Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/13/2026

Paylaşın

TARİX

Bakıdan doğan günəş – Birinci Türkoloji Qurultayın 100 illiyi

Birinci Türkoloji Qurultay

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi sadəcə yubiley tədbiri deyildi. Bu, yüz il əvvəl Bakıda əsası qoyulan böyük ideyanın müasir dövrdə yeni məzmunla davam etdiyini nümayiş etdirən tarixi hadisə idi.

İyunun 29-da Heydər Əliyev Mərkəzində başlayan Türk Dünyası Həftəsinin ilk dəqiqələrindən hiss olunurdu ki, bu tədbir ancaq elmi və mədəni proqramdan ibarət olmayacaq. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının təbrik məktublarının səsləndirilməsi zalda emosional və qürur dolu ab-hava yaratdı. Hər ölkənin öz ana dilində səslənən müraciətlər, əslində, Birinci Türkoloji Qurultayın əsas ideyasının – türk dillərinin yaşaması, inkişaf etməsi və ortaq dəyərlər ətrafında birləşməsi düşüncəsinin yüz il sonra necə möhkəmləndiyini nümayiş etdirirdi.

Açılış mərasimindən sonra təqdim olunan bədii proqram da həmin ruhu tamamladı. Müxtəlif türk xalqlarının musiqisinin vahid kompozisiyada təqdim olunması fərqliliklərin deyil, ortaq mədəni yaddaşın və birliyin təntənəsinə çevrildi. Musiqi isə incəsənət nümunəsi olmaqla yanaşı, ortaq kimliyin dili idi.

Həftə boyunca keçirilən tədbirlər göstərdi ki, Birinci Türkoloji Qurultayın irsi artıq yalnız tarix kitablarında qalan bir hadisə deyil. Bu irs müasir türk dünyasının elmində, təhsilində, mədəniyyətində və hətta siyasi düşüncəsində yaşayır.

Türk Əməkdaşlıq Təşkilatlarının, xüsusilə də, TÜRKSOY-un, Beynəlxalq Türk Akademiyasının və Türk Mədəniyyəti və İrsi Fondunun təqdim etdiyi layihələr bunu bir daha sübut etdi. Son illər ortaq əlifba, ortaq terminologiya, elmi araşdırmalar, mədəni irsin qorunması, kitab nəşrləri və beynəlxalq festivallar istiqamətində görülən işlər türk xalqlarının inteqrasiyasının artıq nəzəri müstəvidən praktik mərhələyə keçdiyini göstərir.

Yubiley çərçivəsində təqdim olunan “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı da iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Üzərində Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk Dünyasıdır” fikri həkk olunan bu nişan yalnız xatirə atributu deyil, ortaq ideyanın rəmzi kimi qəbul edildi.

Tədbirlər proqramının ən diqqətçəkən cəhətlərindən biri onların yalnız bir istiqamətlə məhdudlaşmaması idi. Bakı Dövlət Universitetinin təşkil etdiyi “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” beynəlxalq konfransı, Milli Elmlər Akademiyasında keçirilən elmi panellər, Türk Akademiyasının və Türk Mədəniyyəti və İrsi Fondunun kitab təqdimatları, Milli Kitabxanada baş tutan nəşrlərin təqdimatı, Milli Xalça Muzeyində açılan “Divanü lüğat-it-türk” sərgisi, Milli İncəsənət Muzeyində keçirilən Əli bəy Hüseynzadəyə həsr olunan seminar və sərgi – bütün bunlar yubiley proqramının nə qədər zəngin və çoxşaxəli hazırlandığını nümayiş etdirdi.

Xüsusilə İsmailiyyə binasında keçirilən panel iclasları rəmzi məna daşıyırdı. Çünki məhz həmin binada yüz il əvvəl Birinci Türkoloji Qurultay keçirilmişdi. Bugünkü alimlərin həmin tarixi məkanda yenidən türk dünyasının gələcəyini müzakirə etməsi keçmişlə gələcək arasında mənəvi körpü yaratdı.

Tədbirlərdə iştirak edən alimlər və ekspertlər də yubileyin əhəmiyyətini həm elmi hadisə, həm də siyasi və ideoloji hadisə kimi yüksək qiymətləndirirlər. Onların fikrincə, Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən Türk Dünyası Həftəsi türk mədəniyyətinin nadir intellektual bayramına çevrildi və Azərbaycanı bir daha türk dünyasının düşüncə mərkəzi kimi təqdim etdi.

Mütəxəssislər xatırladırlar ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirilməsi təsadüfi deyildi. Məşhur şərqşünas Vasili Bartold hələ həmin dövrdə Azərbaycanın və Bakının türk respublikaları arasında ən güclü elmi mühitə malik olduğunu qeyd etmişdi. Bir əsr sonra isə eyni şəhərin yenidən belə möhtəşəm tədbirə ev sahibliyi etməsi artıq Azərbaycanın fərqli statusunu nümayiş etdirir. Bu gün Bakı yalnız türkologiyanın deyil, bütövlükdə türk dünyasının siyasi, humanitar və intellektual dialoq platformalarından birinə çevrilib.

Türk Dünyası Həftəsi göstərdi ki, türk dövlətləri artıq yalnız ortaq tarix və mədəniyyət ətrafında deyil, həm də ortaq siyasi iradə, iqtisadi maraqlar və strateji baxış əsasında birləşirlər. Xəzər hövzəsini və Orta Dəhlizi əhatə edən yeni nəqliyyat marşrutları, enerji əməkdaşlığı, rəqəmsal layihələr və humanitar proqramlar bu inteqrasiyanın real nəticələridir.

Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması həm də gələcək nəsillər üçün mühüm mesajdır. Qloballaşma şəraitində milli dillərin, tarixi yaddaşın və mədəni kimliyin qorunması strateji əhəmiyyət daşıyır. Ortaq elmi layihələr, universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi, ortaq terminoloji bazanın yaradılması və rəqəmsal təhsil platformaları türk dövlətləri arasında inteqrasiyanı daha da sürətləndirə bilər.

Yubiley tədbirlərində iştirak edən tanınmış türkoloqların, elm adamlarının və ziyalıların geniş tərkibi də bu ideyanın beynəlxalq miqyasını nümayiş etdirdi. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər ölkələrdən gəlmiş alimlər türkoloji elmin gələcək inkişaf istiqamətlərini müzakirə etdilər.

Türk Dünyası Həftəsi bir daha göstərdi ki, Birinci Türkoloji Qurultayın ideyaları yüz ildən sonra da aktuallığını itirməyib. Əksinə, həmin ideyalar bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, elmi və mədəni əməkdaşlığın əsas sütunlarından birinə çevrilib.

Yüz il əvvəl dünya türkologiyasının taleyini müəyyən edən Bakı bu gün də eyni missiyanı davam etdirir. Fərq yalnız ondadır ki, artıq bu şəhər təkcə türkologiyanın deyil, bütövlükdə türk dünyasının ortaq gələcəyinin müzakirə olunduğu əsas intellektual və strateji mərkəzlərdən biri kimi çıxış edir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.

Ən son

TARİX

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi sadəcə yubiley tədbiri deyildi.

TARİX

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi sadəcə yubiley tədbiri deyildi.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin