhuriyyət Qurucuları “Bir kərə yüksələn bayraq, bir daha enməz!” nidası ilə qısa zaman kəsiyində ölkəmizin ilk parlamentini, hökumətini yaratdı, milli atributlarını təsis etdi, sərhədlərini müəyyənləşdirdi, qüdrətli ordusunu formalaşdırdı, beynəlxalq aləmdə nüfuzunu möhkəmlətdi, qadına seçmək, seçilmək hüququnu bəxş etdi.
1920-ci il aprelin 28-də Qızıl Ordunun “Qırmızı terroru”na qurban getsə də, mövcud olduğu 23 ay ərzində Milli Dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Şura hökuməti illərində belə, Azərbaycan Xalqının qəlbində İstiqlal Mücahidlərinin çatdıqları özgürlük tonqalı sönmədi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Dövlət quruculuğu tarixinin yeni bir səhifəsi yazıldı. Qəbul olunan Konstitusiya Aktı 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmaqla Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit etdi. Bununla da “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Xalqı öz müstəqilliyini, əbədi istiqlalını bərpa etmiş oldu.