Paytaxtın Binə qəsəbəsində yerləşən Şəhidlər küçəsində qeydə alınan natəmizlik problemi aradan qaldırılıb.
Baki-baku.az-a Xəzər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ərazidə təmizlik işləri aparılıb və mövcud problem aradan qaldırılıb.
Qeyd edək ki, küçədə məişət tullantılarının ətrafa atılması sakinlərin narahatlığına səbəb olmuşdu. Küçənin Şəhidlər adını daşımasına və ərazidə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq, bəzi şəxslərin tullantıları müəyyən edilmiş yerlərdən kənara atması natəmizliyə gətirib çıxarmışdı.
Problemin aradan qaldırılması ilə yanaşı, ərazidə təmizliyin davamlı qorunması da vacibdir. Bunun üçün sakinlər məişət tullantılarını müəyyən edilmiş yerlərə atmalı, ictimai ərazilərin təmiz saxlanılmasına məsuliyyətlə yanaşmalıdırlar. Şəhidlərin adını daşıyan küçələrə hörmət, həm də həmin ərazilərin təmizliyinə və abadlığına diqqətlə yanaşmaqdan başlayır.
Bununla yanaşı, sakinlərin diqqətə çatdırdığı yol infrastrukturunun vəziyyəti ilə bağlı məsələ də aktual olaraq qalır. Küçədə hərəkətin rahat və təhlükəsiz təşkili üçün yol örtüyünün vəziyyətinin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi əhəmiyyətlidir.
