Bəzən insanın səsi özündən sonra da yaşayır. İllər keçir, üzlər yaddaşın dumanında solur, bir vaxtlar doğma olan küçələr dəyişir, amma haradansa bir mahnı eşidilir və elə bil, kimsə gəlib ürəyimizin çoxdan bağlı qalan qapısını döyür. Şövkət Ələkbərovanın səsi də belə səslərdəndir. Onu dinləyəndə təkcə bir müğənninin ifasını eşitmirsən.
Sanki köhnə Bakının pəncərələri açılır, uzaq bir həyətin divarından tar səsi süzülür, bir ana övladına lay-lay deyir, bir qadın isə heç kimə danışmadığı dərdini mahnıya çevirir…
Bu gün — 20 oktyabr — Şövkət Feyzulla qızı Ələkbərovanın doğum günüdür. 1922-ci ildə Bakıda dünyaya gələn sənətkarın ömrü 1993-cü il fevralın 7-də başa çatsa da, onun səsi Azərbaycan musiqisinin yaddaşında yaşamaqda davam edir.
Şövkət xanımın dünyaya göz açdığı evdə musiqi yad qonaq deyildi. Anası qızlardan ibarət orkestrdə tar çalır, atası isə xalq musiqisini, muğamı, aşıq havalarını sevirdi. Belə bir evdə böyüyən uşağın qəlbinə musiqinin yol tapması, bəlkə də, heç təəccüblü deyildi. Amma heç kim hələ bilmirdi ki, bu balaca qızın səsi bir gün neçə-neçə insanın sevincinə, nisgilinə, sevgisinə qarışacaq.
Şövkət on iki yaşında musiqi məktəbinin kamança sinfinə daxil oldu. Evdə tar, kamança, qardaşının ifasında zərb alətindən ibarət kiçik bir xalq üçlüyü də yaranmışdı. Musiqi onun üçün ailənin nəfəsi, evin səsi, uşaqlığın ən doğma dili idi.
Bəlkə də, sonralar onun ifasında duyduğumuz o qəribə səmimiyyətin, dinləyiciyə birbaşa ürəkdən müraciət edən səsin başlanğıcı elə həmin evdə, ailə ocağının ətrafında qoyulmuşdu.

Bir müsabiqədən başlayan böyük yol
1937-ci il. Hələ yeniyetmə olan Şövkət Ələkbərova bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edir. Münsiflər heyətində isə Azərbaycan musiqisinin böyük adları — Üzeyir Hacıbəyli, Səid Rüstəmov və Bülbül əyləşiblər.
Gənc qız səhnəyə çıxaraq «Qarabağ şikəstəsi»ni ifa edir. Bu çıxış onun peşəkar musiqi yoluna açılan qapılardan birinə çevrilir.
Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirən Şövkət xanım 1938-ci ildən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çıxış etməyə başlayır. 1945-ci ildən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olur.
Ancaq onu böyük sənətkara çevirən yalnız gözəl səs deyildi. Şövkət Ələkbərova mahnının sözlərini oxumur, onların içində gizlənən duyğunu dinləyiciyə çatdırırdı. Onun səsində sevinc də vardı, həsrət də, naz da, inciklik də. Bəzən bir misranı elə oxuyurdu ki, adamın yadına illər əvvəl itirdiyi bir insan, deyə bilmədiyi bir söz, geri qayıtmayan bir axşam düşürdü.
Muğamda sərbəst nəfəs almağı, melodiyanın içində öz duyğusuna uyğun yol tapmağı bacarırdı.
Segahın yanğısı, Qatarın axıcılığı, Şahnazın incəliyi onun ifasında ayrı bir rəng qazanırdı. Bu, səsi ilə mahnı oxumaqdan daha artıq bir şey idi: musiqinin içində yaşamaq, onunla danışmaq, onunla susmaq.

Bir mahnı, bir kino, bir Bakı xatirəsi
Şövkət Ələkbərovanın səsi Azərbaycan kinosunun da yaddaşına hopub. Tofiq Quliyevin “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı?” filmləri üçün bəstələdiyi mahnılar onun ifasında dinləyicilərin sevimlisinə çevrildi. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” filmində Sənəm obrazının musiqi partiyalarını da məhz Şövkət xanım ifa etdi.
Onun ifasında Cahangir Cahangirovun Füzulinin qəzəlinə əsaslanan “Məni candan usandırdı” musiqi parçası da xüsusi yer tutur. Füzulinin sözlərindəki eşq yanğısı ilə Şövkət xanımın səsindəki kövrəklik birləşəndə, klassik poeziya sanki bu günün insanına yenidən üz tutur.
Səməd Vurğunun “Oxu gözəl” mahnısının sözlərini məhz Şövkət Ələkbərova üçün yazması da onun sənətkarlar arasında necə böyük rəğbət qazandığını göstərən maraqlı məqamlardandır.
Emin Sabitoğlunun “Şirin dil” mahnısı isə onun repertuarında özünəməxsus yer tutur. Kərkük bayatılarından gələn sözlər bu ifada uzaq ellərin nisgilini də, doğma dilin şirinliyini də daşıyırdı.

