Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Hacı Murad Yagizarov bu gün yaşasaydı, 87 yaşını qeyd edəcəkdi. Səhnədə yaratdığı yaddaqalan obrazlar, kinoda canlandırdığı müxtəlif xarakterlər və sənətə sədaqəti onu Azərbaycan mədəniyyətinin ən dəyərli simalarından birinə çevirib.
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Sənətə olan marağı hələ məktəb illərində özünü göstərib. Dram dərnəyindəki çıxışlarından birini izləyən görkəmli aktyor Ələsgər Ələkbərov onun istedadını yüksək qiymətləndirərək Teatr İnstitutuna daxil olmağı tövsiyə edib. Bu məsləhət gənc Hacı Muradın həyat yolunu müəyyənləşdirən əsas məqamlardan biri olub.
O, M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində, tanınmış pedaqoq Məhərrəm Haşımovun kursunda təhsil alıb. İnstitutu bitirdikdən sonra – 1962-ci ildən etibarən taleyini Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına bağlayıb və ömrünün böyük hissəsini bu səhnədə keçirib.
Hacı Murad Yagizarov təkcə teatrda deyil, kinoda da məhsuldar fəaliyyəti ilə seçilib. O, 40-dan çox bədii film və televiziya layihəsində müxtəlif xarakterli obrazlar yaradıb. “Ögey ana”, “Uzaq sahillərdə”, “Mateo Falkone”, “Böyük dayaq”, “Ulduz”, “Arşın mal alan”, “Bir cənub şəhərində”, “Babək”, “Bağ mövsümü”, “Nigarançılıq” və digər ekran əsərlərindəki rolları Azərbaycan kinosunun yaddaqalan obrazları sırasında yer alır.
Sənətkarın yaradıcılığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1974-cü ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1982-ci ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatına, 1996-cı ildə “Qızıl Dərviş” mükafatına layiq görülən aktyor, sonrakı illərdə “Şöhrət” (2009) və “Şərəf” (2019) ordenləri ilə də təltif edilib.
Hacı Murad Yagizarov 13 sentyabr 2025-ci ildə Almaniyanın Münxen şəhərində vəfat edib. Onun nəşi sentyabrın 16-da Bakıya gətirilib, Təzəpir məscidində keçirilən vida mərasimindən sonra İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
İllər keçsə də, Hacı Murad Yagizarovun yaratdığı obrazlar Azərbaycan teatrı və kinosunun qızıl fondunun ayrılmaz hissəsi olaraq yaşayır. O, tamaşaçı yaddaşında peşəkarlığı, yüksək səhnə mədəniyyəti və sənətə sonsuz sevgisi ilə iz qoyan sənətkarlardandır.