23 iyul 1914-cü ildə Bakı duması şəhərdə 148 avtomobilin olduğunu göstərən siyahı tərtib etmişdi. Bu avtomobillərin əksəriyyəti fiziki şəxslərə, bir qismi isə “Bakı-Rusiya-Neft” səhmdar cəmiyyətlərinə, M.Muxtarov, “Kaspi-Çernomorskaya”, Bekkler qardaşlarına, Mirzəyev qardaşlarına, Lianozovlara məxsus olub.
Bakıdakı diplomatlar da bu dövrdə avtomobilə keçmişdilər. Məsələn, Danimarka-Norveç konsulu Erin Biorinqanın 31 at gücündə “Berne” markalı avtomobili var idi.
1912-ci ilə qədər Azərbaycanda avtomobillərin nömrəsi yox idi. 1912-ci il yanvarın 30-da şəhər idarəsi avtomobil sahiblərinə şəhər kassasına rüsum ödəmək və avtomobilləri üçün nömrə almaq tələbi ilə məktub göndərmişdi. Məktubda Hacı Zeynalabdin Tağıyevin 120 rubl, Sadıq bəy Hacınskinin 90 rubl, Mirmövsümovun 30 rubl ödəməli olduğu bildirilirdi.
İnqilabdan əvvəl Bakıda və Rusiyanın digər şəhərlərində avtomobil nəqliyyatında bu gün qəribə görünə biləcək qaydalar mövcud idi. Məsələn, şəhərlərdə avtomobil mütəxəssislərinin olmaması səbəbindən bütün texniki məsələləri həll etməli olan “sürücü-montyor” və onun müavinləri seçilirdi. Bakıda ilk sürücü-montyor 1912-ci il oktyabrın 6-da seçilmişdi. Bu, Yeqor Medvedev adlı təcrübəli sürücü idi, müavinləri isə Fyodor Xaritonov və Stepan Barikov olmuşdu.
Sürücü bir avtomobildən digərinə keçərkən sürücülük vəsiqəsini dəyişməli idi. Şəhər duması tərəfindən avtomobil sahibinə verilən vəsiqədə onun adı və avtomobilin nömrəsi göstərilirdi. Avtomobil sahibi öz istəyi ilə sürücünün adını yaza bilərdi. İşdən çıxarılan sürücü vəsiqəni avtomobil sahibinə qaytarmalı idi. Bu qayda sürücünü ayrı-ayrı avtomobil sahiblərində işləməyə məcbur edirdi. Məsələn, Azərbaycanın ən qədim avtomobilçilərindən olan Mustafa İbrahim oğlu Əliyev vaxtilə Bakı milyonçusu Səlimovun 15985 zavod nömrəli və 86 şəhər nömrəli “Benets” markalı avtomobilində işləməyə başlayarkən əvvəlki vəsiqəsini təhvil verib Səlimov tərəfindən yazılmış yeni vəsiqə almışdı.
1914-cü ildə şəhər duması Bakı yanğınsöndürmə komandası üçün avtomobil sifariş etmək istəmiş və Bakıdakı “Daimler” cəmiyyətinin nümayəndəsinə müvafiq məktub göndərmişdi. Lakin I Dünya müharibəsinin başlaması səbəbindən avtomobil Bakıya çatdırılmamışdı. Qeyd etmək lazımdır ki, Bakıda, Rusiyanın digər şəhərlərində olduğu kimi, inkişaf etmiş avtomobil sənayesinə malik ölkələrin xüsusi nümayəndəlikləri var idi. Məsələn, Kiçik Dəniz və Telefon küçələrinin kəsişməsində alman “Pavel Bure” firmasının nümayəndəsi Vasilyevski, indiki dənizçilik məktəbinin yerində məşhur Amerika “Ford-T” firmasının nümayəndəsi Krasinbayev və “Geys” firmasının nümayəndələri yerləşirdi.
Bakıda ilk qarajı 1908-1909-cu illərdə fransız Henri Şarpentye tikdirmişdir. Qaraj iki avtomobil üçün nəzərdə tutulmuşdu. Şarpentye Fransadan gətirilən avtomobillərin istismarı və kiçik təmiri ilə məşğul olurdu. Bakılı sürücü Sergey Qriqoryeviç Ayrapetov 1908-ci ildə onun yanında işləyərək avtomobil idarə etməyi öyrənmişdi. Şarpentyelərin avtomobilləri (“Minera” və “Yunik”) indiki “Novbahar” restoranının yerində yerləşən “Avropa” özəl hotelində qalan fransızlara xidmət edirdi.
Bakıda “Continental” firmasının nümayəndəsi Umar Benedikt də avtomobil avadanlığı satırdı.
