Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/09/2026

Paylaşın

ƏDƏBİYYAT

“Aləmdə səsim var mənim…” – Eşidilməyən səslərin şairi Seyid Əzim Şirvani

Seyid Əzim Şirvani

Azərbaycan tarixində yaşadıqları dövrə sığmayan, sığa bilməyən insanlar olub. Onlar gələcəyi indidən görüblər, cəmiyyət isə onları yalnız keçmişin ölçüləri ilə dəyərləndirib. Belələri adətən sağlığında daşlanır, ölümündən sonra isə heykəlləşdirilirdi o zamanlar. Seyid Əzim Şirvani də məhz belə taleyi yaşayan böyük maarifçilərdən idi.

Onun məşhur misrası – “Aləmdə səsim var mənim…”  bir şairin poetik etirafı olmaqdan daha çoxdur, daha böyükdür. Misra şairin bütün ömrünün xülasəsidir. O, yaşadığı dövrdə səsini ucaltdı. Lakin onu eşitmək istəyənlər az oldu. Səsi isə zamanın içindən keçərək bu günə gəlib çatdı. Tarix göstərir ki, cəmiyyət çox vaxt öz dahilərini onların yaşadığı dövrdə qəbul etmir.

İmadəddin Nəsimi insan düşüncəsinin sərhədlərini aşdığı üçün edam edildi. Mirzə Ələkbər Sabir ömrünü yoxsulluq və xəstəlik içində başa vurdu, satiraları ilə cəmiyyətin eybəcərliklərini göstərdiyi halda həmin cəmiyyət onu yaşada bilmədi. Mirzə Fətəli Axundzadə ömrü boyu islahat ideyalarına görə təhqirlərə məruz qaldı. Seyid Əzim də bu silsilənin davamı idi. O da yaşadığı dövrün fövqündə dayanırdı.

Məktəb quran şair…

1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində doğulan Seyid Əzim erkən yaşlarında atasını itirdi. Ana babasının himayəsində Dağıstanın Yaqsay kəndində böyüdü, ərəb və fars dillərini öyrəndi, dini təhsil aldı. Sonralar Nəcəf, Bağdad, Şam, Məkkə, Mədinə və Qahirədə təhsilini davam etdirdi. Lakin bu səfərlər onu daha dindar yox, daha düşünən bir ziyalıya çevirdi.

Vətənə qayıdan Seyid Əzim başa düşürdü ki, xalqı dəyişdirəcək qüvvə yalnız elm və məktəbdir. 1869-cu ildə Şamaxıda açdığı yeni üsullu məktəb bunun ən parlaq nümunəsi idi. Bu məktəb İsmayıl bəy Qaspıralının Krımda, Mirzə Kərim Fənanın Şuşada, İsmayıl Qasidin Lənkəranda, Məmməd Tağı Sidqinin Naxçıvanda “Üsuli cədid” yolu ilə qurduğu müasir tipli məktəbdən idi ki, o da qurmağa nail olmuşdu.

Bu məktəbdə uşaqlar yalnız dini bilik almırdılar. Onlara Azərbaycan, fars və rus dilləri, tarix, coğrafiya, hesab və digər dünyəvi elmlər öyrədilirdi. Fiziki cəza qadağan edilmişdi. Şagird düşünməyə, sual verməyə təşviq olunurdu.

Sonralar Azərbaycan ədəbiyyatının nəhəngləri olan Mirzə Ələkbər Sabir və Sultan Məcid Qənizadə də məhz həmin məktəbin yetirmələri oldular.

O, müəllim deyildi, cəmiyyət qururdu

Seyid Əzim üçün məktəb sadəcə dərs keçilən yer deyildi. O, yeni insan yetişdirirdi.

