1925-ci ildə Bakıda qulluqçu ailəsində dünyaya gələn Şıxəli Qurbanov gənclik illərini müharibə səngərlərində keçirib. O, Leninqraddan Almaniyaya qədər uzanan döyüş yolunda iştirak edib, qəhrəmanlığına görə müxtəlif orden və medallarla təltif olunub.
Müharibədən sonra təhsilini davam etdirən Qurbanov Azərbaycan Pedaqoji İnstitutunu bitirib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, müəllimlik fəaliyyəti ilə məşğul olub. Ədəbiyyata böyük həvəs göstərən yazıçı müxtəlif pyeslər, librettolar, şeirlər, poemalar və tənqidi məqalələr yazaraq ədəbi mühitin diqqətini qazanıb. Onun “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Sənsiz” və “Milyonçunun dilənçi oğlu” kimi əsərləri uzun müddət teatr səhnələrində tamaşaya qoyulub.
Şıxəli Qurbanovun adı xüsusilə Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması ilə yadda qalıb. 1967-ci ildə uzun illər qadağadan sonra məhz onun təşəbbüsü ilə Novruz rəsmi şəkildə keçirilib. Bu addım onun xalq arasında nüfuzunu daha da artırıb və milli dəyərlərin qorunması yolunda mübarizəsinin simvoluna çevrilib.
Təəssüf ki, yazıçının ömrü çox qısa olub. 1967-ci il mayın 23-də, cəmi 42 yaşında diş həkimində aldığı iynədən sonra qəfil dünyasını dəyişib. Ailəsinin və yaxınlarının sözlərinə görə, bu ölüm təsadüfi olmayıb və onun aradan götürülməsi siyasi sifariş kimi təşkil olunub.
Şıxəli Qurbanovun adı bu gün də Azərbaycan ədəbiyyatında və milli yaddaşında yaşayır. O, Fəxri xiyabanda dəfn olunub, Musiqili Komediya Teatrı və Bakı küçələrindən biri onun adını daşıyır. Şıxəli Qurbanov həm ədəbiyyata verdiyi töhfələri, həm də milli kimlik uğrunda mübarizəsi ilə yaddaşlarda qalır.