Azərbaycanda ilk dəfə avtomobil idarə etməyi öyrənən və 1909-1914-cü illərdə avtomobil nəqliyyatında işləməyə başlayan bir neçə azərbaycanlının adları bizə məlumdur:
1) Əliyev Mustafa İbrahim oğlu
2) Bala Ağa Məşədi Qasım oğlu
3) Bağırov Dadaş
4) Seyid Hüseyn Mir Əziz oğlu
5) Seyid Həsən Mir Əziz oğlu
6) Sərab Ağa Abdul oğlu
Seyid Həsən öz xatirələrində qeyd edirdi:
“Yaxşı xatırlayıram ki, fransız sürücülər bilmədiyimiz şeylər haqqında suallarımıza cavab vermirdilər və hətta təmir zamanı ya bizi qovurdular, ya da bizi nə iləsə məşğul edib özləri təmir edirdilər. Yəni bizim nə isə öyrənməyimizə mane olurdular. Biz azərbaycanlıları avtomobil texnikası ilə o zaman Bakıda işləyən ruslar tanış etdilər”. Rus sürücülərdən Andrey Orlovun (Balaxanı küçəsi, 17), Yeqori Medvedevin (Qubernski, 18), Fyodor İvanoviçin (Bayıl, 23) adları məlumdur.
Seyid Həsənin xatirələrində maraqlı faktlar var: “1913-cü ildə mən neft mədənləri sahibi Aşurbəyovların alman “Benz” firmasının avtomobilində işləyirdim. Bu zaman M.Əzizbəyov orada mühəndis işləyirdi. Mən tez-tez M.Əzizbəyovu Ramanı və Sabunçu neft mədənlərinə aparırdım. O, vaxtının çox hissəsini fəhlələrlə tək-tək və qruplarla uzun söhbətlərə sərf edirdi, sonra maşına oturub şəhərə qayıdırdı. Mən sonradan başa düşdüm ki, M.Əzizbəyov fəhlələrdə inqilabi şüuru oyatmaq, gələcək inqilab üçün hazırlıq işi aparırdı”.
I Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq 1915-ci ildə Rusiya avtomobil zavodu “Russo-Balt” bağlandı. Bu zavodun bağlanması, avtomobillərin hərbi ehtiyaclar üçün səfərbərlik səbəbindən Azərbaycandan çıxarılması və daha sonra Müvəqqəti hökumətin qəbul etdiyi “Fayton, araba, avtomobil, velosiped, motor və yelkənli gəmilər, atlar və itlərin saxlanması üçün vergilər” qanununa (29/IX-1917) əsasən rüsumların artırılması Azərbaycanda avtomobil nəqliyyatının inkişafını daha da zəiflətdi.
1917-ci ildə Azərbaycanda 101 avtomobil var idi
1917-ci ildə Sürücülər İttifaqı – avtomobil nəqliyyatı işçilərinin həmkarlar ittifaqı yaradıldı. İttifaq o qədər nüfuzlu idi ki, hətta şəhər duması avtomobil sürücülərinin 8 saatdan artıq işləməsi lazım gələndə ona müraciət etməli olurdu. 1917-ci ildə məhz Sürücülər İttifaqı sürücülər üçün imtahanlar keçirirdi. Məsələn, 1917-ci il dekabrın 4-də Bakı şəhər duması Əjdər Xəlil oğlunu imtahan vermək xahişi ilə Sürücülər İttifaqına göndərmişdi.
1918-ci il aprelin 25-də bolşeviklərin yaratdığı Bakı Komissarları Sovetinin təşəbbüsü ilə Qafqaz Qırmızı Ordusunun Baş Qərargahı yanında Avtomobil Komissarlığı yaradıldı. 1913-cü ildən avtomobil sürücüsü işləyən bakılı Əliyev Mustafa İbrahim oğlunun xatirələrindən məlum olduğu kimi, 1918-ci ildə Bakı Soveti döyüşlərdə avtomobil nəqliyyatından geniş istifadə edirdi. 1908-ci ildə Nuxadan Bakıya gələn və 1910-cu ildən avtomobil sürücüsü işləyən Sergey Qriqoryeviç Ayrapetov 1918-ci ildə Bakı Komissarlığının üzvü B.Avakyanla birlikdə öz avtomobili ilə bir çox döyüş əməliyyatlarında Hərbi İnqilab Komitəsinin göstərişlərini yerinə yetirmiş və buna görə qızıl qvardiyaçı-partizan adını almışdı.
1914-cü ildə Azərbaycanda 1304 avtomobil, 1919-cu ildə 6,71 km avtomobil yolu var idi. 1920-ci ildə respublikada 300-ə qədər avtomobil var idi.