Ülviyyə Mahmudun rəhbərliyi ilə fəaliyyət göstərən NARGIS Nəşriyyat Evi sosial və ekoloji layihələrə böyük önəm verir. Beş ildən artıqdır ki, NARGIS Nəşriyyat Evi ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ edir, insanların fəaliyyətinin mənfi təsirləri haqqında ictimaiyyəti maarifləndirməyi və istehlak mədəniyyətinə təsir göstərməyi hədəfləyir. Bu müddət ərzində dörd böyük ekoloji sərgi təşkil edilib: “Make the Earth Smile” (2019), “Reduce, Reuse, Recycle, Respect” (2021), “Planet Calling” (2022) və “Go Green” (2023).
Bu il NARGIS yeni bir əhəmiyyətli ekoloji layihə olan “Zero Waste”i təqdim edir. Bu təşəbbüs tullantıları azaldaraq materialların optimal istehlakı və yenidən istifadəsi ilə ətraf mühiti qorumağı məqsəd qoyur.
“Zero Waste” sərgisi noyabrın 26-dan etibarən Müasir İncəsənət Muzeyində nümayiş olunur. Sərgi dekabrın 25-dək davam edəcək. Sərgi çərçivəsində qonaqlar “Wild Life” adlı fotosərgi ilə tanış ola bilərlər. Bu layihə jurnal tərəfindən fotoqraf Aleksey Lyokin ilə birlikdə həyata keçirilib və Azərbaycanda müxtəlif bölgələrdə yaşayan nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin şəkillərindən ibarətdir.
Bundan əlavə, layihə dünyaca məşhur dizayn əsərlərindən ilhamlanaraq, təkrar emal edilmiş tullantılardan NARGIS üçün xüsusi olaraq hazırlanmış ekomebel sərgisini də əhatə edir. Daha əvvəl “Zero Waste” fotosərgisi və ekomebel COP29 çərçivəsində “Green Zone”da yerləşən NARGIS pavilyonunda təqdim olunub.
Dekabrın 4-də sərgi çərçivəsində qapalı tədbir keçiriləcək. Burada “Sounds of the Ocean: A Mindful Underwater Journey” adlı immersiv film nümayiş olunacaq (layihənin müəllifləri – Joshua Sam Miller və Alice Lane). Bu film qonaqlara suyun və okeanın gücünü tam immersiya effekti ilə hiss etməyə imkan verəcək.
Mənbə: Azərtac