İsmayıllının zümrüd qaşı – Babadağ kanyonu
Girdiman dövlətinin taxtı, Basqal, Lahıc kimi qədim yaşayış məskənlərinin ünvanı olan İsmayıllı rayonu şura hökuməti gəldikdən sonra Şirvan şahlığında qurulan rayonlardandır. Şamaxı xanı Mustafa xanın iqamətgahlarından birinə ev sahibliyi edən İsmayıllı dünyada həm də Babadağ, Küpüc, Niyaldağ, Qız qalası, Girdiman və Ax-ox çayları ilə məşhurdur. Babadağ ziyarətgahı ilə yanaşı, həm də Babadağ kanyonuna ev sahibliyi edən bu dilbər guşənin ziyarətinə gələnlər öncə Talıstan meşələrini, misgərliyin məskəni olan Lahıcı, dünyanın maddi-mədəni irsi siyahısına yazılan Basqal Kəlağayısının ünvanı Basqalı və Babadağ kanyonunu ziyarət edir. Bu nadir təbiət incisinin zinəti olan şəlalənin önündə lal sükuta dalır.

Babadağ kanyonu yüzillərdir insanların müqəddəs məkan bilib ziyarətində bulunduğu, dəniz səviyyəsində 3600 m hündürlükdə yerləşən Babadağ zirvəsinin ətəklərindədir. Rəvayətə görə, “əski çağlarda bu dağlarda Tanrıya bağlı Həzrət baba adlı bir müqəddəs yaşayıb. Günlərin bir günü o, təsadüfən bir düyü dənəsini ayaqlayır. Bu günahın ağırlığından kədərlənir. Bağışlanmaq üçün bu uca dağlara çəkilib gecə-gündüz Tanrıya ibadət edir. Və bu zirvədə qeybə çəkilir…”
Əldə olunan məlumatlardan o da bəlli olur ki, yüzillər boyu yerli əhali bu dərələrdən qorxub, həm də dara düşəndə onu pənah yeri bilib. Müqəddəs ziyarətgah hesab etdiyi yerlərdə hüzur bulduqca, həm də buranı yaylaq, oylaq yerinə çevirib. Qəribəsi, daha maraqlısı isə odur ki, füsunkar bənövşəyi gözəlliyi ilə insanları heyran edən kanyob yüzllərdir mövcud olsa da, müasir turizm üçün potensiala çevrilməyib. Cəmi bir neçə ildir kəşf olunan Babadağ kanyonu təzəlikcə məşhurlaşmağa başlayıb. Babadağı, onun ətəyində mövcud olan “Nənənin məqbərəsini” ziyarət edənlər, İsa, Musa bulağından içib Həzrət Baba müqəddəsliyinə varanlar, Tanrının dağ ucalığına, daş yaddaşına qovuşanlar İsmayıllının zümrüd qaşı Babadağ kanyonunu da ziyarətdə bulunurlar.

Yeddinov – beş-altı çırağı, altmış üç sakini ilə yaddaş yeri olan kənd
Zəngin təbiəti, qədim yaşayış məskənləri ilə tarixə şahidlik edən İsmayıllının adların belə bilmədiyimiz elə kəndləri var ki, cəmi-cümlətanı 5-6 evdən ibarətdir. Dağların qoynunda binə tutan, 63 nəfərin yaşadığı, zamanın donub qaldığı, sükuta daldığı, dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən bu qədim və unikal kəndin adı tat dilində Yeddinov, yəni Yeddi su dəyirmanı deməkdir. Vaxtı ilə, daha doğrusu şura hökuməti illərində burada yüzlərlə təsərrüfat, qaynar həyat olub. İşə gedən, işdən gələn, mal-qoyun sürüsünü dağların döşünə muncuq kimi səpən insanlar indi məzar daşına, qəbirüstü abidələrə çevriliblər. Ruzigarı solan Yeddinovda indi qeyd etdiyimiz kimi, cəmi 5-6 çıraq yanır. Yaddaşından, dədə-baba yurdundan qopmayan 63 kənd sakini İcra nümayəndəliyinin damından dalğalanan bayrağın altından keçib hər səhər bulaq başına tələsir, iş-güc dalınca gedir. Əski gərənəkləri yaşadan bu insanlar dar cığırları, yosmaca kərpic damlı evlərdən bərq vuran şam işığı ilə onu çıraqban dünya hesab edir. Qədim məscidi, yeraltı hamamı ilə tarixlə müasirlik arasında körpü olan köylərini cənnətin köşəsi bilir. Yeddinova maşın yolu yoxdur, sükutun harmoniyasını yaşayan bu qədim yaşayış məskəninə, ya da payi-piyada vara bilərsən. Yeddinov, ya elə şirin-şirin öz dilimizdə desək Yeddi su dəyirmanı toxunulmamış ilkinliyi, saflığı, paklığı, pozulmamış yaddaş yeri ilə “gəl məni gör, dərdimdən öl” deyir.

Tarixi, əski çağ dəyərlərini dünyanın o başında arayanlar İsmayıllıya gəlsə, Niyaldağın, Babadağın ətəyindəki Yeddinovu mütləq sevəcəklər. Böyük və sonsuz sevgi hər kəs üçün doğulduğu torpaqdan, Ana Vətəndən başlayır. Elə olmasa, 5-6 Çırağı, məsciddə gündə 5 yol səcdəyə gedən 63 insanı, asimana bülənd olan Bayrağı ilə tarixə şahidlik edən bir köy ayaqda qala bilməz.
Şərəf Cəlilli