“Günəş qapısı”ndan “Gül evi”nə, Bəndovan qəsrindən qızıl qazın döl yerinə uzanan möcüzələr dünyası
Zəngin mədəniyyəti, ecazkar təbiəti, qüdrətli tarixi, ustad sənətkarları, mütəfəkkir alimləri, təbib-filosofları ilə dünyaya meydan oxuyan Odlar Yurdu Azərbaycanın gözəllik ünvanları çoxdur. Flora və faunasının zənginliyi ilə seçilən Ağ Göl, Altıağac, Abşeron, Göygöl, Şahdağ, Samur-Yalama, Hirkan və Şirvan Milli Parklarına ev sahibliyi edən gözəl Vətənimizin möcüzəli dünyasından biri də Şirvan Milli Parkıdır.
Qaradağ, Şirvan və Neftçala rayonlarının inzibati ərazilərinin sayəsində yaradılan Şirvan Milli Parkı şərqdən Xəzər dənizi ilə əhatə olunub. Dövlət tərəfindən mühafizə olunan, yarımsəhra landşaftlı təbiət qoruğu zəngin flora və faunaya malik olmaqla yanaşı, həm də, dünyada analoqu olmayan milli parklardandır. “Qırmızı Kitaba” daxil edilən onlarla quş və heyvan növünə ev sahibliyi edən Şirvan Milli Parkı ən çox ceyran və cüyürün cəm olduğu təbiət yasaqlıqlarından, incilərindəndir.

Ecazkar gözəlliyi, ehtişamlı təbiəti ilə insanı valeh edən Parkdan səhər tezdən dan yerinin sökülməsini seyr etmək insana əvəzsiz duyğular bəxş edir
Respublikamızda yayılmış məməli heyvanların demək olar ki, bütün növlərinə məhz bu məkanda rast gəlmək olar. Milli Parkın ərazisində tülkü, canavar, çöl donuzu, çöl pişikləri, şahin, qartal, qaz, ördək, flaminqo kimi heyvanlar və quşlar mövcuddur. Ecazkar gözəlliyi, ehtişamlı təbiəti ilə insanı valeh edən Şirvan Milli Parkından səhər tezdən dan yerinin sökülməsini, günəşin boy verməsini seyr etmək insana əvəzsiz duyğular bəxş edir. Təbiətlə baş-başa qalmaq, quşların cəh-cəhini dinləmək kimi bir səadəti seyrçilərə bəxş edən Park insanda xoş ovqat yaratmaqla yanaşı, həm də, onun ruhunu təzələyir. Burada ceyranları yaxından görmək üçün isə su mənbələrinin, arxların, gölməçələrin yanında səssizcə gizlənib gözləmək kifayətdir.

Bu əvəzsiz təbiət incisində hal-hazırda 8 mindən çox ceyran hüzur bulur, ürüyüb artır
Ölkə ərazisində məskunlaşan ceyranların 90 faizi məhz Şirvan Milli Parkının payına düşür. 63 min hektar ərazini əhatə edən bu əvəzsiz təbiət incisində hal-hazırda 8 mindən çox ceyran hüzur bulur, ürüyüb artır. 2009-cu ildən üzü bu yana həyata keçirilən reintroduksiya proqramı çərçivəsində qoruğun ərazisindən respublikanın müxtəlif təbiət qoruqlarına ceyranlar köçürülür. Payız aylarında baş tutan bu proqram çərçivəsində Hacınohur, Ağ Göl, Abşeron və Cəbrayıl parklarına Şirvan Milli Parkından ceyranlar buraxılmışdır ki, bunun sayəsində də bu parklarda artıma nail olunmuşdur.

Qızılqaz gölü quşların köç və döl ünvanı kimi dünyanın diqqət mərkəzindədir
Müxtəlif quş növlərinin səmadakı karvanını izləmək üçün isə, sahəsi 3 min hektar olan Qızılqaz gölünün seyrinə çıxmaq kifayətdir. Köçəri və su quşları üçün mühüm yaşayış məskəni, münbit mühit hesab olunan Qızılqaz gölü Şirvan Milli Parkının zinəti olmaqla yanaşı, həm də, Tanrının xoş saatında yaranan gözəllik ünvanlarındandır. Qızıl qaz, ördək, vax, qutan kimi su quşlarının məskunlaşdığı Qızılqaz gölü payız və qış aylarında məhz bu quşların artımı hesabına bir qədər də təravətlənir.
230-dan çox quş növünün məskunlaşdığı Qızılqaz gölü həm də köç və döl ünvanı kimi dünyanın diqqət mərkəzindədir. Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən qu quşları, qızılbaş ördəklər, flaminqo, qaşqaldaq, güləyən ördək və digər quş növləri toplaşır. Yırtıcı quşlardan ağ quyruq dəniz qartalı, çöl qartalı, böyük qartal, imperator qartalı, şahin kimi quşların da məskən saldığı Qızılqaz gölünün qışlama dönəmi də turistlərin daima diqqət mərkəzindədir. Bununla yanaşı flora və faunası ilə ölkəmizin digər milli parklarından, qoruqlarından fərqlənən Şirvan Milli Parkında 17 növ sürünən, o cümlədən, Xəzər tısbağası, müxtəlif növ kərtənkələlər, su ilanı, Qafqaz gürzəsi və digər ilan növləri qeydə alınıb.

