Qacarlar İmperiyasının tərəqqisi, ayaqda qalması üçün islahat proqramları tərtib edən, gənclərin Avropaya təhsil almağa göndərilməsi haqqında Fərman imzalayan ilk azərbaycanlı dövlət xadimi, ordunun modernləşdirilməsi üçün hərbi sənaye zonasının – zavodunun təməlini qoyan, Qacarlar İmperiyasının xilası üçün Çar Rusiyasının üstünə yeriyən vəliəhd Abbas Mirzə Qacar tarixdə, həm də Cavad xanın haqq səsi kimi qaldı. Onun Napoleon Bonaparta ünvanlandığı məktub I Pyotrdan bu yana “Qafqazı parçala, hökm sür! İstanbulu fəth et!” nidası ilə Qafqazda hakimi mütləq olmaq üçün qanı su yerinə axıdan Çar Rusiyasının iç üzünü açdı.
Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli imperiyalar quran Odlar Yurdu Azərbaycanın Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrinə qədər üzləşdiyi dəhşətlər təkcə enən bayraqlarımızın, ayrı-ayrı xanların deyil, ədalətsiz dünyadan ədalət axtaran insanlığın faciəsi idi. Qudoviç, Paskeviç, Sisianov kimi imperiya cəlladlarının Qafqazlarda tökdüyü qanlar təkcə Dərbənd, Gəncə, İrəvan qalalarını qana boyamadı, bu torpaqların tarixi sakinləri və sahibləri olan Cavad xan, Hüseynqulu xan, Hüseynəli xan, İbrahim xan kimi saraylarda sultan olan azərbaycanlıların iqtidarına və ömrünə son qoydu.
Cavad xan Ziyadoğlu Qacarın 1804-cü ilin yanvarında rus hərbçiləri tərəfindən öldürülməsi Ziyadoğlu ailəsinin Gəncədəki 300 illik hakimiyyətinə son qoydu. Lakin bu nəsil və xüsusilə Cavad xanın oğulları Qafqazdakı siyasi proseslərə müdaxilə etmək imkanına malik idi.
Çar Rusiyasının Gəncəyə hücumu zamanı Cavad xanın böyük oğlu Hüseynqulu xan I Rusiya-Qacar müharibəsində atası ilə birlikdə şəhid oldu. O, Gəncənin aşağı məhəllələrinin mücahidlərinin sərkərdəsi idi. Döyüş zamanı, o, əlində qılınc, Abbasi küçəsinin başında rusların hücumlarının qarşısını almışdı.
Sisianovun “gəlirik” xəbərinə “qalanı fəth edə bilərsən, ancaq mənim cənazəmin üstündən keçəndən sonra” deyən Cavad xanın və mücahidlərinin mübarizəsinə baxmayaraq 1804-cü il yanvar ayının üçü, sübh vaxtı Fitr Bayramı günü Çar cəlladlarının Hacıqalaya həmləsi kədərlə nəticələndi. Cavad xan müdafiə olunanların ön sırasında, topun yanında şəhidliyə qovuşdu və böyük oğlu Hüseynqulu xan da həmin yerdə qətlə yetirildi.

Cavad xanı onların amansız qılıncı ölümün ağuşuna göndərdi
Həmin vaxt vəliəhd Abbas Mirzə Qacar Napoleon Bonaparta məktub ünvanlayır. Abbas Mirzənin məktubundan məlum olur ki, Cavad xanın qətli və Gəncənin ruslar tərəfindən işğal olunmasından sonra Cavad xanın bir neçə oğlu tutulub Rusiyaya aparılmış, bəziləri isə Qacarlar dövlətinə pənah gətirmişdir. Abbas Mirzə 1804-cü ildə Napoleon Bonaparta yazdığı məktubda deyilirdi:
“Bu əzəmətli dövlətə rəhbərlər rus vilayətlərinə yönəlmiş bayraqları qaldırıb, rusların İran (o zaman rəsmi sənədlərlə təəssüf olsun ki, Qacarlar dövləti İran olaraq təqdim edilirdi – Ş.C) məmləkətinin sərhədinə yürüşünün qarşısını almaq üçün hərəkət etdiyi bir vaxtda onların cavabları bu oldu ki, Gəncə və Gürcüstan məmləkətlərini Gürcüstan valisi İrakli xanın oğullarından və Gəncəli Cavad xandan satın alıblar və bu səbəbdən də hücuma keçiblər. Birinci odur ki, adı çəkilən tayfanın müamiləsi həqiqətə zidd, xalis böhtan və əqli naqisdir. Əslində isə hər bir bəsirət sahibinə hava kimi aydın, açıq və aşkardır ki, torpaq sövdəsində çoban və əkinçi yox, onun yiyəsi ilə görüşərlər və taxılın ixtiyarı çobanın yox, onun sahibinin əlindədir. İkinci, bu müamilənin İrakli xanın övladlarına və Cavad xana nəyin bahasına başa gəldiyi də bəllidir: İrakli xanın böyük oğlu Qorqin xan onların qəhər badəsindən zəhər içdi; Gəncə xanı Cavad xanı isə onların amansız qılıncı ölümün ağuşuna göndərdi və onların sağ qalan övladlarının bəziləri rus vilayətinə məhbus, bəziləri isə evindən, eşiyindən, vətənindən, məskənindən ümidsiz, məyus halda didərgin düşüb və əzəmətli dostunun astanasında sığınacaq tapıblar”.
Tarixi mənbələrə istinad edərək onu da qeyd edə bilərik ki, Abbas Mirzə Qacarın da xatırlatdığı kimi həmin oğullardan ikisi Uğurlu xan Qacar və Əliqulu xan Qacar idi. Ruslar Gəncədə möhkəmləndikdən, Gəncə bütünlüklə işğal olunduqdan sonra Uğurlu xan Arazın o tayına keçir və Qacarlar imperiyasına sığınır. Bir müddət sonra Çar Rusiyası Uğurlu xanın Gəncədə əsir düşən anasını həmin vaxt Qacarlarda həbs olunan tanınmış bir şəxsin müşayiəti ilə Abbas Mirzə Qacarın sarayına göndərir.
Bu tarixi sənəd – Napoleon Bonaparta ünvanlanan məktub Azərbaycanın ərazi bütövlüyü üçün əlindən gələni əsirgəməyən, ölkədə islahatlar şahı – şahzadəsi kimi tanınan, Qacar taxtının varisi Abbas Mirzə Qacarın Vətən sevgisinin göstəricisidir.
Şərəf Cəlilli