Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/24/2026

Paylaşın

TARİX

Amazonlar: əfsanə, yoxsa tarixin unudulmuş qadın döyüşçüləri?

Amazonlar

Tarix boyu insanları ən çox heyrətləndirən obrazlardan biri də amazonlar olub. At belində ildırım sürəti ilə hərəkət edən, ox-kaman və döyüş baltası ilə silahlanmış, kişilərlə çiyin-çiyinə deyil, onlardan asılı olmadan yaşayan qadın döyüşçülər haqqında əfsanələr minilliklərdir ki, dillər əzbəridir. Bəs amazonlar həqiqətən yaşayıblarmı, yoxsa onlar yalnız qədim dünyanın xəyal məhsuludur?

Qafqaz dağlarından Troya müharibəsinə qədər

Qədim yunan müəllifləri amazonların Kiçik Asiyada, Qara dənizin şimal sahillərində, Azov dənizi ətrafında və hətta Qafqaz dağlarının ətəklərində yaşadıqlarını yazırdılar. Məşhur tarixçi Herodot onları skiflərlə qonşuluqda göstərir. Qədim coğrafiyaşünas Strabon isə amazonların Albaniyanın – indiki Azərbaycan ərazilərinin yaxınlığındakı dağlıq bölgələrdə məskunlaşdıqlarını qeyd edirdi.

Strabonun yazdıqlarına görə, amazonlar öz təsərrüfatlarını idarə edir, torpaq becərir, maldarlıqla məşğul olur, eyni zamanda hərbi təlimlər keçirirdilər. Onlar at belində ov edir, nizə atır, ox-kamandan ustalıqla istifadə edirdilər. Əfsanəyə görə, qız uşaqlarının sağ və ya sol döşü uşaqlıqdan yandırılırdı ki, döyüş zamanı daha rahat hərəkət edə bilsinlər. Məhz “amazon” sözünün də bu ənənədən yarandığı iddia olunur.

Heraklın qarşısına çıxan qadın ordusu

Amazonların adı qədim yunan mifologiyasının ən məşhur qəhrəmanları ilə yanaşı çəkilir. Rəvayətə görə, Heraklın yerinə yetirməli olduğu on iki tapşırıqdan biri amazonların hökmdarı Hippolitanın sehrli kəmərini əldə etmək idi.

Herakl Femiskira şəhərinə gəldikdə Hippolita ona kəməri könüllü verməyə razılaşır. Lakin tanrıça Hera vəziyyəti dəyişir və amazonlar Herakla qarşı döyüşə başlayırlar. Əfsanədə bir-birindən cəsur qadın döyüşçülərin qəhrəmancasına savaşdığı təsvir edilir. Nəticədə Herakl qalib gəlir və Hippolitanın kəmərini əldə edir.

Bu hadisə amazonların yalnız qadınlardan ibarət bir cəmiyyət deyil, həm də qədim dünyanın ən güclü döyüşçüləri kimi qəbul edildiyini göstərir.

Tesey və amazonların Attikaya yürüşü

Amazonlarla bağlı ən məşhur rəvayətlərdən biri də Afina hökmdarı Teseylə bağlıdır. Mifə görə, Tesey amazon hökmdarlarından biri olan Antiopanı qaçırır. Buna cavab olaraq amazonlar böyük ordu toplayaraq Afinaya hücum edirlər.

Dörd ay davam edən qanlı döyüşlər qədim yunan mifologiyasında “Amazonomaxiya” – yəni amazonlarla müharibə kimi məşhurlaşıb. Bu hadisə əsrlər boyu heykəllərdə, freskalarda və vazalarda təsvir olunub.

Troya savaşında amazon kraliçası

Amazonlar haqqında ən təsirli hekayələrdən biri Penthesileyanın taleyi ilə bağlıdır. Müharibə tanrısı Aresin qızı sayılan Penthesileya Troya müharibəsində troyalıların tərəfində döyüşürdü.

Onun cəsarəti dillər əzbəri idi. Lakin döyüş meydanında qarşısına yunanların ən böyük qəhrəmanı Axilles çıxdı. Rəvayətə görə, Axilles Penthesileyanı öldürdükdən sonra onun gözəlliyi və igidliyi qarşısında sarsılmış, belə bir qadını öldürdüyünə görə peşmanlıq hiss etmişdi.

Bu hadisə qədim yunan ədəbiyyatında amazonlara göstərilən hörmətin ən parlaq nümunələrindən biri hesab edilir.

Qafqaz Albaniyasının qadın döyüşçüləri

Amazonlarla bağlı ən maraqlı məqamlardan biri onların Azərbaycan ərazisi ilə əlaqələndirilməsidir. Herodot Amazonların şimali Qara dəniz hövzəsində skiflərlə qonşuluqda yaşadığını göstərirdi. Amazonların Azərbaycanda yaşamaları haqqında əsas məlumatları isə Strabon “Coğrafiya” əsərində verib. Strabon bu haqda yazır: “Albaniyanın yuxarı dağlarında amazonlar yaşayır. Roma tarixçilərinin məlumatına görə, e.ə. 65-ci ildə Pompeyin ordusu Qafqaz Albaniyasına qarşı döyüşərkən əsir alınanlar arasında çoxlu qadın döyüşçü də olmuşdu. Bu qadınların igidliyi romalıları heyrətləndirmişdi. Tədqiqatçılar hesab edirlər ki, məhz həmin hadisələr sonralar Qafqaz dağlarında yaşayan döyüşkən amazonlar haqqında rəvayətlərin yaranmasına təsir göstərmiş ola bilər.

Mifdən gerçəkliyə doğru

Uzun əsrlər boyu tarixçilər amazonları yalnız mifoloji obraz hesab edirdilər. Lakin son onilliklərdə aparılan arxeoloji araşdırmalar bu fikrə yeni baxış formalaşdırıb.

Ukrayna və Cənubi Rusiya çöllərində tapılan bəzi qədim məzarlarda qadın skeletləri ilə yanaşı ox ucluqları, qılınclar və digər silahlar aşkarlanıb. DNT analizləri göstərib ki, həmin şəxslər həqiqətən qadın olublar və onların bəzilərinin döyüşlərdə iştirak etdiyini göstərən xəsarət izləri mövcuddur.

Bu tapıntılar qədim Avrasiya çöllərində qadın döyüşçülərin yaşadığını sübut edir. Hərçənd onların əfsanələrdə təsvir olunan amazonlarla tam eyni olub-olmadığı hələ də müzakirə mövzusudur.

Niyə amazonlar hələ də maraq doğurur?

Amazonlar sadəcə qədim bir mif deyil. Onlar cəsarətin, azadlığın və gücün simvoluna çevriliblər. Minilliklər keçsə də, qadın döyüşçülər haqqında bu hekayələr insanları heyrətləndirməyə davam edir.

Bəlkə də amazonların sirri məhz bundadır: onlar tarixlə əfsanənin, gerçəkliklə xəyalın kəsişdiyi nöqtədə yaşayırlar. Qafqaz dağlarından Troya savaşına, qədim yunan miflərindən müasir arxeoloji qazıntılara qədər uzanan bu hekayə isə hələ də tam açılmamış bir sirr olaraq qalır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib.

Ən son

GÜNDƏM

Bu sözləri Baki-baku.az-a açıqlamasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Nərmin Bədəlzadə deyib.

GÜNDƏM

Bu sözləri Baki-baku.az-a açıqlamasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Nərmin Bədəlzadə deyib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin