Bakıda meyvə ağaclarının, xüsusilə də çoxluq təşkil edən tut ağaclarının qurdbasma hallarına qarşı dərmanla işləri aparılır.
Bu barədə Baki-baku.az-ın sorğusuna cavab olaraq Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) bildirilib ki, hava şəraitindən asılı olaraq gündəlik dərmanlama işləri həyata keçirilir.
“Küləkli və yağışlı hava şəraitində effektiv olmadığı üçün dərmanlama işləri aparılmır. Paytaxt ərazilərindən müraciətlər daxil olduqda üstünlük həmin ərazilərə verilir. Lakin müraciət olunmadıqda isə Bakının bütün əraziləri üzrə mərhələli şəkildə dərmanlama işləri görülür”, – deyə YTB-dən bildirilib.
Qeyd olunub ki, son dərmanlama işləri Nizami rayonunun bir sıra ərazilərində həyata keçirilib. Belə ki, rayonun Elşən Süleymanov 160 A, Cəmşid Naxçıvanski, Bəhruz Nuriyev küçələrində YTB əməkdaşları tərəfindən dərmanlama işləri aparılıb.


