Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/19/2025

Paylaşın

GÜNDƏM

Aidə İmanquliyeva sözün işıq yaddaşı

Dərin kədərin sükutu var bu adda: Aidə Nəsir qızı İmanquliyeva…

Alim ömrünün payızı 1992-ci ilin 19 sentyabrında Bakı səmasının altında tamamlandı, amma onun qələmindən süzülən işıq hələ də kitab rəflərinin, auditoriyaların, gənc zəkaların üzünə düşür. Bu adın hərf-hərfi elmə sədaqətin, ruhun zərifliyinin, qadın iradəsinin poetik izahıdır.
Bakıda ziyalı ocağında doğulan Aidə xanım 132 nömrəli məktəbi qızıl medalla bitirdi, Şərqin dilinə, sözün dərin qatlarına aparan yola qədəm qoydu. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb filologiyasının sirlərini mənimsədi, sonra Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda gənc tədqiqatçı kimi səbrli zəhmətlə pillə-pillə yüksəldi. O, 1989-cu ildə Tbilisidə doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru kimi ziyalılıq salnaməmizə möhür vurdu.
Atasının pəncərəsindən görünən dünya mətbuatın nəfəsi, sözün məsuliyyəti, Vətənə xidmət əxz edən peşəkar ləyaqət idi. Nəsir İmanquliyev illərlə “Bakı” və “Baku” qəzetlərinin tribunasında cəmiyyətin düşüncəsini formalaşdırdı, universitet auditoriyalarında jurnalistikanın nəzəriyyəsini həyat təcrübəsi ilə vəhdətə gətirdi. Aidə xanım bu məktəbdən mənəvi miras aldı “sözün qüdrətini”.
Onun kitabları “Mixail Nüaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” Şərqlə Qərb arasında düşüncə körpüsüdür. Bu səhifələrdə ərəb ədəbiyyatının mühacir qanadının səsi, insanın mənəvi bütövlüyünə inam, bədii təfəkkürün azad nəfəsi var. Aidə xanımın elmi üslubu klassik mədəniyyətlə müasir təhlilin lətafətli qovuşmasıdır; o, ədəbiyyatı mənəvi hadisə kimi təqdim edən müəllifdir.
Bu ömrün ən incə cizgilərindən biri ana missiyasıdır. Aidə xanımın həyatında ailə ocağı ilə elm masası eyni odaya sığışdı: ömür-gün yoldaşı akademik Arif Paşayev, qızları Mehriban Əliyeva və Nərgiz Paşayeva. Bu ocağın hər nəfəsində ziyalılıq var: Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının uzun illər rektoru kimi elmin dəqiqliyini insan ləyaqəti ilə birləşdirən böyük ziyalıdır.
Qızları: Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi dövlətçilik məsuliyyətini humanist missiya ilə birləşdirir. Fondun təşəbbüsləri təhsil, səhiyyə, mədəni irs və sosial rifah sahələrində mindən çox layihə ilə cəmiyyətin damarlarına canlı nəfəs verir; abidələr bərpa olunur, məktəblər və uşaq bağçaları ucalır, incəsənət məkanları dirçəlir, minlərlə ailənin taleyinə ümid yazılır. Mehriban xanımın fəaliyyət xəttində zərifliyin arxasında möhkəm iradə görünür: mədəni diplomatiya ilə ölkəmizin səsi dünyaya çatır, könüllülük hərəkatına dayaq verilir, gənclər elmə, sənətə, vətənpərvərliyə çağırılır.
Nərgiz Paşayeva isə filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti və akademiki, həmçinin Oksford Universitetində Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəridir. Bu silsilə Aidə xanımın təbliğ etdiyi mənəvi çevrənin, evdə qurduğu söz intizamının bəhrəsidir.
Aidə İmanquliyevanın taleyi elm haqqında yazılmış bir dua kimidir. Səhifələrində səbr, cümlələrində mərhəmət, sitatlarında insan qəlbinin üfüqləri görünür. O, auditoriyaya daxil olanda dərs başlanmırdı düşüncə başlayırdı; kitab açılmırdı könül pəncərəsi açılırdı. İndi hər payızın bu günündə xatirəsinə qərq olanda sanki bir səs pıçıldayır: “Sözün haqqı var, haqqın sözü var; alim ömrünün işığı söndürülməz.”
Bu anım, əslində, bir çağırışdır: kitab rəflərindəki səhifələrdə ruhumuzun mayası yaşayır. Aidə xanımın irsi gənc tədqiqatçıların yol xəritəsidir, müəllimlərin dərs planında vicdan ölçüsüdür, qız övladlarına nümunə olan zərif iradədir. O iradə ailəsində də davam edir: övladlarının ölkəmizin elmi mühitində və beynəlxalq elm platformalarında qurduğu mədəniyyət körpüləri Ana Sözün ocağında alışan alovdan pay alır.Elm insanın içindəki sükutu işığa çevirən sənətdir; Bu işığın davamı Arif müəllimin ziyalı ömür yolunda, Mehriban xanımın xeyirxahlıq və dövlətçilik yolunda açdığı üfüqlərdə, Nərgiz xanımın universitet qapılarında qurduğu körpülərdə yaşayır.Aidə İmanquliyevanın adına yazılan hər cümlə həm də Vətənin öz övladına söylədiyi minnətdarlıqdır.
Ruhuna dərin ehtiramla…

Aygül Bağırova

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Для читателей Baki-baku.az я собрала подборку альтернативных приложений

Ən son

HƏR ŞEYDƏN

Payız gələndə bir çox bağ sahibləri ənənəvi olaraq tökülmüş yarpaqları və qurumuş otları yandırırlar.

HƏR ŞEYDƏN

Payız gələndə bir çox bağ sahibləri ənənəvi olaraq tökülmüş yarpaqları və qurumuş otları yandırırlar.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin