Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2026

Paylaşın

Mədəniyyət

Habil Əliyev — kamançanın ağlatdığı, sözün güldürdüyü adam

Habil Əliyev…

Onun kamançasından çıxan səsin içində bir xalqın yaddaşı vardı: sevinc də, nisgil də, ayrılıq da, məhəbbət də. Bəlkə buna görə Habil Əliyevin ifasını dinləyəndə adam musiqi ilə yanaşı, doğma bir adamın həzin söhbətini, uzaqlardan gələn bir səsi, çoxdan unudulmuş bir xatirəni dinləyirdi.

1927-ci ilin mayında Ağdaşın Üçqovaq kəndində dünyaya gələn Habil Əliyevin sənət yolunun əvvəlində kamança yox, tar dayanırdı. Ailəsinin istəyilə tar sinfinə yazılmışdı. Amma cılız bədəni tarda çalmaq üçün ona güc vermirdi. Sonra kamançaya keçdi. Bəlkə də taleyin ən doğru qərarlarından biri elə bu idi. Çünki o gündən etibarən Habil Əliyev kamançaya, kamança da Habil Əliyevə çevrildi. Və onlar birlikdə tam bir vəhdət yaratdılar. Amma o səsi tapmaq asan olmadı.

Habil müəllimin uşaqlıq illəri müharibənin soyuğu, aclığı və ağır xəbərləri içərisində keçmişdi. O, sonralar xatırlayırdı ki, hər səhər məktəbə gedərkən poçtalyonun qara kağız apardığı həyətlərdən yüksələn fəryadları eşidirdi. Həmin səslər yaddaşına ömürlük həkk olunmuşdu.

Bir gün qara kağız onların öz evinə də gəldi…

Böyük qardaşının ölüm xəbərini alan uşaq Habil üçün dünya daha da ağırlaşdı. Bəlkə də sonralar kamançadan çıxan o nisgilli, adamın içini titrədən səsin bir səbəbi də elə həmin uşaqlıq fəryadları idi. O deyirdi ki, ömrü boyu o ah-nalələri kamançada çalıb insanlara çatdırmaq istəyib. Və çatdırdı.

“Segah”ı, “Bayatı-Qacar”ı, “Bəstənigar”ı, “Bayatı-Şiraz”ı, “Rast”ı, “Zabul”u və başqa muğamları onun kamançasında sanki başqa bir ömür qazandı. Musiqi bilicilərinin onu Nikkolo Paqanini ilə müqayisə etməsi də təsadüfi deyildi. Habil Əliyevin barmaqları kamançanın simlərində sadəcə texnika nümayiş etdirmirdi; o, alətin içində gizlənən səsi axtarırdı. Hətta bir dəfə öz ifasında “Zabul segah”ı dinləyib həyat yoldaşı Şərqiyyə xanıma demişdi:

— Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq.

Bu cümlədə həm böyük sənətkarın öz sənətinə inamı, həm də Habil Əliyevin özünəməxsus təkəbbürü vardı. Çünki o, özünü tanıyırdı. Nəyi bacardığını da, nəyi bacarmadığını da.

Habil Əliyev belə idi: bir tərəfdən son dərəcə həssas, utancaq, uşaqlıqdan “sözəbaxan, yumşaq, tərbiyəli, bir qədər də qorxaq uşaq” olduğunu deyən insan; o biri tərəfdən isə sənət məsələsində güzəşt tanımayan, fikrini açıq söyləyən, bəzən də bu xüsusiyyətinə görə ətrafındakıları çətin vəziyyətdə qoyan inadkar xarakter.

Onun kamançanın səsini axtarması isə ayrıca bir əfsanədir. Deyilənə görə, bir ustanın məsləhəti ilə kamançanın çanağının içinə büllur qırıqları yapışdırmaq fikri yaranır. Xrustal isə o vaxt hər musiqiçinin evində tapılan şey deyildi. Habil bu dərdi Əlibaba Məmmədova danışır. Əlibaba müəllimin həyat yoldaşının cehizindəki büllur gül qabı isə həmin günlərdə qəfil “qəza”ya uğrayır… Əlibaba Məmmədovun xatirəsinə görə, qabı bilərəkdən sındırır və qırıqları Habilə verir. Sonra küçədə qarşılaşırlar. Habil kamançanı futlyardan çıxarıb bircə dəfə simlərə çəkir.

