Beyin tanıdığı insanın əslində həmin şəxs olmadığına necə inana bilər?
Təsəvvür edin: bir insan illərdir eyni evdə yaşadığı anasına baxır. Onun üzünü, gözlərini, səsini, danışıq tərzini tanıyır. Hər cizgisi, hər hərəkəti ona tanışdır. Amma qəfildən belə bir qənaətə gəlir: bu, mənim anam deyil! O, sadəcə anamın surətinə bənzəyən başqa bir insandır. Həqiqi anam haradasa yoxa çıxıb, onun yerini isə naməlum biri tutub…
İlk baxışdan fantastik filmin süjetini xatırladan bu hadisə əslində tibbdə qeydə alınmış nadir psixoloji-nevroloji vəziyyətlərdən biridir. Kapqras sindromu adlanan bu hal zamanı insan özünə ən yaxın, ən doğma adamların saxtakarlarla əvəz olunduğuna inanır. Qarşısındakı insanın zahiri görünüşündə heç bir fərq görməsə də, onun həmin şəxs olduğuna daxilən əmin ola bilmir.
Bəzən bu inam o qədər güclü olur ki, insan doğmalarından qorxmağa, onlardan uzaqlaşmağa, hətta özünü müdafiə etməyə çalışır.
Bir qadının qəribə iddiası və sindromun tarixçəsi
Kapqras sindromu adını fransız psixiatrı Jan-Mari Jozef Kapqrasdan (Jean-Marie Joseph Capgras) alıb. O, 1923-cü ildə həmkarı Jan Reboul-Laşo ilə birlikdə elmi ədəbiyyatda bu qeyri-adi vəziyyəti təsvir edib.
Həkimlərin diqqətini çəkən hadisənin qəhrəmanı Parisdə yaşayan bir qadın idi. O, həyat yoldaşının, uşaqlarının və digər yaxınlarının həqiqi insanlar olmadığını, onların yerini zahirən eyni görünən başqa şəxslərin tutduğunu iddia edirdi. Qadının fikrincə, bu saxta insanlar doğmalarının görünüşünü mənimsəmişdilər.
Onun inamı adi şübhə və ya müvəqqəti çaşqınlıq deyildi. Qadın ətrafındakı insanları öz doğmaları kimi qəbul etmir, onların əsl şəxslər olmadığını israrla bildirirdi.
Kapqras bu vəziyyəti fransız dilində “l’illusion des sosies” – “oxşarların illüziyası” adlandırmışdı. Sonralar bu fenomen onun adı ilə Kapqras sindromu kimi tanındı.
Maraqlıdır ki, sindromun elmi təsvirindən artıq bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, onun bütün mexanizmləri hələ də tam aydınlaşdırılmayıb.
Beyin insanı tanıyır, amma niyə ona inanmır?
Kapqras sindromunun ən maraqlı tərəfi insanın tanıma qabiliyyətinin tamamilə itirilməməsidir. O, qarşısındakı şəxsin üzünü görə, zahiri oxşarlığı müəyyən edə bilir. Lakin həmin insanla bağlı tanışlıq və emosional yaxınlıq hissi əvvəlki kimi yaranmır.
Beyin insanı sanki iki ayrı mərhələdə qəbul edir: bir tərəfdən onun üzünü tanıyır, digər tərəfdən isə həmin tanış simaya uyğun emosional reaksiyanı yarada bilmir.
Tədqiqatçılar bu vəziyyətin mümkün izahlarından birini beynin üzləri tanımaqda iştirak edən gicgah payı ilə emosional reaksiyaların formalaşmasında mühüm rol oynayan amiqdala arasındakı əlaqənin pozulmasında görürlər.
Başqa sözlə, insan qarşısındakı simanın kimə bənzədiyini anlasa da, həmin simanın doğmalıq hissini oyatması ilə bağlı mexanizmdə problem yarana bilər.
Lakin bu, sindromun bütün halları üçün sübut edilmiş yeganə səbəb deyil. Müasir yanaşmalar burada beynin bir neçə sahəsinin, yaddaşın, emosional emalın və reallığı qiymətləndirmə qabiliyyətinin qarşılıqlı fəaliyyətinin pozulmasını da nəzərə alır.
Kapqras sindromu hansı xəstəliklərlə əlaqəli ola bilər?
Bu sindrom müstəqil bir fobiya deyil. O, müxtəlif psixiatrik və nevroloji xəstəliklərin fonunda meydana çıxa bilən sayıqlama xarakterli tanıma pozuntusudur.
Kapqras sindromu aşağıdakı vəziyyətlərlə əlaqəli müşahidə oluna bilər:
- Şizofreniya və digər psixotik pozuntular;
- Altsheymer xəstəliyi;
- Levi cisimcikli demensiya;
- Parkinson xəstəliyinin bəzi mərhələləri;
- Epilepsiya;
- Beyin travmaları;
- Beyin damar xəstəlikləri və insultla əlaqəli bəzi vəziyyətlər.
