Xankəndi şəhərində futbol həyəcanı yaşanacaq. Əsaslı yenidənqurmadan sonra qapılarını açan şəhər stadionu bu gün ilk rəsmi futbol matçına ev sahibliyi edəcək.
Baki-baku.az xəbər verir ki, Azərbaycan I Liqasının VIII turu çərçivəsində “Xankəndi” klubu doğma meydanda “Karvan-Yevlax” komandası ilə qarşılaşacaq.
Noyabrın 19-da saat 16:00-da başlayacaq görüş Xankəndi şəhər stadionunda keçiriləcək ilk futbol oyunu kimi tarixə düşəcək. Qarşılaşma ərəfəsində azarkeşlər üçün konsert proqramı da təşkil olunacaq.
Qeyd edək ki, yenidən qurulan Xankəndi şəhər stadionu noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Beləliklə, Xankəndidə futbol meydançası yenidən böyük idman hadisəsinə şahidlik edəcək. Bu qarşılaşma yalnız çempionat təqviminin növbəti oyunu deyil, şəhərin idman həyatında yeni mərhələnin başlanğıcıdır.
Azərbaycan I Liqası
VIII tur | 19 noyabr
16:00 — “Xankəndi” – “Karvan-Yevlax”