11-23 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İçərişəhərin muzeyləri və təqdim olunan turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək.
Baki-Baku.az xəbər verir ki, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.
Eləcə də, Turist Məlumat Mərkəzi həmin tarixlərdə 10:00-dan başlayaraq, saat 22:00-dək ziyarətçilərə aşağıdakı xidmətləri təqdim edəcək:
- Piyada və elektromobil ilə qrup və ya fərdi turlar;
- İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti.
Qədim sənətkarlıq növlərinin yaşadılıb-öyrədildiyi “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin emalatxanası hər gün 09:00-dan 18:00-dək açıq olacaq. Sərgi salonunun iş saatları isə tədbir günlərində 09:00-22:00 arası fəaliyyət göstərəcək.
Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun ev-muzeyi COP29 günlərində saat 09:00-dan 18:00-dək qapılarını ziyarətçilərin üzünə açıq olacaq.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan Qala qəsri, Açıq səma altında muzey, “Tullantıdan sənətə” muzeyi COP29 günlərində saat 10:00-18:00 arası fəaliyyət göstərəcək. Əlavə olaraq, beynəlxalq tədbirin qonaqları üçün xüsusi turlar təşkil olunacaq.
Ətraflı məlumatı Turist Məlumat Mərkəzindən əldə etmək olar: 012 505 94 15
Baxış sayı: 65