Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur.
Baki-baku.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Hökumətdə hesab edirlər ki, sabit model vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini təşviq edir və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradır. Nəticədə, qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidi təşviq olunur və sahibkarlar üçün əməliyyat xərcləri azalır.
Hazırda sifarişlərin kuryerlər tərəfindən çatdırılması avtomobil, motosiklet, velosiped və skuter olmaqla müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq kimi vərdişləri demək olar ki, yoxdur və bir çox hallarda mövcud inzibati yük onları qeyri-rəsmi fəaliyyətə sövq edir.