Yanovskinin tədqiqatlarından sonra Albaniyanın Azərbaycan olduğu bütün dünyaya bəyan edildi, onun bu mövqeyi Dorn tərəfindən də təsdiq olundu
Milli dövlətçilik tariximizdə mühüm yer tutan eramızdan əvvəl IV əsrdən VII əsrdək mövcud olan, V əsrdən əlifbasını, yazı mədəniyyətini formalaşdıran Qafqaz Albaniyasının tarixi Alpanların, Ağban elinin qüdrətli keçmişindən soraqçıdır.
“1917-ci ildə nəşr edilmiş “Rus-Çin lüğəti” adlı kitabda rus dilindən çin dilinə tərcümədə “Alban” sözünü “Azərbaycan” deyə tərcümə ediblər.”
Bu barədə Olоas Süleymenov da “Az i Ya” əsərində qeyd edib. Qafqazda mövcud olan Albaniya dövlətini bəzi xalqlarla, xüsusən də Udinlərlə bağlamağa cəhdlər olub. 1846-cı ildə rus şərqşünası Yanovskinin tədqiqatlarından sonra Albaniyanın Azərbaycan olduğu bütün dünyaya bəyan edilib. Onun bu mövqeyi Dorn tərəfindən də təsdiq olunub. Albaniyanın Qafqaz Azərbaycanı olması sübuta yetirilib.

Alban memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cisimlərinə ibadətin motivləri öz əksini tapır
Qafqaz Albaniyası Azərbaycanın ilk dövlətlərindən biridir. Onun təməlinin qoyulmasında bu torpaqlarda yaşayan 32 tayfanın rolu olmuşdur. Qədim yazılı abidələrimizdən biri olan “Kitabi – Dədə Qorqud” dastanını vərəqləmək kifayətdir ki, dediklərimizin həqiqət olduğunu qəbul edəsən. “Kitabi – Dədə Qorqud” dastanı ümumtürk düşüncəsinin aynası olmaqla yanaşı, həm də daha doğrusu əsasən də Qafqaz Albaniyasına daxil olan oğuz, qıpçaq, sak, qarqar və digər türk tayfalarının ümumi dastanıdır; hər bir Alban dövlətinə daxil olan türk tayfasının bir salnaməsidir.

Tarix yalnız mənbədən, əlyazmadan oxumaqla yazılmır. Azərbaycanın hər bölgəsində tarixi min illərə gedib çıxan abidələr, qalalar, tikililər, kurqanlar var. Hər birinin üstündə də milli kimliyi sübut edən tamğalar.
“Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində, eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsini asanlıqla görmək olur. Albanlara məxsus məbədlərə baxan kimi dərhal bilinir ki, o dövrdə günəşə ibadət edən albanlar tərəfindən tikilib. Yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cisimlərinə ibadətlə qarışdırıldığı dövrlərdə inşası baş tutub. Qapı və pəncərələri günəşdoğan tərəfə tikilib. Alban memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cisimlərinə ibadətin motivləri öz əksini tapir ki, bu da türk mifologiyasında kosmoqonik görüşlər sistemi kimi qəbul edilir.”

Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir
Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. “Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur. “Bütün alban yazılı kitabələrinin üzərindəki xristianlığa qədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoхdur. Alban dövrü abidələrində, xüsusilə xaçdaşların dekorundakı bədii kompozisiyalarda xristianlığın simvolu olan xaç təsvirləri ilə yanaşı, türk etiqadları, dünyagörüşü, sənət ənənələri və mədəniyyətinə məxsus müxtəlif elementlər müşahidə olunur.” Bütün bunlar alban abidələrinin türk etnomədəniyyətinə məxsus olmasını birmənalı şəkildə təsdiq edir”.

Uilson: “Əldə edilən məlumat və nişanələr deməyə əsas verir ki, daha qədim mədəniyyətin mərkəzi Azərbaycan olmuşdur”
Daha vacib bir məqam: alban dili yeni minilliyin başlanğıcında başqa türk etnoslarının dili ilə qaynayıb-qarışaraq formalaşmış Azərbaycan türkçəsi idi. “Tədqiqatçılar alban dilinin mənşəyini izah etmək üçün saysız toponim və antroponimlər üzərində etimoloji araşdırmalar aparıb, etnonimlərin etimoloji izahını veriblər. Müasir dilimizin spesifik fonetik, leksik və qrammatik xüsusiyyətləri, əlbəttə, onun xalis oğuz mənşəli olmasını sübut edir.” Amma unutmaq olmaz ki, Azərbaycan dili təkcə oğuz dilləri qrupu əsasında formalaşmayıb və formalaşa da bilməzdi. Hələ bu gün də dilimizdə qıpçaq və qismən də qarluq-uyğur qrupu dillərinin ifadələri qalmaqdadır.

Türk mifologiyasına görə ikibaşlı qartal günəşi və ayı təmsil edir; qədim türk Tanrısı Ülgənin, gecə və gündüzün simvoludur
Mühüm məqamlardan biri isə Qafqaz Albaniyasının dövlət rəmzi olan bayrağın üzərindəki ikibaşlı qartal simvolu ilə bağlıdır. “Türk mifologiyasına görə ikibaşlı qartal günəşi və ayı təmsil edir; qədim türk tanrısı Ülgənin, gecə və gündüzün simvoludur. İkibaşlı qartal Səlcuq dövlətinin bayrağında və gerblərində də yer almışdır. Cütbaşlı qartal motivinə qədim dövrlərdə şumerlərdə rast gəlinir. Şumerlərdə Lapaş şəhərinin simvolu cütbaşlı qartal idi; onlardan akkadlara, assurlara, sasanilərə və bizanslılara keçib. Eyni zamanda hetlərdə, Böyük Krallıq dövründə Xattuşa, Alacahöyük və Yazılıqayadakı relyeflərdə yenə cütbaşlı qartal görünür. Anadoluda vəziyyət belə ikən, Türküstanda şamançılığa görə yer ilə göy arasındakı Polad Qapını qartal qoruyur. İnsanlara səma və yer üzü səfərlərində bələdçilik edən varlıqlar quş şəklindədir. Qartal quşlar arasında ucalıq və yüksəklik timsalıdır. Buna görə türklər qılınc qınlarında cütbaşlı qartal fiqurundan istifadə edirdilər”.

Müstəqil Alban Kilsəsinin ləğv edilərək Eçmiədzinə tabe edilməsi Qafqaz Albaniyasının tarixi həqiqətlərinə kölgə salmaq üçün düşünülmüşdü
Nüfuzlu tarixçi, tarix üzrə fəlsəfə doktoru dosent Zaur Əliyevin tədqiqatlarına istinad edərək onu da qeyd edə bilərik ki, çoxlarının düşündüyü kimi albanlar heç də tarix səhnəsindən çıxmayıblar, onlar bizim ulu əcdadlarımızdırlar. Onların varisləri isə taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Anadoluya bölünən tarixi torpaqlarımızın sakinləri olan azərbaycanlılardır. “Sadəcə, Çar Rusiyasının Qafqaza gəlişi ilə milli kimliyimizə əl uzadan xristian cəlladları alban məbədlərini kilsəyə çevirməklə milli kimliyimizin üstünə pərdə çəkmək istəmişlər. 1836-cı ildə ermənilərin diktəsi ilə mərkəzi Gəncəsər olan Müstəqil Alban Kilsəsinin ləğv edilərək Eçmiədzinə tabe edilməsindən sonra, 1910–1911-ci illərdə Müqəddəs Rusiya Sinodunun “dini arxivlərdə yerləşən lazımsız sənədlərin məhv edilməsi” qərarı adı altında Alban Kilsəsinə məxsus dini və tarixi əsərlər məhv edildi. Bu dəhşətli siyasətin nəticəsində alban əlifbası, yazısı və geniş yayılmış ədəbiyyatı tədricən məhv edilib aradan çıxarıldı. “

Cənubi Qafqaza kütləvi şəkildə köçürülən ermənilər Alban mədəniyyətinin nümunələrindən yararlanmağa başladılar
İlk hədəf isə Qarabağ, Qərbi Azərbaycan, Gürcüstan – Borçalı ərazilərində olan alban dövrü xaçdaşlarının ya tamamilə məhv edilməsi, ya da formalarının dəyişdirilməsi üçün çoxsaylı layihələrin gerçəkləşdirilməsi oldu. Sovet dövründə isə nəinki Qarabağ, Qərbi Azərbaycan, Gürcüstan – Borçalı və Başkeçid ərazilərində olan, hətta harada alban kilsəsi varsa, oradakı alban xaçlarını qriqoryanlaşdırmağa başladılar. Onlar bu xaçları dəyişməklə kifayətlənməyib, divarlarda erməni dilində yazılar yazmağa nail oldular.
“XIX əsrin əvvəllərindən Cənubi Qafqaza kütləvi şəkildə köçürülən ermənilər Alban mədəniyyətinin bu nümunələrindən dərhal yararlanmağa başladılar. Onlar “qədim xalq” obrazı yaratmaq, bununla da ermənilərin digər xalq və millətlərdən daha üstün olduqlarını nümayiş etdirmək üçün öz mədəniyyətlərinin, dini rəmzlərinin və xaçlarının təkmilləşdirilməsi ilə məşğul olmağa başladılar. Amma nə qədər cəhd etsələr də, onu Qafqaz Albaniyasının hüquqi, siyasi, mədəni və tarixi varisləri olan Azərbaycan xalqından qopara bilmədilər.”

30 illik işğaldan, intizardan sonra Xudavəng və Ağoğlan qəsrinin, Qafqaz Albaniyasına aid abidələrin erməni daşnaklarının basqısından xilas edilib tarixi sakinlərinə və sahiblərinə qaytarılması, hilallı, ulduzlu, üçrəngli bayrağımızın bu müqəddəs məbədlərin zirvəsindən dalğalanması varislik hissimizin, tarixi irsə sədaqətimizin nümunəsinə çevrildi.
Şərəf Cəlilli