Bu gün yalnız Azərbaycan üçün deyil, ümumilikdə qlobal şəhərsalma ictimaiyyəti üçün əlamətdar gündür. Qarşıdakı günlər ərzində Bakı hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, maliyyə institutlarının, akademik çevrələrin, vətəndaş cəmiyyəti təmsilçilərinin, gənclərin, qadınların, özəl sektorun və yerli icmaların bir araya gəldiyi əsas platformalardan birinə çevriləcək.
Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı səsləndirib.
Anar Quliyev qeyd edib ki, bütün iştirakçıları birləşdirən əsas məqsəd hamı üçün daha yaxşı və dayanıqlı şəhər gələcəyinin qurulmasıdır.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın WUF13-ə gedən yolu illər əvvəl başlayıb. Onun sözlərinə görə, 2021-ci ildən etibarən ölkədə milli şəhərsalma forumları keçirilir və bu platformalar dayanıqlı şəhər inkişafı ilə bağlı geniş ictimai dialoqun formalaşmasına mühüm töhfə verir.
“Bu forumlar müxtəlif maraqlı tərəfləri bir araya gətirərək yaşayış məntəqələrinin gələcəyi ilə bağlı fikir mübadiləsinə imkan yaradıb. Eyni zamanda, milli koordinasiyanın gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi, təcrübə paylaşımı və siyasətlərin Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması baxımından mühüm rol oynayıb”, – deyə Anar Quliyev bildirib.
O əlavə edib ki, milli şəhərsalma forumları inklüziv şəhər dialoqu mədəniyyətinin formalaşmasına da töhfə verərək müxtəlif sektorların daha yaxşı şəhərlərin qurulmasında iştirakını təmin edib.
Anar Quliyevin sözlərinə görə, WUF13-ün Bakıda təşkili Azərbaycanın son illərdə beynəlxalq səviyyədə inkişaf etdirdiyi əməkdaşlıq və dialoq siyasətinin məntiqi davamıdır.
“Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük məsuliyyətdir, həm də beynəlxalq ictimaiyyətin və UN-Habitat-ın Azərbaycana göstərdiyi etimadın təzahürüdür. Bu forumun təşkilinə şərait yaradan tərəfdaşlığı və sıx əməkdaşlığı yüksək qiymətləndiririk”, – deyə komitə sədri qeyd edib.
Anar Quliyev vurğulayıb ki, Azərbaycan üçün WUF13 sadəcə beynəlxalq tədbir deyil, həm də ölkənin milli prioritetlərini və gələcəyə baxışını əks etdirən mühüm platformadır.
Onun sözlərinə görə, ölkədə şəhərlərin modernləşdirilməsi, yaşıl infrastrukturun inkişafı, ictimai xidmətlərin keyfiyyətinin artırılması, əlçatan mənzil təminatı, iqlim dayanıqlılığının gücləndirilməsi və daha ağıllı, inklüziv icmaların formalaşdırılması istiqamətində geniş layihələr həyata keçirilir.