Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2026

Paylaşın

HƏR ŞEYDƏN

Naqilləri sökülmüş şəhər xatirəsi – Bakı trolleybusları

Trolleybus

Bir vaxtlar Bakının küçələrində qəribə bir səs vardı… Nə tam maşın səsi idi, nə də tramvayın zəngi. Elektrik naqillərinin altında sürüşə-sürüşə gedən trolleybusların özünəməxsus uğultusu vardı. Arada naqillərdən gələn xırda cingilti, təkərlərin asfaltla təması, qapıların açılıb-bağlanması… İndi o səslər yoxdur.

Amma qəribədir, insanın yaddaşı bəzi səsləri illərlə saxlayır. Bir küçədən keçirsən, illər əvvəl oradan keçən trolleybus yadına düşür. Pəncərədən baxırsan, elə bil bir anlıq qarşıda mavi-ağ gövdəli o köhnə maşın dayanacaq, qapısı açılacaq, kimsə tələsik içəri girəcək…

Sonra anlayırsan ki, trolleybus çoxdan gedib. Amma onun kölgəsi hələ də Bakı küçələrinin üstündədir.

Naqillərin altındakı Bakı

Trolleybus Bakının şəhər mənzərəsinin adi bir hissəsi idi. Küçələrin üstündən uzanan elektrik naqilləri də elə buna görə gözümüzə qəribə görünməzdi. Onlar sanki şəhərin damarları idi. Uşaqlıqda yuxarı baxıb həmin naqillərin hara getdiyini düşünərdik. Trolleybus dönəndə onun başının üstündəki çubuqların naqillərlə birlikdə istiqamət dəyişməsinə baxmaq ayrıca maraq idi. Bir az da külək əsəndə naqillər titrəyərdi. Bakı küləyi isə hər şeyə öz sözünü deyirdi. Trolleybus da bu şəhərin küləyinə, günəşinə, tozuna, yağışına qarışmışdı. Yayda pəncərələri açıq gedərdi. İçəri isti asfaltın qoxusu, dənizin duzlu nəfəsi, küçədən gələn səslər dolardı. Qışda isə şüşələr buxarlanardı. Kiminsə barmağı ilə şüşənin üstünə ürək çəkdiyini, ad yazdığını, gülüş qoyduğunu görərdin. Bəzən də pəncərənin o üzündə bütün Bakı yağışın içində axardı.

Trolleybusda hamının bir hekayəsi vardı

Trolleybus sadəcə nəqliyyat deyildi. Orada şəhər yaşayırdı. Səhərlər işə tələsən kişilər, məktəbə gedən uşaqlar, bazardan qayıdan qadınlar, əlində çanta universitetə gedən gənclər… Kimsə oturacaqda sakitcə mürgüləyirdi. Kimsə qəzet oxuyurdu. Kimsə yanında oturan adama günün xəbərlərini danışırdı. Mobil telefonlar yox idi.

Heç kim yol boyu başını aşağı salıb ekrana baxmırdı. İnsanlar bir-birinə baxırdı, danışırdı, tanış olurdu. Bəzən də heç tanımadığı adamın söhbətinə qulaq asırdı.

Konduktorun səsi…

Trolleybusun ayrıca adamları vardı. Sürücüsü, konduktoru… Konduktorun əlində bilet çantası, barmaqlarında qəpiklərin səsi olardı. O, salonun içində irəliləyib sərnişinlərə bilet verərdi. Bəzən kimsə pulu xırdalamaq istəyərdi. Bəzən də uşaq cibindən qəpikləri bir-bir çıxarıb sayardı. İndiki kimi bir toxunuşla – NFC-lə, kartla ödəniş etmək yox idi. O vaxt gediş haqqının da öz səsi vardı: qəpik səsi, biletin xışıltısı,  konduktorun “kim bilet almayıb?” sualı.

Bunların hamısı Bakının gündəlik həyatından qalan xırda, amma qiymətli səslərdir.

Pəncərədən görünən Bakı

Trolleybusun ən gözəl tərəflərindən biri də pəncərəsi idi. Çünki Bakı ona baxan adam üçün hər dəfə başqa cür görünürdü. Səhərlər şəhər tələsirdi. Günortalar küçələr günəş altında ağarırdı. Axşamüstü isə Bakı yavaş-yavaş yumşalırdı. Pəncərədən küçələri seyr edərdin. Mağazaların vitrinləri, ağacların kölgəsi, yol kənarında dayanan insanlar, məktəbdən çıxan uşaqlar… Bir dayanacaqdan o birinə qədər bəlkə də heç nə baş verməzdi. Amma uşaqlıqda insanın “heç nə” dediyi şeylərin içində bütöv bir dünya yaşayırdı.

Bakı yağışında trolleybus

Yağış yağanda trolleybus daha da başqa görünərdi. Şüşələrdə damcılar bir-birinin ardınca aşağı süzülər, küçələrin işıqları suyun içində əriyərdi. İçəridə isti hava, çöl tərəfdə yağış… Adam pəncərənin yanında oturub küçəyə baxardı. Bakı yağışlı günlərdə həmişə bir az kədərli görünürdü. Trolleybus isə həmin kədərin içindən sakitcə keçib gedərdi.

Son dayanacaq

Sonra şəhər dəyişdi, yeni yollar çəkildi, yeni avtobuslar gəldi, Bakı böyüdü, sürətləndi, daha da gözəlləşdi. Trolleybuslar isə bir gün küçələrdən yetim uşaqlar kimi çəkildi. Əvvəlcə onları daha az gördük. Sonra gözümüz axtarmağa başladı. Daha sonra isə artıq heç yerdə görmədik.  Naqillər də bir-bir yox oldu. Amma insanın yaddaşından naqilləri sökmək mümkün deyil. İndi Bakının hansısa küçəsində dayananda bəzən başını qaldırırsan. Göydə elektrik naqilləri yoxdur. Trolleybus da yoxdur. Amma nədənsə elə bilirsən ki, bir azdan uzaqdan həmin tanış uğultu gələcək.

Bir azdan mavi-ağ bir troleybus dönəcək. Qapısı açılacaq, Konduktorun səsi eşidiləcək, kimsə “bir az irəli keçin” deyəcək. Sən də uşaqlığının hansısa dayanacağında yenidən düşəcəksən.

Bəli, trolleybuslar Bakının yaddaşında belə qaldı —
naqilləri sökülmüş, yolları dəyişmiş, amma səsi hələ də içimizdə eşidilən bir şəhər xatirəsi kimi…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Paytaxtın Suraxanı rayonu, Elzar Yusubov küçəsində, "Qərib Ağa Məscid"nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq

Ən son

GÜNDƏM

Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədr seçilib.

GÜNDƏM

Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədr seçilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin