Hafiz Şirazi : “Dünyada sənin astanandan başqa bir pənahım yoxdur”
Viktoriya və Albert muzeyinin qaranlıq, zülmətə qərq olunan bir zalında 10,5 metr uzunluğunda olan bir xalı var: insanı heyran edən bir xalı. Qərbli Viktoriya ilə şərqli Albertin şərəfinə ucaldılan, bu gün sivilizasiyaların, mədəniyyətlərin məskəninə, yaddaş yerinə çevrilən muzeydə dünyanın heyrətamiz gözəlliklərindən hecab olunan bu xalçanın üzərinə tez-tez yanıb-sönən işıqlar salınır. Onun zərafətini qorumaq üçün. Şərqin min incisindən biri sayılan bu xalçanın mənsub olduğu millət, məmləkət kimi qəribə, eyni zamanda ehtişam və əzəmət dolu bir tarixçəsi var.

Peterburqdan, bəyaz şəhərdən Vətənə niskillə boylanır
Əldə olunan məlumatlardan bəlli olur ki, yer üzündə tarixi bütov halda, açıq şəkildə yazılan, ilk Azərbaycan xalısı olan bu sənət əsərini muzeyin ziyarətinə gələnlərə əzəmətli şəkildə göstərmək üçün digər bir xalçanı kəsiblər. Kəsilən ikinci xalça isə hal-hazırda Amerikada, Los Angelesdə qorunur. Haşiyəsi olmayan bu xalçanın digər bir hissəsi yoxdur, o Peterburqdan, bəyaz şəhərdən Vətənə niskillə boylanır. Əslində bu iki xalça eyni vaxtda toxunub. 400 il sonra isə onları bir-birindən ayrı salıblar.

Londona gəlişi alıb-satan, aldadan tacirlərin, şirkət sahiblərinin adı ilə bağlı olur
Çar Rusiyası Qafqazı işğal etdikdən, Azərbaycanı bütünlüklə iradəsi altına aldıqdan, onu öz tarixi torpaqları ilə həmsərhəd olmağa məcbur etdikdən, sinəsinə “Gülüstan”, “Türkmənçay” dağları çəkdiyi dövrdə sonra Nadir şah Əfşarın Hindistanın fəthindən sonra Əfşarlar sarayına gətirdiyi, əxlaq məsələsinə görə Qacar şahzadəsi tərəfindən tikə-tikə doğratdırılan şair-mütərcim Qriboyedovun qanpulu, təzminat parası olaraq Çar Rusiyasına göndərilən 300 karatlıq brilyantla, Şeyx Səfi kitabxanasına məxsus on minlərlə kitab, əlyazması, təzkirə və cünglərlə birlikdə məşhur Şeyx Səfi – Ərdəbil xalçasının da yarısı Peterburqa sürgün edilir. Onun digər hissəsinin Londona gəlişi isə enişli-yoxuşlu yolların, alıb-satan, aldadan tacirlərin, şirkət sahiblərinin adı ilə bağlı olur.

Şah I Təhmasibin fərmanı ilə ilmə-ilmə, naxış-naxış toxunan sənət əsəri
İlmə-ilmə, naxış-naxış toxunan, gələcəyə sevgi məktubu kimi ünvanlanan bu xalçalar Çaldıran döyüşündəki kədərin üstündən Zəfər bayrağını ucaldan, atası Şah İsmayıl Səfəvinin döyüş meydanında ikiyə böldüyü Malkoçoğlunun əzabını Sultan Süleymana İbrahim Paşanın simasında yaşadan, tarixdə həm də mədəniyyətin himayədarı kimi qalan Şah I Təhmasibin fərmanı ilə toxunub.
Əldə olunan digər məlumatdan bəlli olur ki, 1539-cu ildə sarayın toxuculuq bölümündə iki eyni xalı toxunulur. Hanalar qurulur, ipək əsas – ipliklər üzərinə ilmələr vurulur. Xalçanın bir ucuna isə şərqin mütəfəkkir şairlərindən biri Hafiz Şirazinin bu misrası həkk olunur: “Dünyada sənin astanandan başqa bir pənahım yoxdur!”. Bu məşhur misranın kənarına isə ustanın adı həkk olunur: “Astananın qulu Kaşanlı Mahmudun işi. Hicri 946-cı il”

Tarixi irsə, müqəddəslərin ruhuna ehtiramın əlaməti
Bənzərsiz gözəlliyi ilə dünyanı heyran edən bu böyük xalıdan boylanan 26 milyon ilmə və naxış onun ustasının daha doğrusu ustadının mənəvi əzəmətini, qüdrətini bu gün dünyaya nümayiş etdirir. Şah Təhmasibin fərmanıyla Şeyx Səfi türbəsi üçün 4 ilə toxunan, Ərdəbilin incisinə çevrilən Şeyx Səfi xalısı elə o gündən sevginin, məhəbbətin, tarixi irsə, müqəddəslərin ruhuna ehtiramın əlamətinə çevrilib.
Uzun illər – 1843-cü ilə qədər Şeyx Səfi türbəsində qalan, həmin il Ərdəbilə gələn səyyahların diqqətini çəkən Şeyx Səfi məhz onların diqqəti sayəsində “gün üzünə çıxarılır”. “Bu xalının haradasa 300 yaşı var” nidası ilə adı çəkilən xalı barədə məlumatlar yayılmağa başlayır. 30 il sonra isə dəhşətli hadisə baş verir. Ərdəbildəki zəlzələ zamanı türbənin bir tərəfi dağıntıya məruz qalır. Baş verəm hadisədən sonra xalçalar satışa çıxarılır. Onların kim tərəfindən satışa çıxarıldığı, satıldığı, bunun müqabilində nə qədər pul alındığı bəlli olmasa da xalçaları kimin alması bəlli olur.

Eduard Stenbenq: “Ərdəbil məscidinin müqəddəs xalçası”
Əldə olunan digər bir məlumatdan bəlli olur ki, xalçaları Təbrizdə və Mançesterdə ticarətlə məşğul olan “Zigler” şirkəti alır. Onlar 2 köhnəlmiş və bir hissəsində deşik olan xalçaları satın alırlar. Şirkət bir xalçanı xilas etmək üçün digərini parçalayaraq bir neçə hissəyə ayırır. İkinci xalının haşiyəsi kəsilir. Bəzi hissələri çıxarılır, birinci xalını bərpa etmək üçün istifadə olunur. Nəticədə 1 bütöv və 1 yarımçıq xalı alınır.
Bütöv xalı 1892-ci ildə Londonda Vinson Robertsin şirkəti tərəfindən satışa çıxarılır. Şirkətin məsul şəxsi Edvard Stenbenq satışdan bir il sonra kitab çap edir. Kitabda bu məşhur xalçaya ad qoyur: “Ərdəbil məscidinin müqəddəs xalçası”
Biz bu gün ona Şeyx Səfi xalısı desək də dünya onu, Şah I Təsmahibin Səfəvilər İmperiyasının qurucusu olan babası Şeyx Səfinin ruhuna ithaf olunan inci – “Ərdəbil məscidinin müqəddəs xalçası” adında tanıyır, qəbul edir.

Uilyam Morris: “Gördüyüm ən gözəl Şərq xalısı”
Tarixi mənbələr onu da sübut edir ki, xalçanın orijinallığını yoxlamaq üçün Uilyam Morris adlı sənətşünas dəvət olunur. Viktoriya və Albert muzeyinin ekspertlərindən biri olan Uilyam Morris xalça haqqında belə yazır: “Gördüyüm ən gözəl Şərq xalısı”. Dostuna yazdığı məktubda isə Morris qeyd edir: “Tayı-bərabəri yoxdur”
Dövlət bu xalçanı almaq üçün şirkətə 1500 funt sterlinq ayırır. Uilyam Morris isə məbləğin 1750 funt sterlinqə qaldırılmasına nail olur. Geridə qalan hissəni isə özü və ianə sahibləri ödəyir. Nəticədə 1893-cü ildə muzey “Ərdəbil məscidinin müqəddəs xalçası”nı – Şeyx Səfini 2000 funt sterlinqə alır.

