Bu gün küçələrdə siren səsi eşidiləndə hər kəs bilir ki, təcili tibbi yardım maşını harasa tələsir. Bəs avtomobillərin, telefonların, dispetçer mərkəzlərinin olmadığı dövrdə Bakıda qəfil xəstələnən və ya ağır xəsarət alan insanlara necə kömək edirdilər? Həkim çağırmaq üçün kimə müraciət olunur, tibbi yardım xəstənin ünvanına necə çatdırılırdı?
Bakının tibbi yardım tarixinin maraqlı səhifələrindən biri məhz həmin dövrə – at arabalarının küçələrdə hərəkət etdiyi, neft buruqlarında fəhlələrin ağır şəraitdə çalışdığı XIX əsrin sonu və XX əsrin əvvəllərinə gedib çıxır.

Neft buruqlarında başlayan tibbi yardım
XIX əsrin sonlarında Bakı sürətlə böyüyən sənaye şəhəri idi. Neft mədənlərində yüzlərlə insan çalışır, ağır əmək şəraiti, yanğınlar, istehsalat qəzaları və müxtəlif xəsarətlər tibbi yardıma ciddi ehtiyac yaradırdı.
Həmin dövrdə Nobel qardaşlarına məxsus neft müəssisələrində fəhlələrə tibbi xidmət göstərilməsi üçün xüsusi imkanlar yaradılmışdı. 1887-ci ildən Balaxanı mədənlərində Nobel qardaşları şirkətinin fəhlə və qulluqçularına tibbi xidmət göstərən həkim çalışırdı. 1888-ci il dekabrın 27-də isə şəxsi təşəbbüslər əsasında mədənlərdə 10 çarpayılıq müalicəxana açılmışdı.
Təcili yardımın ilk formaları da məhz belə sənaye müəssisələrində meydana çıxmışdı. Hadisə baş verən zaman xəsarət alan fəhləyə ilkin tibbi yardım göstərilir, onun vəziyyətinə uyğun olaraq müalicə müəssisəsinə çatdırılması təşkil olunurdu.
O vaxtlar bu işdə at arabalarından və karetalardan istifadə edilirdi. Yəni bugünkü təcili yardım avtomobillərinin yerini at qoşulmuş nəqliyyat vasitələri tuturdu.
1901-ci ildə Bakıda evə çağırılan həkimlər vardı
Bakıda tibbi xidmətin təşkili ilə bağlı maraqlı faktlardan biri də 1901-ci ilə aiddir.
Həmin il şəhərin səhiyyə sistemində yenilik edilərək evə çağırışlar üçün iki xüsusi həkim ştatı yaradılmışdı. Bu vəzifələrdən birinə görkəmli həkim Məmmədrza ağa Vəkilov təyin edilmişdi. O, 1901-ci il dekabrın 1-dən fəaliyyətə başlamışdı.
Bu həkimlərin əsas vəzifəsi aztəminatlı əhaliyə pulsuz tibbi yardım göstərmək idi. Onlar xəstələri həm ambulator şəraitdə, həm də evlərində müayinə etməli, günün istənilən vaxtında müraciətlərə cavab verməli idilər.
Bu, müasir təcili yardım sisteminin tam analoqu olmasa da, Bakıda evə həkim çağırışı xidmətinin təşkilinin mühüm mərhələlərindən biri idi.

At arabaları hansı ərazilərə gedirdi?
XX əsrin əvvəllərində tibbi yardım şəhərin müxtəlif sənaye və yaşayış ərazilərində təşkil edilirdi. Qara şəhər, Ramana və Bibiheybət bu ərazilər sırasında idi.
Sabunçuda isə bir həkim və iki mamaçanın çalışdığı tibbi yardım xidməti fəaliyyət göstərirdi. Təcili tibbi yardımın göstərilməsi bəzi hallarda paytaxt xəstəxanalarının nəzdindəki şöbələr vasitəsilə həyata keçirilirdi.
Təsəvvür edin: telefonla bir nömrəyə zəng edib ünvan bildirmək, bir neçə dəqiqəyə tibbi briqadanın qapını döyməsi hələ gündəlik həyatın bir hissəsi deyildi. Həkimin çağırış yerinə çatması üçün nəqliyyat tapılmalı, bəzən uzun məsafə qət edilməli idi. Şəhərin sürətlə böyüməsi və əhalinin artması isə bu xidmətin daha mütəşəkkil qurulmasını zəruri edirdi.

1922-ci il – təcili yardım xidmətinin tarixində mühüm mərhələ
Azərbaycanın təcili tibbi yardım xidmətinin yaranma tarixi ilə bağlı mənbələrdə iki fərqli tarixə rast gəlinir.
Mənbələrdən birində xidmətin 1918-ci ildə Səhiyyə Nazirliyinin qərarı ilə təşkil edildiyi bildirilir. Həmin il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Səhiyyə Nazirliyi yaradılmışdı. Yeni qurumun əsas məqsədi ölkədə tibbi xidmətin mərkəzləşdirilmiş əsasda qurulması, xəstəxana və ambulatoriya şəbəkəsinin genişləndirilməsi, eləcə də əhaliyə operativ yardım göstərilməsi idi. Cümhuriyyət dövründə formalaşan bu səhiyyə strukturu sonrakı illərdə tibbi yardım sisteminin təşkilatlanması üçün hüquqi və təşkilati zəmin yaratdı.
Digər mənbədə isə Azərbaycanda ilk təcili tibbi yardım xidmətinin əsasının 1922-ci ildə qoyulduğunu qeyd edilir. Səhiyyə Nazirliyi sonrakı mərhələlərdə də təcili və təxirəsalınmaz tibbi yardımın maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrların hazırlanması və xidmətin paytaxtdan bölgələrə doğru genişləndirilməsində aparıcı rol oynayıb.
Ona görə də 1918-ci ili səhiyyə idarəçiliyinin təşkili ilə bağlı mərhələ, 1922-ci ili isə rəsmi mənbələrdə göstərilən təcili yardım xidmətinin formalaşma tarixi kimi qeyd etmək daha düzgündür, bəlkə də. Bu iki tarix bir-birindən fərqlidir.
Beləcə, bir zamanlar neft mədənlərində at arabaları ilə fəhlələrin köməyinə yetişən tibbi yardım xidməti illər ərzində dəyişərək müasir təcili tibbi yardım sisteminə çevrildi.

Bu günün təcili tibbi yardımı
Bu gün isə Bakıda təcili tibbi yardımın imkanları daha da genişlənib. Şəhərin sıx nəqliyyatında vaxt itkisinin qarşısını almaq, hadisə yerinə daha tez çatmaq üçün motosikletlə hərəkət edən tibbi yardım əməkdaşlarından da istifadə olunur. Xüsusilə tıxacların sıx olduğu küçələrdə motosikletli tibbi heyət hadisə yerinə daha çevik çataraq ilkin tibbi yardım göstərə bilir. Bir vaxtlar həkimin at arabası ilə yola çıxdığı Bakıda bu gün tibbi yardım motosikletlərlə də insanlara yetişir. Zaman dəyişib, nəqliyyat vasitələri yenilənib, amma dəyişməyən bir həqiqət var: insan həyatını xilas etmək üçün hər dəqiqə qiymətlidir.
Xanım Aydın