Bir vaxtlar Bakıda kitab almaq təkcə mağazaya girib pul vermək demək deyildi. Kitabın öz yolu, öz hekayəsi vardı. O hekayənin qəhrəmanlarından biri də makulatura idi.
İndiki nəsil üçün qəribə səslənə bilər: insanlar evlərindəki köhnə qəzetləri, yazılıb bitmiş dəftərləri, lazımsız bloknotları, cırılmış jurnalları aylarla yığırdılar. Bəzən eyvanda, bəzən zirzəmidə, bəzən də şkafın üstündə qalaq-qalaq kağız bağlamaları yaranardı. Amma bu, qətiyyən tullantı deyildi. Bu, gələcək kitabın “valyutası” idi.
Məktəblilər də bu işin ən fəal iştirakçıları olurdular. Hər sinifdə makulatura toplamaq yarışa çevrilirdi. Kim daha çox kağız yığacaq, kim daha çox təhvil verəcək? Həyətlərdə uşaqların əl arabaları ilə köhnə qəzet daşıdığı günlər adi mənzərə idi.
Sonra həmin bağlamalar şəhərin müxtəlif nöqtələrindəki qəbul məntəqələrinə aparılırdı. Onlardan biri də yaddaşlarda qalan “Stimul” idi. Adı necə də yerinə düşürdü…
“Stimul” insanları təkcə kağız toplamağa yox, kitab oxumağa da həvəsləndirirdi. Köhnəni verib yenisini almaq ideyası o dövr üçün həm ekoloji, həm də maarifçi bir düşüncə idi. Bir neçə kiloqram makulatura təhvil verirdin, əvəzində isə çox vaxt yeni çapdan çıxmış, tapılması çətin olan kitabları əldə etmək imkanı qazanırdın.
Bu gün kitab mağazalarının vitrinlərinə baxanda bunu təsəvvür etmək çətindir. Amma o illərdə bəzi kitablar üçün növbələr yaranırdı. İnsanlar hansı müəllifin yeni kitabının çıxacağını izləyir, əvvəlcədən makulatura kuponlarını hazırlayırdılar. Kitab almaq bir növ bayram hadisəsinə çevrilirdi.
Bakı küçələrinin özünəməxsus ab-havası vardı o zaman. Neft qoxusuna, dəniz havasına bir də təzə çap olunmuş kitabların qoxusu qarışırdı. Köhnə qəzet bağlaması ilə “Stimul”a tərəf gedən adam yaxşı bilirdi ki, geri dönəndə əlində sadəcə kitab olmayacaq. O, evinə yeni bir dünya aparacaq. Həmin kitab əldən-ələ keçəcək, bəlkə də bir həyət adam – qonşular bir-bir o kitabı oxuyacaqdı.
Ən maraqlısı isə budur ki, həmin sistem insanlara əşyaların dəyərini öyrədirdi. Kağız tullantı deyildi, yenidən həyata qayıda bilən sərvət idi. Oxunub kənara qoyulan qəzetlər bir gün başqa bir kitabın səhifəsinə çevrilə bilərdi.
Bəlkə də buna görə o dövrün insanları kitabı daha çox qiymətləndirirdilər. Çünki hər kitabın arxasında bir az zəhmət, bir az gözləmə və bir az da ümid vardı.
Bu gün “Stimul”un lövhəsi yoxdur, o növbələr də çoxdan dağılıb. Amma köhnə bakılıların yaddaşında hələ də bir səhnə yaşayır: qollarının altında qəzet bağlamaları, gözlərində isə yeni kitab əldə etməyin sevinci ilə makulatura məntəqəsinə gedən insanlar…
Bəlkə də həmin illərin ən böyük sirri elə bu idi – şəhər köhnə kağızları toplayırdı, əvəzində isə insanlara yeni fikirlər bəxş edirdi.
Xanım Aydın