Pol Ketti “Ərdəbil məscidinin müqəddəs xalçası”nı bir müsəlmana satmaqdan imtina edir
Bir zamanlar yarımçıq qalan ikinci xalça isə Robenson tərəfindən satışa çıxarılır. Öncə o Amerika zənginlərinin evlərini bəzəyir. Daha sonra isə dövrün ən məşhur əntiq əşyalar toplayıcısı – antikvarı Lord Duvinin kolleksiyasına daxil olur. Duvin xalçanı əldə etdikdən sonra hər zaman ona müraciət edənlərə “Satılmır” deyə cavab verir.
Əldə olunan bir başqa məlumatdan bəlli olur ki, Pol Ketti adlı neft maqnatı gizli şəkildə xalçanı Lord Duvindən təxminən 70 min dollara əldə edir. 1938–ci ildə isə neft maqnatına Qahirədən təklif gəlir. Misir Kralı Farukun bacısı Fövziyyə sultan həmin dövrdə İranın vəliəhd şahzadəsi Məhəmməd Rza ilə nikah ərəfəsində idi. Misir kralı Şeyx-Səfi xalısını toy hədiyyəsi olaraq bacısına cehiz qoşmaq istəsə də, istəyi baş tutmur. 250 min dollar təklif etsə də Pol Ketti “Ərdəbil məscidinin müqəddəs xalçası”nı bir müsəlmana satmaqdan imtina edir.
Möcüzələr, qəribə hadisələr ünvanına, İpək Yolunun mələk donlu elçisinə, Səfəvilər İmperiyasının niskil və kədər yerinə çevrilən Şeyx-Səfi 1953-cü ildə Pol Ketti tərəfindən Viktoriya və Albert muzeyinə hədiyyə edilir. Buna baxmayaraq, Londondakı xalçanın surəti sürətlə dünyaya yayılır. Fabriklərin toxuyub satışa çıxardığı xalılar bir göz qırpımında malikanələri, sadayları, rəsmi qurumları, muzeyləri bəzəyir.
Həmin surətlərdən biri Almaniya – Berlində, Adolf Hitlerin rəsmi iş otağından – kabinetindən asılır. Digər biri isə Britaniyada Baş nazirin iqamətgahından – Douninq Strit 10 (10 Downing Street) ümvanından boy verir.
Digər bir məlumata istinad edərək onu da qeyd edə bilərik ki, “Ərdəbil məscidinin müqəddəs xalçası”nın – Şeyx Səfinin surəti bu gün də dünyaya yayılmaqda, 200 ABŞ dollarından 45 min ABŞ dollarına qədər qiymətə satılmaqdadır.

Kendrik: “Bu ölçüdə xalçanı türbədə saxlamağa yer yoxdur. Həyətdən başqa”
Bütün bunlara baxmayaraq, hələ də tarixçi alimlər, sənətşünaslar mübahisə etməkdədirlər: “Doğrudanmı, Şeyx Səfi xalçası Ərdəbil məscidi üçün toxunub?”. Çünki 1795-ci ildə türbədəki əşyaların siyahısı tərtib olunarkən bu məşhur iki xalı həmin siyahıda qeyd edilməyib. 1914-cü ildə Viktoriya və Albert muzeyinin əməkdaşı Kendrik bu barədə qeyd edib: “Bu ölçüdə xalçanı türbədə saxlamağa yer yoxdur. Həyətdən başqa. Xalçanın müəllifinin adını bilirik, toxunduğu ili bilirik amma xalçanın hansı şəhərdə toxunduğunu bilmirik. Bu Təbrizdirmi, Kaşandırmı, Ərdəbildirmi bilmirik!” Bu qənaətə gələn Kendrik unudur ki, sualın cavabı gün kimi aydındır, bəllidir: özü də müəllifin və xalçanın ünvanında – imzasında. Ərdəbildə toxunan xalça Şeyx Səfi türbəsinin astanası üçüm toxunmasaydı xalçanın küncünə, ünvan hissəsinə Kaşanlı Mahmud Hafiz Şirazinin bu misrasını həkk etməzdi “Dünyada sənin astanandan başqa bir pənahım yoxdur”

Ulu Öndər Şeyx-Səfi xalısını irsin, mirasın varisi kimi Ağ Saraya – Prezident iqamətgahına gətirdi
Səfəvilər İmperiyası Şeyx-Səfinin müqəddəs məkanından, məqamından cücərdi. Azərbaycan ruhunun simgəsi, bəlgəsi kimi Qılıncla Qələmin vəhdətində tarix yaratdı. Nurundan Əfşarlar, Qacarlar kimi imperiyalar doğuldu. Ötən əsrin əvvəlində Şərqdə “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə tarix yaradan liderlərin nidasını gerçəyə çevirən Ulu Öndər Heydər Əliyev Şeyx-Səfi xalısını irsin, mirasın varisi kimi Ağ Saraya – Prezident iqamətgahına gətirdi. Onu dünyanın maddi-mənəvi irsi siyahısına yazdırmaq isə Ulu Öndərin adına Heydər Əıiyev Fondu adında abidə ucaldan respublikanın Birinci vitse-prezidentinin, ölkənin birinci xanımının adına yazıldı. Onun ata babası yazıçı Mir Cəlal elə ötən əsrin 30-cu illərində Şeyx-Səfinin yaddaş yeri olan Yusif-Züleyxanın ünvanına “Yada satmaram!” demişdi…
Xalça bizim yaddaşımızdır: dünyaya gələn körpəmiz onun üzərində ayaq açır, dünyadan köçənlərimiz ona bükülür, əziz bildiklərimizin rəsmləri evlərin baş köşəsində onun üzərinə asılır…
Şərəf Cəlilli