Ürək insan orqanizminin fasiləsiz çalışan ən mühüm orqanıdır. O, gün ərzində minlərlə dəfə döyünür, qanı bütün bədənə çatdırır.
Baki-baku.az bidlririr ki, çox vaxt ürəyimizin sağlamlığına yalnız narahatlıq, ağrı və ya təngnəfəslik hiss etdikdə diqqət yetiririk. Halbuki ürək-damar xəstəliklərinin qarşısını almağın ən vacib yollarından biri vaxtında müayinədən keçməkdir.
Bəs ürəyimizi nə qədər tez-tez yoxlatdırmalı, hansı müayinələrdən keçməliyik?
Mütəxəssislər bildirirlər ki, ürəyin müayinə tezliyi insanın yaşından, ümumi sağlamlıq vəziyyətindən, həyat tərzindən və irsi meyilliliyindən asılıdır. Heç bir şikayəti və ürək-damar xəstəliklərinə irsi meyilliliyi olmayan sağlam insanlarda profilaktik müayinə zamanı elektrokardioqramma (EKQ) aparıla bilər. 35 yaşdan etibarən isə mütəmadi, o cümlədən illik profilaktik müayinələrə diqqət yetirmək tövsiyə olunur.
Ürək sağlamlığını yoxlamaq üçün hansı müayinələr aparılır?
Ürəyin vəziyyətini qiymətləndirmək üçün bir neçə əsas müayinə üsulundan istifadə edilir:
Elektrokardioqramma (EKQ) – ürəyin elektrik fəaliyyətini, ritmini və döyüntülərindəki mümkün pozuntuları müəyyən etməyə kömək edir.
Exokardioqrafiya (ürəyin ultrasəs müayinəsi) – ürəyin quruluşunu, qapaqlarını və qanı necə pompaladığını qiymətləndirir. Adətən tibbi göstəriş olduqda aparılır.
Qanda xolesterin analizi – ürək-damar xəstəlikləri riskinin qiymətləndirilməsində mühüm rol oynayır.
Arterial təzyiqin ölçülməsi – yüksək təzyiqin vaxtında aşkarlanmasına və nəzarətdə saxlanılmasına imkan verir.
Ürəyin ultrasəs müayinəsi hər kəs üçün mütləq deyil. Ürəkdə küy, EKQ-də dəyişikliklər, qapaq problemlərinə şübhə, yüksək təzyiq, ürək çatışmazlığı əlamətləri və ya keçirilmiş infarkt olduqda həkim bu müayinəni təyin edə bilər.
Hansı əlamətlərə diqqət yetirməliyik?
Sinə nahiyəsində ağrı və sıxılma, təngnəfəslik, ürəkdöyünmə, başgicəllənmə, tez yorulma və səbəbsiz halsızlıq ürək-damar sistemi ilə bağlı problemlərin əlaməti ola bilər. Bu şikayətlər təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Xüsusilə sinədə qəfil və güclü ağrı, soyuq tər, nəfəs darlığı və huşun itməsi təcili tibbi yardım tələb edir.
Ürək xəstəliyi artıq aşkarlanmış şəxslərdə müayinələrin tezliyi fərdi müəyyənləşdirilir. Bu qrafik xəstəliyin növündən, gedişindən və müalicənin nəticələrindən asılıdır.
Ürəyin sağlam qalması üçün nə etməliyik?
Düzgün qidalanma, gündəlik fiziki aktivlik, normal yuxu, siqaretdən uzaq durmaq, arterial təzyiqə və xolesterin səviyyəsinə nəzarət ürək sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.
Unutmayaq ki, ürək xəstəlikləri həmişə özünü əvvəlcədən hiss etdirmir. Bəzən insan özünü tamamilə sağlam hesab etdiyi halda orqanizmdə ciddi dəyişikliklər baş verə bilər. Buna görə də ürəyimizə yalnız ağrıdıqda deyil, hər gün diqqət yetirməliyik.