Divanda oturmusunuz. Telefonun adapterinin yataq otağında qaldığını xatırlayıb ayağa qalxırsınız. Dəhlizi keçib qapını açır və otağın ortasında dayanırsınız: bura niyə gəlmişdiniz? Bir neçə saniyə ətrafa baxır, sonra əliboş geri qayıdırsınız. Bəzən yadınıza düşür, bəzən isə fikir tamam yoxa çıxır. Bu hal çoxlarına tanışdır. Adətən yorğunluq və ya dalğınlıqla əlaqələndirdiyimiz bu unutqanlığın psixologiyada adı var: qapı effekti.
Eyni məsafə, fərqli yaddaş
2011-ci ildə ABŞ-nin Notr-Dam Universitetinin psixoloqu Qabriel Radvanski həmkarları ilə birlikdə maraqlı təcrübə keçirib. İştirakçılar virtual otaqlarda bir masadan əşya götürüb digərinə aparırdılar. Bəzən eyni məsafəni otağın içində qət edir, bəzən isə qapıdan keçirdilər. Nəticə göstərdi ki, qapıdan keçdikdən sonra insanlar əşyalarla bağlı məlumatları daha çox unudurlar. Tədqiqatçılar bunu real otaqlarda da yoxladılar və oxşar nəticə əldə etdilər. Deməli, yaddaşa təkcə məsafə deyil, məkanlar arasındakı sərhəd də təsir göstərə bilər.
Beyin həyatı ayrı-ayrı epizodlara bölür
Radvanskinin izahına görə, beyin yaşadıqlarımızı fasiləsiz lent kimi deyil, ayrı-ayrı hadisələr şəklində yadda saxlayır. Psixologiyada bu, “hadisə modeli” adlanır. Qapıdan keçmək beynə bir hadisənin bitdiyini, yenisinin başladığını bildirən siqnallardan biridir. Yeni otağa daxil olanda beyin ətrafı və mövcud vəziyyəti yenidən qiymətləndirir.
Beləcə, əvvəlki məkanda yaranan niyyət yaddaşda qalmasına baxmayaraq, onu xatırlamaq çətinləşə bilər. Əslində, bu mexanizm faydalıdır: beyin hər yeni vəziyyətə uyğunlaşmaq üçün məlumatları nizama salır. Sadəcə, bəzən həmin anda bizə lazım olan fikir də köhnə “epizodla” birlikdə arxa plana keçir.
Bəs, həqiqətən günah qapıdadır?
2021-ci ildə Avstraliyanın Bond Universitetindən Oliver Baumann və London Universitet Kollecindən Cessika Makfeyd bu effekti yenidən araşdırıblar. İlk təcrübədə virtual otaqlar arasında keçid yaddaşa ciddi təsir göstərməyib. Lakin iştirakçılara eyni zamanda mürəkkəb sayma tapşırığı verildikdə qapıdan sonra unutqanlıq artıb. Tədqiqatçılar ehtimal edirlər ki, nəticəyə həm mühitin dəyişməsi, həm də beynin başqa işlə məşğul olması təsir edir. Yəni qapı təkbaşına yaddaşımızı silmir. Diqqətimiz artıq yüklənəndə keçidlər fikrimizi daha asan yayındıra bilər. Bu, gündəlik həyatımıza da uyğundur. İş, telefon və başqa qayğılar arasında fikrimiz dağınıq olanda otağa niyə gəldiyimizi unutmaq ehtimalımız artır.
Qapı yalnız otaqları ayırmır
Beynin hadisələri ayrı-ayrı epizodlara bölməsi bizə yeni vəziyyətlərə uyğunlaşmağa kömək edir. Ancaq bəzən o, bir səhifəni tez bağlayır, əvvəlki səhifədə qalan fikri isə dərhal geri qaytara bilmir. Növbəti dəfə otağın ortasında dayanıb “Mən bura niyə gəlmişdim?” deyə düşünəndə özünüzü dərhal unutqanlıqda günahlandırmayın. Bəlkə də, beyniniz sadəcə yeni səhifəyə keçib, sizə lazım olan fikir isə hələ əvvəlki səhifədə qalıb.
Cahan