1877-ci ildə yazdığı “Uşaqların baharı” (“Rəbiül-ətfal”) dərsliyi Azərbaycan məktəbləri üçün ilk milli ruhlu vətənpərvərlik kitablarından biri idi. O, uşaqlara doğma vətəni sevməyi, tarixini öyrənməyi, öz xalqı ilə fəxr etməyi aşılayırdı. Məhz buna görə də həm çar məmurları, həm də mövhumatçılar ondan narahat idilər. Bir tərəf düşünən vətəndaş istəmirdi. Digər tərəf isə düşünən müsəlman.

“Əkinçi”nin səsinə səs verən şair

Seyid Əzim maarif yolunda tək deyildi. Onun ideya silahdaşları sırasında Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundzadə dayanırdı. Axundzadə ilə dostluq edir, məktublaşırdı. Zərdabinin yaratdığı “Əkinçi” qəzetini isə xalqın nicat yolu hesab edirdi. O yazırdı: “Bəs “Əkinçi” cəlalımızdır bizim, Nasehi xoşməqalımızdır bizim…” Onun nəzərində qəzetin işi təkcə xəbər yaymaq deyildi. Qəzet xalqı oyadan məktəb idi. Zərdabi mətbuatla cəmiyyəti dəyişmək istəyirdi. Seyid Əzim məktəblə. Axundzadə isə teatr və fəlsəfə ilə. Onlar eyni böyük maarifçilik hərəkatının müxtəlif cəbhələrində çalışan insanlar idilər.

Cəmiyyət onun beynindən qorxurdu

Seyid Əzim satiralarında rüşvəti, fanatizmi, nadanlığı, yalançı din adamlarını, elmsiz alimləri amansızlıqla tənqid edirdi. Məhz buna görə ona “kafir”, “səfeh” damğası vuruldu. Yeni üsullu məktəbi bağlamağa çalışdılar. Müəllimlikdən uzaqlaşdırdılar.

Onun haqqında saysız-hesabsız dedi-qodular yaydılar. Çünki düşünən insan həmin dövr üçün qorxu idi. Sual verən müəllim isə daha çox.

Şairin ölümü və ya əbədiyyətə qovuşması

Seyid Əzimin ölümü barədə rəsmi mənbələrdə adətən “1888-ci ildə Şamaxıda vəfat edib” yazılır. Lakin bəzi araşdırmalarda və xalq yaddaşında başqa bir rəvayət yaşayır. Bu rəvayətə görə, maarifçi baxışlarına görə uzun illər hədəfə çevrilmiş Seyid Əzim məsciddə yaranmış süni basabas zamanı ayaqlar altında qalaraq həyatını itirib. Başqa versiyalarda isə bunun qəsdən təşkil edilmiş hücum olduğu iddia olunur.

Bu hadisənin təfərrüatları tarixşünaslıqda mübahisəli olsa da, bir həqiqət dəyişmir:

Seyid Əzim sağlığında öz dövrünün ən çox təzyiq görən ziyalılarından biri idi.

“Aləmdə səsim var mənim…”

Böyük insanların səsi onların yaşadığı dövr üçün yox, gələcək üçündür. Seyid Əzimin də səsi yaşadığı əsrə sığmadı. Bu gün Azərbaycanda maarifdən, milli məktəbdən, ana dilindən, azad düşüncədən danışırıqsa, bunun təməlində Axundzadənin qələmi, Zərdabinin mətbuatı və Seyid Əzimin məktəbi dayanır. O, yalnız şair deyildi. O, müəllim idi, maarifçi idi,  millətin gələcəyini quran adamlardan biri idi. Onun haqqında yazılan ən yaxşı kitab Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” oldu. Kitabda hər şey olduğu kimik bugünkü oxucuya çatdırılıar. Seyid Əizimin isə “Aləmdə səsim var…” misrası bu gün daha aydın eşidilir. Dövründə o səsi boğmağa çalışdılar, amma zaman onu susdura bilmədi…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda iyulun 9-da 35 dərəcə isti olacaq.

Ən son

İQTİSADİYYAT

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2026-cı ilin yanvar-iyun aylarında 61 min

İQTİSADİYYAT

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2026-cı ilin yanvar-iyun aylarında 61 min
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin