27 Sentyabr – Anım Günü ilə əlaqədar saat 19:00-da Akademik Musiqili Teatrda “Bir nəfəs qədər” tamaşası nümayiş etdirilib.
Baki-baku.az xəbər verir ki, səhnə əsəri Prezident mükafatçısı Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda hazırlanıb.
Tamaşada oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Tamaşada Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.
Bir nəfəs qədər” tamaşasında Əməkdar artist Nahidə Orucova, aktyorlar Əmrah Dadaşov, Gülnarə Abdullayeva, Gülcahan Salamova, Ofeliya Novruzqızı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Murad Əliyev, Əli Kərimov və digər aktyorlar iştirak edirlər.




