Hamı harasa tələsir. Səhər gözünü açan kimi saata baxır, gün ərzində dəqiqələri hesablayır, bir görüşdən digərinə qaçır, çatdırmalı olduğu işlərin siyahısını beynində sıralayır. Həyat sanki böyük bir yarış meydanına çevrilib. Amma qəribədir, bu qədər tələsdiyimiz halda, bəzən öz həyatımıza gecikirik…
İnsan nə vaxtdan belə tələsməyə başladı? Nə vaxt səhər yeməyini sakitcə yemək, pəncərədən küçəyə baxmaq, bir fincan çayın yanında düşüncələrə dalmaq vaxt itkisi hesab olundu? Nə vaxt bir dostun zənginə cavab vermək, doğmaların halını soruşmaq, heç bir məqsəd güdmədən gəzmək gündəlik planlarımızın sonuna düşdü?
Texnologiya bizə vaxt qazandırdı, amma nədənsə zamanımız daha da azaldı. Hər şey sürətləndi: xəbərlər, ünsiyyət, iş, səfərlər, hətta münasibətlər. Bir xəbəri oxumağa səbrimiz çatmır, uzun söhbətlərdən yoruluruq, cavabı gecikən mesaja görə narahat oluruq. Sanki həyatın hər dəqiqəsi faydalı bir işə sərf edilməlidir.
Bu sürətin içində isə bəzən ən vacib şeyləri unuduruq. Uşağımızın böyüdüyünü, valideynlərimizin yaşlandığını, dostlarımızın bizə ehtiyacı olduğunu, özümüzün isə nə vaxtdan bəri ürəyimizcə yaşamadığımızı hiss etmirik. Sabah edərəm dediyimiz söhbətlər, sonraya saxladığımız görüşlər, bir gün mütləq gedəcəyimiz yerlər yavaş-yavaş təxirə düşür. Halbuki zaman heç kimin planına uyğun hərəkət etmir.
Bəlkə də ən böyük gecikməmiz elə budur: başqalarına, işlərə, öhdəliklərə çatmağa çalışarkən özümüzə gecikmək. Nə istədiyimizi, nədən sevindiyimizi, nə vaxt yorulduğumuzu unutmaq. Başqalarının uğuruna baxıb öz yolumuzu sürətləndirmək, amma bu yolda nələri itirdiyimizi görməmək.
Sosial şəbəkələr də bu tələskənliyi artırır. Kimsə səyahətdədir, kimsə yeni ev alıb, biri uğur qazanıb, digəri həyatının ən xoşbəxt anlarını paylaşır. Biz isə öz həyatımızı başqalarının nümayiş etdirdiyi anlarla müqayisə edirik. Elə bil hamı nəyəsə çatıb, bircə biz geridə qalmışıq. Halbuki hər kəsin öz zamanı, öz yolu, öz görünməyən mübarizəsi var.
Bəlkə də dayanmaq lazımdır. Bir az yavaşlamaq, tələsmədən danışmaq, doğmalarımızı dinləmək, sevdiyimiz bir mənzərəyə baxmaq, özümüzlə baş-başa qalmaq… Çünki həyat yalnız çatmalı olduğumuz ünvanlardan ibarət deyil. Bəzən yolun özü, yolda gördüyümüz bir ağac, eşitdiyimiz bir musiqi, təsadüfən rastlaşdığımız bir insan da həyatın ən qiymətli anına çevrilə bilər.
Axı biz hara belə tələsirik? Daha çox qazanmağa, daha tez uğur əldə etməyə, hamıdan irəlidə olmağa? Bəs bu yarışın finiş xəttində bizi nə gözləyir?
Bəlkə də gecikdiyimiz heç bir ünvan yoxdur. Sadəcə, yaşamağı sonraya saxlayırıq. Unuduruq ki, həyat gözləmə otağı deyil. O, elə indi, bu dəqiqə baş verir. Və bəzən ən böyük uğur hamıdan qabağa düşmək yox, öz həyatına vaxtında çatmaqdır…
Xanım Aydın