Dünya səhnələrində Azərbaycan səsi
Şövkət xanımın sənəti Azərbaycanın sərhədlərini aşaraq müxtəlif ölkələrdə dinləyicilərə çatdı. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Hindistan, Misir, İran, Türkiyə, Polşa və başqa ölkələrdə çıxış etdi.
Onun repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, bəstəkar əsərləri, eləcə də Yaxın Şərq xalqlarının musiqi nümunələri yer alırdı. Bu müxtəliflik sənətkarın ifa imkanlarının genişliyini göstərməklə yanaşı, musiqinin insanları bir-birinə necə yaxınlaşdırdığını da xatırladırdı.
Səhnənin işığı və evin səssizliyi
Amma insanın səhnədəki həyatı ilə ürəyində yaşadığı həyat həmişə eyni olmur.
Şövkət Ələkbərovanın şəxsi taleyində də ağır sınaqlar vardı. O, iki dəfə ailə qurmuşdu. İlk evliliyindən Natella adlı qızı dünyaya gəlmişdi.
Sonralar məşhur kinorejissor Lətif Səfərovla ailə qurmuş, bu evlilikdən Bəşir adlı oğlu olmuşdu. Lətif Səfərovun vaxtsız ölümü də sənətkarın həyatındakı ağır itkilərdən biri idi.
Şövkət xanım ailəsinə bağlı, qayğıkeş ana olmaqla yanaşı, qardaşının övladına da analıq etmişdi. İkinci Dünya müharibəsi illərində qardaşı Mirələkbərin itkin düşməsindən, ailəsində yaşanan faciələrdən sonra onun körpə qızı Validəyə də Şövkət xanım sahib çıxmış, onu öz övladı kimi böyütmüşdü.
Validə hələ uşaq ikən Şövkət xanımın doğma anası deyil, bibisi olduğunu öyrənmişdi. Ancaq sənətkarın ona dediyi sözlərdə qohumluqdan daha böyük bir həqiqət vardı: “Qızım, düzdür, mən sənin əslində bibinəm, amma səni anan kimi çox istəyirəm, mənim doğma balamsan”.
Bu sözləri deyə bilən qadının ürəyində nə qədər böyük sevgi olduğunu təsəvvür etmək çətin deyil. Bəzən analıq dünyaya gətirməklə deyil, bir uşağın həyatında əskik qalan yeri öz ürəyinlə doldurmaqla başlayır.
Şövkət xanım təkcə ailəsində deyil, sənətdə də qayğıkeş insan kimi tanınırdı. O, istedadlı gənclərin yetişməsinə kömək edir, Azərbaycanın müxtəlif bölgələrində qabiliyyətli uşaqları axtarıb tapır, onların musiqi təhsili almasına şərait yaradırdı. Tələbələrinin xatirələrində onun qonaqpərvərliyi, əliaçıqlığı, heç kəsi köməksiz qoymamağı yaşayır.

Qızının ölümündən sonra susan səs
Şövkət Ələkbərovanın həyatındakı ən ağır ağrılardan biri qızı Natellanın vaxtsız ölümü oldu. Yaxınlarının xatirələrinə görə, qızının itkisi sənətkarı dərindən sarsıtmışdı. Onun rəfiqəsi, müharibə veteranı Fatma Səttarova sonrakı illərdə Şövkət xanımın necə dəyişdiyini kövrələrək xatırlayırdı. Deyirdi ki, Natellanın ölümündən sonra onu görənlər tanımaqda çətinlik çəkirdilər; saçları, kirpikləri ağarmışdı.
Şövkət xanımın qızından sonra yaşadığı illər haqqında danışanlar onun dərdinin nə qədər dərin olduğunu söyləyirlər. Bir vaxtlar səhnədə mahnıları ilə insanları kövrəldən sənətkarın göz yaşları isə bu dəfə özü üçün idi.
Şövkət xanımın nəvəsinə lay-lay oxumağı sevdiyi də xatirələrdə yaşayır. Deyilənə görə, qızının ölümündən sonra nəvəsi ilə keçirdiyi vaxtlar onun üçün təsəlli idi. O, körpəni qucağına alıb lay-lay deyər, bu sözləri söyləyərmiş: “Mənim ömrümə çox az qalıb. Qoyun, doyunca lay-lay deyim balama”.

“Mən xoşbəxt insanam”
Şövkət Ələkbərova son müsahibəsində Rafiq Hüseynova həyatında narahatlıqların olduğunu etiraf etsə də, belə demişdi: “Hər kəsin həyatında narahatlıqlar ola bilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq mən xoşbəxt insanam”. Bu sözlərə bir daha qayıtmaq istəyirsən.
Çünki onun ömrünü xatırlayanda itkilər göz önündə canlanır. Erkən yaşlardan başlayan sənət yolu, səhnədə qazandığı şöhrət, ailə faciələri, sevdiklərinin itkisi… Bütün bunların içindən keçən qadın özünü xoşbəxt insan adlandırır.
1993-cü il fevralın 7-də Şövkət Ələkbərovanın ömrü başa çatdı. Yaxınlarının xatirələrinə görə, son günlərində özünə qapanmış, yanında yalnız ailə üzvlərinin olmasını istəmişdi. Səhnədəki gur alqışlardan, işıqlardan, insan izdihamından uzaqda, sakitlik içində…
Amma insanın son günlərdəki sükutu ilə ondan sonra qalan sükut eyni deyil. Birincisi ömrün sonuna aiddir, ikincisi isə yaddaşın başlanğıcına.
Şövkət Ələkbərovanın səsi susmur. O səsdə bir xalqın musiqi yaddaşı, köhnə Bakının axşamları, bir ananın lay-layı və ömrü boyu içində daşıdığı sevginin izi var.
Və hər dəfə o səs eşidiləndə, sanki uzaqdan bir qadın yenidən həzincə oxuyur:
Oxu, gözəl…
Xanım Aydın