BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşünün təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü çatdırıb.
Baki-baku.az xəbər verir ki, UN-Habitat-ın icraçı direktoru bu barədə forum çərçivəsində keçirilən nazirlər səviyyəli görüş zamanı deyib.
“Çıxışıma WUF13-ün açılış günündə Yeni Şəhər Gündəliyi üzrə bu mühüm nazirlər görüşünün təşkilinə görə Azərbaycan hökumətinə səmimi təşəkkürümü bildirməklə başlamaq istəyirəm”, – deyə Anaklaudia Rossbax qeyd edib.
İcraçı direktor vurğulayıb ki, 2026-cı il yalnız Yeni Şəhər Gündəliyinin icrasının nəticələrinin dəyərləndirilməsi baxımından deyil, həm də gələcək inkişaf istiqamətlərinin müəyyən olunması nöqteyi-nəzərindən mühüm mərhələ hesab olunur.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk günü yeni təşəbbüs olaraq Azərbaycanın sədrliyi ilə təşkil edilən Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşlə start götürüb.