Misir ehramları – Sənətin, zəhmətin, siyasətin harmoniyasından yaranan şah əsərlər
Fironların, firon adamların məskəni, Aralıq dənizinin mirvarisi, Mesopatamiyanın möcüzəsi, Sina çölünün incisi, Nilin zümrüd qaşı, Kleopatranın göz yaşı, İsgəndəriyyə kitabxanasının, papirusların, perqamentlərin, heroqliflərin diyarı, İran şahlarının, Makedoniyalı İsgəndərin, Fatimilərin, Eyyubilərin, Osmanlı sultanlarının səltənəti Misir tarixdə həm də dünyanın yeddi möcüzəsindən ikisinə – Misir ehramlarına və İsgəndəriyyə mayakına ev sahibliyi edir.
Özünəməxsus quruluşu, dizaynı, interyer və eksteryer əzəməti ilə antik mədəniyyətin, dünya memarlığının incisi sayılan Misir ehramlarının tikintisi barədə çoxsaylı suallar mövcuddur. Kimi onun İlahi nizama və düzənə bağlı olduğunu deyir, kimi də aramsız müharibələr zamanı Misir fironlarının ölkəyə gətirdiyi kölələr tərəfindən tikildiyini qeyd edir.

Dünyaya meydan oxuyan Ehramları təcrübəli ustalar inşa etmiş, xüsusi layihələr əsasında ucaltmışlar
Tarixi həqiqətlər, əldə olunan məlumatlar isə sübut edir ki, əzəməti ilə dünyaya meydan oxuyan Ehramlar ciddi memari-mühəndis quruluşu, əzəmətli tikinti texnologiyası ilə mükəmməl tarixi simalar, mühəndis və memarlar, yüksək təcrübəli ustalar tərəfindən inşa edilmiş, xüsusi layihələr əsasında ucaldılmışdır. Onların məzarlarının Fironlara məxsus sərdabələrin yanında yer alması da bu faktı təsdiq edir.
Tarixçi alimlər, arxeoloq və antropoloqlar bu fakta istinad edərək sübut edirlər ki, bu antik dövr düşüncəsində kölələrə verilməyəcək dəyər idi. Alimlər onu da sübut edirlər ki, ehramları ucaldan inşaat mühəndisləri, memarlar, kalorili qidalarla təmin olunmaqla yanaşı, fironlar tərəfindən kifayət qədər yüksək maaş və mükafatla da təmin olunublar. İnşaat işləri zamanı zədə alıb yaralananların müalicəsi üçün xüsusi səhra xəstəxanasının qurulduğunu deyən tarixçilər dövlətin onlara kölə kimi baxmadığını, tarix yaradan şəxsiyyətlər – ustad sənətkarlar kimi dəyər verdiyini qeyd edirlər. Bu qüdrətli memar, mühəndis və ustaların əsl dəyəri isə min il sonra üzə çıxmışdır. Dəyr – Əl Mədinədə Fironun gizli məzarını qazan işçilər varmış. Onların maaşları taxılla ödənilirmiş. Bir neçə gün taxıl ödənilmir. Ac qalan ustalar qəzəblənib alətləri ehramın önünə atırlar. Etiraz səsi ali hakimiyyətə çatana qədər məbədin qabağında oturan ustalar etirazını davam etdirirlər.

Üç min il boyu gizli tutulan, papiruslara həkk olunan etiraz
Firon III Ramzesin dönəmində baş verən bu hadisə tarixə düşən ilk etiraz aksiyası idi. Memar, mühəndis və ustaların etirazını nəzərə alan III Ramzesin göstərişi ilə etirazçıların əməkhaqqı ikiqat ödənilərək papiruslara qeyd edilir. Üç min il boyu gizli tutulan bu rəsmi bəlgə nəhayət ki, amerikalı alimlər tərəfindən üzə çıxarılır. Fakta istinad edən tarixçilər sübut edirlər ki, heç bir kölə etiraz edib əməkhaqqı tələb etmək hüququna malik olmadığı kimi, mükafat aldıqdan sonra da, hər həftədə bir gün istirahət edə bilməzdi. Alimlər bu faktlara istinad edərək onu da sübut edirlər ki, Misir ehramları ciddi memar və mühəndislərin layihəsi, qüdrətli ustaların tişəsi ilə Tanrı möcüzəsinə, sənət əsərinə çevrilmişdir.
Şərəf Cəlilli