Və Əlibaba müəllimin dediyi kimi, onun tükləri biz-biz olur. Habil axtardığı səsi tapmışdı. Bu, adi bir kamança səsi deyildi. Bu, Habil Əliyevin öz səsi idi. O səsi Hindistanda, İranda, Fransada, Amerikada, Yaponiyada, İngiltərədə və dünyanın başqa ölkələrində eşitdilər. Onun kamançası Azərbaycan muğamını sərhədlərdən keçirib başqa auditoriyalara apardı. Amma Habil Əliyevi yalnız kamançanın səsi ilə xatırlamaq azdır. Çünki bu adamın dilində də özünəməxsus bir “muğam” vardı — duzlu, acı, hazırcavab və bəzən adamı qəfil güldürən.

Habil Əliyev böyük sənətkar olmaqla yanaşı, böyük yumor hissinə malik idi. Onun lətifələri illərlə musiqiçilərin, sənət adamlarının arasında dolaşdı. O, bəzən bir cümlə ilə adamın kefini açar, bəzən də bir atmacayla söhbətin bütün istiqamətini dəyişərdi.

Məsələn, müğənni Nazim Ağayev bir gün həkimdən şikayətlənir ki, bədənində duz yığılıb. Habil isə heç düşünmədən cavab verir:

— Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur!

Habil Əliyevin yumoru da özü kimi idi: sadə görünürdü, amma altında iti müşahidə və insan xarakterini tanımaq bacarığı vardı. Onun lətifələrində musiqi aləminin adamları, toylardan səhnələrə, kənd konsertlərindən gündəlik həyata qədər hər şey öz yerini tapırdı. O, həyatı müşahidə edirdi. İnsanları tanıyırdı. Və gördüyünü özünəməxsus sözlə ifadə etməyi bacarırdı. Bəlkə də elə buna görə Habil Əliyevin sənətkar obrazı yaddaşımızda yalnız kamançanın başına əyilmiş ciddi bir ustad kimi qalmayıb. O, həm də gülməyi bacaran, başqalarını güldürən, bəzən sərt, bəzən tərs, bəzən qısqanc, amma bütün hallarda özünəməxsus olan bir insan idi.

Onun həyatında qəribə ziddiyyətlər vardı. Məsələn, həyat yoldaşı Şərqiyyə xanıma çox bağlı idi, hətta onu hamıya qısqanırdı. 1954-cü ildə ailə qurduğu Şərqiyyə xanım sonralar kimya fakültəsinə daxil olmuşdu. Amma Habil müəllim onun işləməsinə razı olmamışdı. Sənətdəki sərt xarakteri ailə həyatında da özünü göstərirdi. Habil Əliyev heç vaxt “hamının xoşuna gələn” adam olmağa çalışmadı. O, öz bildiyini deyirdi.

Alim Qasımovun ifasına münasibətində də bunu görmək olurdu. Onun yenilikçi ifasına qulaq asıb bir dəfə belə deyirdi:

— Başa düşürük, təzə şeylər oxuyursan, amma yorğan-döşəyi niyə səhnəyə çıxarırsan?

Bu, Habil Əliyevin xarakterinin başqa bir tərəfi idi. O, ənənəyə bağlı idi, amma özü də həmin ənənənin içində yenilik yaratmışdı. Kamançanın səsini dəyişdirmiş, muğamlara yeni nəfəs vermişdi. Başqasının yeniliyinə isə münasibətdə olduqca sərt idi.

Onun həyatında belə sərtliklə həssaslıq, qürurla kövrəklik, ciddiliklə yumor həmişə yanaşı gedirdi.

2015-ci il sentyabrın 8-də Habil Əliyevin kamançası susdu. Amma Habil Əliyevin kamançasından çıxan səs bu gün də yaşayır. Onun ifasında “Segah” başqa cür kövrəlir, “Rast” başqa cür ucalır, “Zabul” başqa cür danışır…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıya illər sonra qayıdan İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz paytaxtımızda baş verən dəyişikliklərdən, Azərbaycanın

Ən son

GÜNDƏM

Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb.

GÜNDƏM

Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin