Nəşr edilmişdir 01/28/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Adı ad olanlar – Əhməd Rəcəbli

Əhməd Rəcəbli… Bu ad daha çox Bakı küçələrindən birinin adı kimi qulağımıza tanışdır. Güman ki, o küçədən addımlayan çoxunun ağlından keçib bu sual – kimdir Əhməd Rəcəbli? Çətin, amma maraqlı həyatı olan, tarixdə iz qoyan böyük Azərbaycanlı.

Maqadana sürgün olunur, orada yeni pomidor sortları yetişdirir, “Babək” romanını yazır, “Fədai” şaftalı sortunu yaradır…

Yüz nəfərdən biri olmaq

“Əhməd Cabbar oğlu Rəcəbli! Sizi Maarif Nazirliyi adından xaricdə təhsil almaq fürsəti münasibətilə təbrik edirik. Təhsil xərcləri hökumət tərəfindən qarşılanacaq. Sizə yol xərcləri üçün 5 min manat, ümumi xərclər üçün 36 min manat ödəniş təyin edilib. Hörmətlə, Tələbələrin Xaricə Göndərilməsinin Təşkili Komissiyasının sədri Teymur Aslanov”.

O, Azərbaycan Xalq Cümhuriyyətinin xaricdə təhsil üçün seçdiyi yüz nəfərdən biri idi. Buna qədər isə o, 1916-ci ildə İrəvan şəhərindəki Klassik Rus Gimnaziyasını gümüş medalla bitirib, Moskva Dövlət Universitetinin tibb fakultəsinə daxil olmuşdu. 1919-cu ildə isə təhsilini İtaliyada davam etdirməyə göndərilir, dörd il Peruca şəhərində Ali Kral Eksperimental Aqrar institutunda təhsil alır.

1923-ci ildə Bakıya qayıdıb, torpaq komissarlığında işləmək təklifi alır. Ancaq Əhməd Rəcəbli xahiş edir ki, onu Zaqatalaya göndərsinlər, oranın  təbiəti, torpağı seleksiya ilə məşğul olmaq üçün olduqca əlverişlidir. Dosent, kafedra müdiri, Respublika Torpaq Komissarlığında dövlət müşaviri, professor adı alır.

Seleksiyaçılıqdan yazıçılığa

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra “təmizləmə” əməliyyatı yüzlərlə bacarıqlı, istedadlı, milli ruhlu kadrlardan yan keçmədi. Vətən xaini damğası ilə Sibirin, Orta Asiyanın gedər-gəlməz yollarına salınanlardan biri də Əhməd Rəcəbli olur. Səbəb, onun İtaliyada təhsil aldığı illərdə əksinqilabçı ruhu ilə seçilməsi idi. Beləliklə, seleksiyaçı alim Maqadan şəhərinə sürgünə göndərilir. Üç il Kolımada, beş il Maqadanda SSRİ Xalq Daxili İşlər Komissarlığının  yardımçı təsərrüfatında aqronom işləyir. Burada da peşəsinə sadiq qalan professor yeni pomidor sortları yetişdirir. Qürbətdə “Babək” tarixi romanını yazır. Hansısa bir mənbədən, ədəbi qaynaqlardan istifadə etmək imkanından məhrum olmaqla tarixi roman yazmaq bioloq alimin nə qədər geniş məlumatlı olduğundan xəbər verir. Qeyd edək ki, Əhməd Rəcəbli rus, alman, fransız, ispan, italyan, fars və yunan dillərini bilirdi. Sonralar “Babək” romanı “Azərbaycan” jurnalında nəşr edilir.

İrəvanda başlayıb Moskvada bitən ömür

1945-ci ildə cəzasını çəkib qurtaran Əhməd Rəcəbli Bakıya qayıdır, Azərbaycanda meyvəçiliyin inkişafı sahəsində aktual mövzular üzərində işləyir. Şirvan, Naxçıvan, Quba, Xaçmaz, Qarabağ bölgələrində yeni meyvə sortları tətbiq edir, konserv sənayesi üçün meyvələr hazırlayır, ”Azərbaycanda meyvə bitkilərinin sortları” adlı monoqrafiyasını yazır, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə dərslik tərtib edir. Lakin 1950-ci ildə yenidən həbs edilir və bu dəfə Qazaxıstana – Cambul şəhərinə göndərilir, dörd ildən sonra yenidən doğma Vətənə qayıdır, yenidən çoxillik bitkilər institunda ömrünün sonunadək çalışır.

1898-ci il sentyabrın 28-də İrəvan şəhərində anadan olan Əhməd Rəcəbli 1963-cü ildə Moskvada vəfat edir, Bakıda dəfn edilir. Özündən sonra yaratdıqları və adı qalır. Necə deyərlər, adı ad olur. O ad ki indi paytaxt Bakının küçələrindən birində əbədiləşdirilib.

Naibə Qurbanova

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması davam etdiriləcək.

Ən son

GÜNDƏM

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 1 və 2 fevralda Bakı-Ağstafa-Bakı

TARİX

Bakı və Bakının Qala divarları içərisində sanki bir mirvari kimi qorunan döyünən ürəyi İçərişəhər. Əslərin

GÜNDƏM

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb. Baki-baku.az xəbər verir ki, seçki məntəqələri bu