Qədim yaşayış məskənləri, mağara, qala, ovdan və kəhrizləri, tarixi tikililəri, sivilizasiyaları , mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanı olan məkanları ilə dünyanın ən əski dəyərlərinə ayna tutan Odlar Yurdu Azərbaycan həm də müxtəlif xalqların hüzur içərisində yaşadığı, ürüyüb-artdığı, dilini, dinini, mədəniyyətini, adət-ənənələrini mühafizə edib, qoruduğu diyardır.

Qafqaz Albaniyasından Udi ocağına
Zəngin mədəniyyəti, qüdrətli tarixi ilə dünyaya meydan oxuyan Vətənimizin elə bir qəsəbəsi var ki, burada qədim Alban-Alpan dilli hələ də danışılır. Min illərinin sirrini, sehrini qoruyan Qafqaz Albaniyasının mərkəzlərindən birində – Qəbələdə tarixin imzasına çevrilən Nic qəsəbəsi qədim yaşayış məskənidir. Əldə olunan məlumatlara istinad edərək deyə bilərik ki, tolerantlığın və multikultural dəyərlərin məskəni olan Nic ölkəmizdə xüsusi dövlət qayğısı ilə əhatə olunub .
Azərbaycanın qədim yaşayış məskənlərindən olan, udilərin tarixi vətəni , yurd yeri sayılan, Amazon-Həftəran vadisində yerləşən Nic qəsəbəsi Qəbələnin ərazicə ən böyük yaşayış məskənidir. Burada əsasən udilər, türklər-azərbaycanlılar və ləzgilər mehriban qonşuluq şəraitində yaşayırlar.

Udi Mədəniyyət Mərkəzi bu qədim xalqın tarixinin və mədəniyyətinin təbliğində mühüm rol oynayır
Məlumat üçün onu da qeyd edək ki, udilər Qafqaz Albaniyasının varisləri hesab olunur. Tarixi mənbələrə görə onlar Qədim Alban dövlətinin dilini , dini dəyərlərini, mədəniyyətini və adət -ənənələrini bu günə qədər qoruyub saxlayan azsaylı xalqlardandır. Nic qəsəbəsində fəaliyyət göstərən, Udi Mədəniyyət Mərkəzi bu qədim xalqın tarixinin və mədəniyyətinin yaşadılmasında, tədqiq və təbliğ edilməsində mühüm rol oynayır. 1854-cü ildə burada Udi məktəbi açılıb. Bu gündə fəaliyyət göstərən məktəbdə ibtiadi siniflərdə Udi dili tədris olunur.
Tolerantlığın ünvanı sayılan qəsəbədə XIX əsrə aid Müqəddəs Yelisey Tsilin və Müqəddəs Məryəm Ana kilsəsi ilə yanaşı, Cümə Məscidi də fəaliyyət göstərir.

Gözəl təbiəti ilə seçilən Nic fındıq bağları ilə məhşurdur. Qəsəbənin iqtisadi-sosial həyatında yer tutan fındıq bağlarında elə ağaclar var ki, yaşı yüz illərlə ölçülür.
Azərbaycan Respublikasının Birinci vitse-prezdenti , Heydər Əliyev Fondunun Prezdenti xanım Mehriban Əliyevanın qayğısı ilə mühüm inkişaf mərhələsinə qədəm qoyan Nic bu gün tərəqqi dövrünü yaşayır. 44 günlük Vətən Müharibəsindən, tarixi Zəfərdən sonra Laçındakı Ağoğlan qəsrində – Alban məbədində ziyarətdə olan Nic Udi məclisinin nümayəndələri, Müqəddəs Yelisey Tsilin və Müqəddəs Məryəm Ana kilsəsinin nümayəndələri qədim inanc və yaddaş yerlərindən birində əllərini Tanrıya açıb Qələbəni olara yaşadan Şəhidlərin ruhuna dualar oxudular.

Kələxon- Zuvand mahalının alınmaz qalası
Lerik təkcə gur şəlalələri, zümzüməli çeşmələri, sıx meşələri, qəlbi dağları ilə deyil, həm də qalaları ilə məhşurdur. Qədim Zuvand mahalının strarteji nöqtəsində, əzəmətli qala dağının üstündə daşa, yaddaşa dönən bir tarix boylanır – Kələxon Qalası!
Yerli talış dilində bu Xan qalası anlamına gəlir. Sıldırım mərmər qayalara baxdıqda insan ulularının bu keçilməz izdihamı necə tikdiyinə heyrət edir. İşıqlı, aydın havada Xan qalasından boylandıqda uzaqdan Güney Azərbaycan ovuc içi kimi görünür. Savalan dağının qarlı bəyaz zirvəsi , ağ çalması belə göz önündə canlanır. Tarixin daş yaddaşı sayılan Kələxon qalası təkcə keçmişin bir parçası deyil, həm də əski çağ mədəniyyətinin, dövlətçilik ənənələrinin incisidir. Kələxona baxmaq, onun zirvəsində mənsub olduğu millətin əzəmətini dərk etmək, duymaq istəyənlər bura can atır, tarixin daş yaddaşı ilə baş-başa qalır.

Qaçaq Mayıl mağarası – Təngəaltının incisi
Çar Rusyasının yüz illərlə fəth edə bilmədiyi Təngəaltının keçilməz səddi sayılan, Təngə dərsində mövcud olan Vəlvələ çayın ətəyində binə tutan, Qaçaq Mayıl mağarası Şahdağdan , Bazardüzü zirvəsindən, Babadağdan, Xınalıqdan sonra Qubanın məhşur ünvanlarındandır.
Çay səthindən 130 metr hündürlükdə yerləşən mağara olduqca sərt, sıldırım qayaların qoynunda yerləşir. Keçmişdə bura qalxmaq demək olar ki, qeyri-mümkün və təhlükəli olub. Hazırda turistlər üçün xüsusi pilləkənlər quraşdırılsa da deyirlər yuxarı qalxdıqca insanın dizləri titrəyir.
Bu nadir təbiət incisinin Qaçaq Mayıl mağarası adlandırılmasının da maraqlı tarixçəsi var : “XIX əsrin sonlarında yaşayan Mayıl Zahirov da Qubalı Fətəli xan, Şeyx Şamil kimi Çar Rusyasının üstünə yeriyib”. Öz dəstəsi ilə bu sərt, sıldırım qayada məskən salıb. Çoxsaylı məsləkdaşları, daha doğrusu igidləri ilə Çar cəlladlarına qarşı savaşıb. O, təkcə Rus İmperiyasına qarşı deyil, 1918-1920-ci illərdə bölgəyə hücum edən erməni daşnaklarına qarşı da vuruşub, Quba üsyanının başcısı kimi tarixdə qalıb.
Şərəf Cəlilli