San-Fransisko körfəzinin soyuq suları arasında yerləşən və qayalardan ibarət kiçik ada uzun illərdir ümidsizliyin simvollarından biri sayılır. 1934-cü ildən 1963-cü ilə qədər bura xüsusilə təhlükəli hesab edilən və ya qaçmağa meyilli məhbuslar yerləşdirilirdi. Al Kapone, Corc “Pulemyot” Kelli, Robert Straud və başqa məşhur cinayətkarlar da burada cəza çəkiblər.
Alkatrasın ən böyük səddi elə körfəzin özü idi. Sahilə qədər məsafə iki kilometrdən bir qədər çox olsa da, su çox soyuq, axınlar isə güclü idi. Qaçmaq istəyən məhbuslar kameraları, dəmir barmaqlıqları, silahlı mühafizəni və hündür hasarı keçə bilsə belə, qarşısını dəniz kəsirdi. Buna görə də Alkatras demək olar ki, əlçatmaz həbsxana hesab olunurdu.
Həbsxanadakı rejim son dərəcə sərt idi. Məhbuslara yalnız yemək, geyim, qalmağa yer və tibbi yardım təmin edilirdi. İşləmək, kitab oxumaq, məktub yazmaq və görüşmək kimi digər imkanları isə yaxşı davranışla qazanmaq lazım idi. Hər məhbus ayrıca kamerada saxlanılır, gün ərzində dəfələrlə yoxlama aparılırdı.
Buna baxmayaraq, Alkatrasın tarixində maraqlı ziddiyyətlər də az olmayıb. Həbsxanada yeməklər o qədər keyfiyyətli hazırlanırdı ki, buranın mətbəxi ABŞ-nin federal həbsxana sistemi üzrə ən yaxşılarından biri sayılırdı. Məhbuslar kitab oxuya, softbol oynaya, sonralar isə hətta radio dinləyə bilirdilər.
Ən qəribəsi isə məhbus kameralarının yaxınlığında həbsxana əməkdaşlarının ailələrinin yaşaması idi. Onların uşaqları adada oynayır, səhərlər gəmiyə minib San-Fransiskoya məktəbə gedirdilər. Beləcə, ölkənin ən qorxulu həbsxanalarından birinin yanında demək olar ki, adi həyat çağlayırdı.
Yeməkxana həbsxananın ən təhlükəli yerlərindən biri hesab olunurdu. Bıçaqlar ciddi nəzarət altında verilirdi, ətin içindən iri sümüklər çıxarılırdı. Mühafizəçilər hətta qəhvənin temperaturuna da diqqət edirdilər, çünki qaynar mayedən silah kimi istifadə oluna bilərdi. Tavanda isə mümkün qiyam zamanı istifadə üçün qıcıqlandırıcı qaz buraxan qurğular yerləşdirilmişdi.
Alkatras tarixinin ən qanlı hadisəsi 1946-cı ilin mayında baş verdi. Altı məhbus silah ələ keçirərək həbsxananın bir hissəsini nəzarətə götürdü. Üç gün davam edən və tarixə “Alkatras döyüşü” kimi düşən qarşıdurma başladı. Qiyamı yatırmaq üçün hətta dəniz piyadaları da adaya gətirildi. Hadisə nəticəsində ölənlər və yaralananlar oldu.
Adanın ən böyük sirri isə 1962-ci il iyunun 11-nə keçən gecə yarandı. Frenk Morris və Con, Klarens Enqlin qardaşları aylarla özlərinin hazırladıqları alətlərlə kameralarındakı havalandırma dəliklərini genişləndirmişdilər. Mühafizəçilərin onların yatdığını düşünməsi üçün çarpayılara həqiqi insan saçlarından istifadə edilərək hazırlanmış saxta başlar qoymuşdular. Qaçış üçün isə əllidən çox su keçirməyən rezin plaşdan sal və xilasedici jiletlər düzəltmişdilər. Səhər açılanda onların kameraları boş idi.
Sonralar salın bəzi hissələri, avarlar və şəxsi əşyalar tapıldı. Qaçan 3 məhbusun cəsədləri isə heç vaxt tapılmadı. FTB onların böyük ehtimalla boğulduğu qənaətinə gəldi, lakin bunu sübut etmək mümkün olmadı.
Bu səbəbdən həmin sual bu gün də açıq qalır: görəsən, üç məhbus Alkatras tarixində yeganə uğurlu qaçışı həyata keçirə bildi, yoxsa körfəzin soyuq suları onların həyatına son qoydu?
Bu hadisədən cəmi doqquz ay sonra həbsxana bağlandı. Buna səbəb qaçışlar deyil, Alkatrasın saxlanılmasının həddindən artıq baha başa gəlməsi idi. Su, ərzaq, yanacaq və digər zəruri məhsulların hamısı adaya dəniz yolu ilə çatdırılırdı.
Bu gün Alkatras muzey kimi fəaliyyət göstərir. Ancaq insanları bura yalnız köhnə məhbus kameraları cəlb etmir. Onları onilliklər boyu hər kəsə bir fikri qəbul etdirməyə çalışan bu yerin sirli keçmişi çəkir: buradan heç kim çıxa bilməz.
Yoxa çıxmış 3 məhbusun sirli taleyi bu gün də Alkatras tarixində son nöqtənin qoyulmasına imkan vermir.
Hacı Cavadov