Xüsusilə demensiya zamanı bu sindroma rast gəlmək mümkündür. İnsan yaddaş, qavrayış və reallığı qiymətləndirmə ilə bağlı çətinliklər yaşadıqca yaxınlarını yanlış tanımağa və onların saxta olduğuna inanmağa başlaya bilər.
2026-cı ildə “Brain” elmi jurnalında dərc olunan geniş Mayo Clinic araşdırması da bu məsələyə diqqət çəkib. Tədqiqatçılar 1995–2022-ci illər arasında Kapqras sindromu diaqnozu qoyulmuş 204 pasiyentin məlumatlarını araşdırıblar. Nəticələrdə halların 69 faizinin neyrodegenerativ xəstəliklərlə, 58 faizinin isə Levi cisimcikli demensiya ilə əlaqəli olduğu göstərilib.
Bu rəqəmlər sindromun ümumi əhali arasında yayılmasını deyil, araşdırmaya daxil edilmiş pasiyentlərin diaqnoz bölgüsünü əks etdirir.
Tədqiqat bir daha göstərir ki, Kapqras sindromu yalnız psixiatriyanın deyil, nevrologiyanın da diqqət mərkəzində olmalıdır.
Ən ağır tərəfi: doğma insanın yad adama çevrilməsi
Kapqras sindromu yalnız onu yaşayan insan üçün deyil, ailə üzvləri üçün də ağır sınaqdır.
Təsəvvür edin, ömrünün böyük hissəsini birlikdə keçirdiyiniz həyat yoldaşınız bir gün sizi saxtakar hesab etməyə başlayır. Sizinlə eyni evdə yaşamaqdan qorxur, yaxınlaşmağınızı istəmir, bəzən səsinizi belə eşitmək istəmir.
Bu zaman ailə üzvləri nə edəcəklərini bilmirlər. Kimisi dəfələrlə özünün həqiqətən həmin insan olduğunu sübut etməyə çalışır, kimisi köhnə fotoşəkilləri göstərir, kimisi birlikdə yaşadıqları xatirələri yada salır. Ancaq xəstənin inancı o qədər möhkəm ola bilər ki, heç bir sübut onu fikrindən daşındırmır.
Bəzi hallarda bu vəziyyət qorxu, həyəcan, aqressiv davranış və yaxınlardan qaçmaqla müşayiət olunur. Xüsusilə xəstənin əsas qayğı göstərən şəxsi saxtakar hesab etməsi ailədə gərginliyi daha da artıra bilər.
Mütəxəssislər belə hallarda xəstə ilə mübahisə etməməyi, onun inancını zorla dəyişdirməyə çalışmamağı tövsiyə edirlər. Sakit ünsiyyət, empatiya və təhlükəsiz mühitin yaradılması vacibdir. Məsələn, yaxın adamın otağa daxil olmamışdan əvvəl səsini eşitdirməsi bəzi hallarda xəstənin narahatlığını azalda bilər.
Müalicəsi mümkündürmü?
Kapqras sindromunun müalicəsi ilk növbədə onun hansı səbəbdən yarandığının müəyyənləşdirilməsindən asılıdır. Həkimlər xəstənin psixi vəziyyətini, yaddaş və qavrayış funksiyalarını, nevroloji göstəricilərini araşdırır, zəruri hallarda kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası kimi müayinələrdən istifadə edirlər.
Müalicə zamanı əsas xəstəliyin nəzarətə alınması mühüm əhəmiyyət daşıyır. Klinik vəziyyətdən asılı olaraq həkimlər antipsixotik preparatlar, digər uyğun dərman vasitələri və psixoloji dəstək təyin edə bilərlər.
Bütün xəstələr üçün eyni müalicə üsulu mövcud deyil. Nəticə sindromun yaranma səbəbindən, yanaşı xəstəliklərdən və insanın ümumi sağlamlıq vəziyyətindən asılıdır.
İnsan beyni bəzən ən doğma simanı belə yadlaşdıra bilər…
Kapqras sindromu bizə insan beyninin nə qədər mürəkkəb və müəmmalı bir sistem olduğunu xatırladır. Axı bir insanı doğma edən təkcə onun üzü, səsi və zahiri görünüşü deyil. Həmin simaya bağlanan xatirələr, duyğular, güvən və emosional yaxınlıq da insanın kimisə tanımasında mühüm rol oynayır.
Bəzən bu mürəkkəb əlaqələrdən birinin pozulması insanın ən doğma adamına belə yad gözlə baxmasına səbəb ola bilər.
Və bəlkə də Kapqras sindromunun ən düşündürücü tərəfi budur: insan qarşındakı simanı görə, tanıya, hətta onun bütün cizgilərini xatırlaya bilər, amma həmin simanın arxasında dayanan doğmalıq hissini tapa bilməz.
Xanım Aydın