Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun “İçərişəhər sehri” adlı fərdi sərgisi keçirilib.
Baki-baku.az xəbər verir ki, sərgi avqustun 11-də İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayı Kompleksində baş tutub.


İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə təşkil olunan sərgidə rəssamın İçərişəhərin tarixi memarlığını, qədim küçələrini və milli-mədəni irsini əks etdirən əsərləri nümayiş olunub.

Sərginin əsas məqsədi İçərişəhərin özünəməxsus ab-havasını təsviri sənət vasitəsilə təqdim etmək, paytaxtın tarixi irsinə və memarlıq incilərinə diqqəti artırmaqdır.
Qeyd edək ki, Əşrəf Heybətov UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü və beynəlxalq “Sülh səfiri”dir. Rəssam 2018-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülüb. Onun yaradıcılığında Azərbaycan, xüsusilə Bakının qədim İçərişəhəri və doğma küçələri əsas mövzulardan birini təşkil edir.
Hacı Cavadov