Buraya gələn turistlərin əksəriyyəti Qızılqaz gölü kimi Bəndovan vulkanını, Bəndovan Burnunu və Bəndovan şəhərinin qalıqlarını seyr etməkdən zövq aldıqlarını etiraf ediblər
Şirvan Milli Parkı ərazisində mövcud olan Bəndovan palçıq vulkanı da nadir təbiət hadisələrindən, incilərindən hesab olunur. Parkın ərazisində, həmçinin IX-X yüz ilə aid qeyb olan, batan şəhər yerləşir. Alimlərin apardığı araşdırmalar zamanı üzə çıxan tapıntılar milli dövlətçilik tariximizdə on bir əsr bundan öncə mövcud olan Bəndovan şəhərinin varlığını sübut etmişlər. Şirvan Milli Parkına gələn turistlərin əksəriyyəti Qızılqaz gölü kimi Bəndovan vulkanını, Bəndovan Burnunu və Bəndovan şəhərinin qalıqlarını seyr etməkdən zövq aldıqlarını etiraf ediblər. Onu da qeyd edək ki, çoxsaylı turistlərin axını ilə seçilən Parkın ərazisində xüsusi ekoturizm marşrutları vardır. Onlar Parkın flora və faunasını müşahidə etmək üçün təyin olunmaqla yanaşı, onun zənginliyini turistlərə təqdim etmək üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı burada qısa zaman kəsiyində təbiəti insan gözündə canlandırmaq üçün müxtəlif layihələr də gerçəkləşdirilir. Günəş qapısından daxil olmaqla “Gül evi”nin gözəlliklərini seyr edən turistlər təbiətin ənginlikləri ilə cəmi-cümlətamı 2 saata tanış olub 6 saata Bəndovan vulkanı, Bəndovan qəsri – Batmış şəhər, Qızılqaz gölü ilə bağlı məlumatlar əldə edə bilirlər.

Şirvan Milli Parkı ölkənin turizm potensialının genişləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir
Təbiətin nadir incilərindən sayılan Şirvan Milli Parkı ölkəmizdə xüsusi tarixə və ekoloji əhəmiyyətə malik olan qoruqlardan biri olmaqla yanaşı, həm də, əksər milli parkların mirvarisi hesab olunur. Dövlətin xüsusi qayğısı ilə əhatə olunan IDEA ictimai birliyinin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın iradəsi ilə inkişaf etdirilən Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən ceyranları və onun ərazisi üçün səciyyəvi olan flora və fauna növlərini qoruyub saxlamaq olmuşdur. Şirvan Milli Parkı ekoloji monitorinqin aparılması, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, istirahətinin təmin edilməsi, ölkənin turizm potensialının genişləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Milli Parkın ərazisində mövcud olan 82 bitki növü var ki, onlar qorunub mühafizə olunmaqla yanaşı, həm də, qoruğun ərazisində məskunlaşan heyvanların əsas qida mənbəyidir.

Onu görmək, seyr etmək, ömründə bircə dəfə də olsa ətəyində sinə dolusu nəfəs almaq təbiətin bu gözəllik səltənətində sultan olmaqdır
Milli dövlətçilik tariximizin nə az, nə çox, düz 1000 ilinə şahidlik edən, Qobustanın qayaüstü abidələrindən Bəndovana, Səbail qəsrindən Şirvanşahlar sarayına, İçərişəhərdən Qız Qalasına, Ramana, Mərdəkan, Girdiman qalasından Küpüc, Babadağ əzəmətinə, Bakıdan Basqal, Lahıc, Türkan, Zirə, Nardaran, Şüvəlan, Bibiheybət müqəddəsliyindən Bakının – Badi Kubənin gözəlliyinə yol gələn Şirvanşahlar dövlətinin min incisindən biri də, Tanrının ona bəxş etdiyi, müasir, müstəqil Azərbaycan Respublikasının ad verdiyi Şirvan Milli Parkı, Qızılqaz gölüdür. Onu görmək, seyr etmək, ömründə bircə dəfə də olsa ətəyində sinə dolusu nəfəs almaq təbiətin bu gözəllik səltənətində sultan olmaqdır. Xəzərin incisi sayılan Şirvan Milli Parkı yuxuların, duyğuların şəhəridir. Bir ucu Qızılqaz gölü, bir ucu Bəndovan vulkanı, o biri ucu Bəndovan – Bəndini su ovan şəhərdir…
Şərəf Cəlilli