Təsəvvür edin ki, gecə vaxtı meşədəsiniz və birdən ağacların, köhnə kötüklərin arasında kiçik yaşıl işıqlar görürsünüz. Sanki kimsə ətrafa balaca fənərlər səpələyib və onlar torpağın içindən işıq saçır. İlk baxışdan belə mənzərəni yalnız nağıllarda və ya fantastik filmlərdə görməyin mümkün olduğunu düşünmək olar. Lakin təbiətdə həqiqətən də qaranlıqda işıq saçmaq qabiliyyətinə malik göbələklər mövcuddur. Bu heyrətamiz hadisə biolüminessensiya adlanır. Biz qaranlıqda atəşböcəklərinin və bəzi dəniz canlılarının işıq saçmasına öyrəşmişik. Ancaq göbələklər də belə bir xüsusiyyətə malikdir. 2025-ci ilə qədər alimlərə işıq saçan 132 göbələk növü məlum idi və tədqiqatçılar yeni növlər kəşf etməyə davam edirlər. Bunun sirri göbələklərin tərkibində olan xüsusi maddələrlə bağlıdır. Həmin maddələr oksigenlə reaksiyaya girdikdə işıq yaranır. Bu zaman göbələklər demək olar ki, istilik ayırmır. Buna görə də onların yaydığı işıq soyuq işıq adlanır. Adətən bu işıq yumşaq yaşıl rəngdə olur. Maraqlıdır ki, göbələklərin təkcə papaqları və ayaqcıqları deyil, həm də alt hissələri, eləcə də köhnə ağacların içərisində yayılan nazik telləri işıq saça bilir.

Məlum olur ki, bu qeyri-adi işıq göbələklərin özləri üçün də faydalı ola bilər. Alimlər hesab edirlər ki, bəzi növlər bu yolla həşəratları özlərinə cəlb edirlər. Yaşıl işığa doğru uçan həşəratlar göbələklərin üzərinə qonur, daha sonra isə onların sporlarını ətrafa yayaraq çoxalmalarına kömək edirlər. Məsələn, Braziliyada bitən Flor de kokos (Neonothopanus gardneri) adlı göbələk gecələr xüsusilə parlaq işıq saçır. Lakin işıq saçmağın bütün göbələk növlərində eyni məqsədə xidmət edib-etmədiyi hələlik məlum deyil. Belə göbələklərə Asiyada, Amerikada, Avstraliyada, Avropada və Okeaniya adalarında rast gəlmək mümkündür. Onlar daha çox isti və rütubətli meşələri sevir, köhnə kötüklərin, yerə yıxılmış ağacların üzərində və tökülmüş yarpaqların arasında bitirlər. Bəzi növlər hətta gündüzlər də işıq saçır, sadəcə günəş işığında bunu görmək mümkün olmur. Gecə isə ətraf qaranlığa qərq olanda meşə sanki canlanır və hər tərəf kiçik yaşıl işıqlarla dolur. Ən məşhur növlərdən biri Avstraliyada rast gəlinən xəyalət göbələyidir. Qeyri-adi gözəlliklərinə baxmayaraq, belə göbələkləri yemək üçün toplamaq təhlükəlidir, çünki onların arasında zəhərli növlər də var.

Bu gün alimlər həmin hadisəni araşdırır və təbii işıq saçma xüsusiyyətindən tibbdə, biotexnologiyada və ətraf mühitin öyrənilməsində necə istifadə etməyin mümkün olduğunu anlamağa çalışırlar. İşıq saçan göbələklər bizə xatırladır ki, təbiət heç gözləmədiyimiz yerlərdə belə insanı heyrətləndirməyə qadirdir. Axı bəzən adi bir meşə elektrik enerjisi, fənərlər və heç bir xüsusi effekt olmadan əsl nağıl dünyasına çevrilə bilər.
Hacı Cavadov