Emin Sabitoğlu melodiyalarını dinləyəndə adamın yadına bir üz, bir küçə, bir ayrılıq, bəlkə də heç vaxt yaşamadığı, amma nədənsə doğma gələn bir xatirə düşür. Elə bil musiqi çoxdan içimizdə gizlənən bir duyğunu tapıb dilə gətirir. Burada həmçinin Bakı axşamlarının hüznü, sevginin kövrəkliyi, ayrılığın səssizliyi, payızın sarı yarpaqları, dənizin uzaqlara çağıran səsi var. O, musiqi bəstələməklə, insanın yaddaşına nəğmələr köçürürdü.
Bu gün, noyabrın 2-də Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, Xalq artisti Emin Sabitoğlunun doğum günüdür. 1937-ci ildə Bakıda, yazıçı Sabit Rəhmanın ailəsində dünyaya gələn Emin sözün, ədəbiyyatın, sənətin əhatəsində böyüyüb. Əvvəlcə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb, sonra Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sənətinin sirlərinə yiyələnib. Ancaq onun musiqisini fərqləndirən təkcə peşəkarlığı deyil, melodiyaların içindən boylanan səmimiyyət, dinləyicinin qəlbinə birbaşa yol tapan incə lirika idi.

Mahnıları ilə yaşayan bəstəkar
Emin Sabitoğlu 600-dən artıq mahnının müəllifidir. Bu rəqəmin arxasında bütöv bir musiqi dünyası dayanır. Onun mahnıları müxtəlif nəsillərin sevincinə, kədərinə, sevgisinə qarışıb. Bir vaxtlar radionun səsindən evlərə yayılan melodiyalar bu gün də eşidiləndə adamı özünə çəkir.
“Şükriyyə”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Aman ayrılıq” – bu nəğmələrin hər birində başqa bir ovqat, başqa bir duyğu var. Biri doğma şəhərin səhərini xatırladır, digəri uzaqlara aparır, bir başqası isə ayrılığın heç vaxt tam susmayan səsini eşitdirir. Emin Sabitoğlu melodiyanın yadda qalması qədər, sözlə musiqinin bir-birini tamamlamasını da bacarırdı. Onun mahnıları sadəcə dinlənilmir, yaşanır. Bəzən bir neçə not illərin arxasında qalmış bir sevgini yenidən yada salır.
Bəstəkarın əsərləri Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Zeynəb Xanlarova, Mirzə Babayev, Yalçın Rzazadə, Akif İslamzadə və başqa görkəmli müğənnilərin repertuarında mühüm yer tutub. O, ifaçının səsini, xarakterini, sənət dünyasını duymağı bacarır, melodiyalarını həmin səsin ruhuna uyğun yaradırdı.
Mirzə Babayevin ifa tərzinə uyğun bəstələdiyi “Kəpənək” bu yaradıcılıq münasibətinin yaddaqalan nümunələrindəndir. Mirzə Babayevin səsindəki yumor, incə istehza və aktyor məharəti Emin Sabitoğlunun melodiyaları ilə birləşərək mahnılara xüsusi rəng verirdi. Beləliklə, bəstəkarla ifaçının istedadı bir-birini tamamlayır, Azərbaycan estradasının musiqi yaddaşına yeni nəğmələr yazılırdı.

Ekrandan süzülən melodiyalar
Emin Sabitoğlunun sənət dünyası estrada mahnıları ilə bitmirdi. O, təxminən 40 filmə musiqi bəstələyib, teatr səhnəsinə də zəngin yaradıcılıq irsi bəxş edib. “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Dədə Qorqud” kimi filmlərin musiqi dünyası onun kino bəstəkarlığının müxtəlif çalarlarını göstərir.
Onun musiqisi ekranda görünən hadisələri müşayiət etməklə kifayətlənmir, obrazların iç dünyasına yol açır, filmin ovqatını yaddaşımıza köçürür. Bəzən bir melodiya illər əvvəl baxdığımız filmin bütün duyğularını yenidən oyadır. “Qanlı zəmi” filminə bəstələdiyi musiqiyə görə 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülməsi də sənətkarın kino sahəsindəki xidmətlərinin mühüm qiyməti idi.
Bəstəkar doqquz musiqili komediyanın müəllifi olub, Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir və Naxçıvan teatrlarının tamaşalarına musiqilər yazıb. Simfoniya, simfonik poemalar, kantatalar və kamera-instrumental əsərlər də onun çoxşaxəli yaradıcılığının tərkib hissəsidir.
Maraqlıdır ki, Emin Sabitoğlunun melodiyaları bəzən ən adi anlarda yaranırdı. Siqaret qutularının üzərində, kağız parçalarının kənarında qeydə aldığı notlar sonradan sevilən əsərlərə çevrilirdi. Sanki musiqi onu harada olsa tapırdı.

Bakının həsrətini çəkən bəstəkar
Ömrünün son illərini Türkiyədə keçirən Emin Sabitoğlu Bakının həsrətini çəkirdi. Xatirələrdə onun yaşadığı mənzillərdən birini doğma şəhəri xatırladan əşyalarla bəzədiyi, saatını da Bakı vaxtına qurduğu bildirilir.
Bəzən insan vətənindən uzaqda yaşayır, amma daxilindəki saat həmişə doğma şəhərin vaxtı ilə işləyir. Emin Sabitoğlu üçün Bakı, görünür, yalnız doğulduğu yer deyil, ruhunun ayrılmaz parçası idi. Bəlkə də onun melodiyalarında duyduğumuz doğmalığın, kövrəkliyin bir səbəbi də budur.
Bəstəkar 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib. Həmin ilin oktyabrında ona Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verilmişdi.

Ömrü 63 yaşında sona çatsa da, mahnıları yaşlanmadı. Çünki Emin Sabitoğlu müəyyən bir dövr üçün deyil, insanın dəyişməyən duyğuları üçün yazırdı.
Onun Azərbaycan estradasına ən böyük töhfəsi yalnız yüzlərlə mahnı yaratması deyil, həmin mahnıları xalqın yaddaşına çevirməsidir. Bu gün də melodiyaları səslənəndə kimsə gəncliyini xatırlayır, kimsə ilk sevgisini, kimsə də payız axşamının pəncərəyə söykənən səssizliyini…
Emin Sabitoğlu nəğmələri ilə özünə uzun bir ömür qazanıb. O, musiqiyə ürəyinin səsini qatdı, bizə isə o səsin içində öz duyğularımızı tapmağı miras qoydu.
Xanım Aydın