Məhəmməd peyğəmbər: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır”
Tanrı niqabını Şərqdə qaldırdı, 124 min peyğəmbəri, 4 səma kitabını da Şərqdə Yer üzünə endirdi. Hira və Sina dağları arasında hüzura qovuşdurduğu, Hira mağarasında Cəbrayıl əleyhissalam vasitəsilə peyğəmbərlik xələti ilə müjdələdiyi sonuncu Peyğəmbərə Qurani-Kərimin ilk surəsini – “İkr”ı da burada göndərdi. Yazıb-oxumağı bilməyən Elçisinə “Oxu!” dedi. “Oxu” məqamını və mükafatını Tanrıdan alan Peyğəmbər əleyhissalam “Beşikdən qəbir evinəcən oxu” nidası ilə yanaşı, “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır” kəlamı ilə İslam ümmətinin zinəti oldu. Peyğəmbər əleyhissalam bu kəlamı ilə həm də Əli əleyhissalamın müdriklər səltənətindəki yerini və rolunu müəyyənləşdirdi. İslamın Qılıncı dediyi sərkərdəsini bəşəri dəyərlər xəzinəsini incisinə çevirdi.

“Həftənin günlərini çevrənin dərəcəsinə vur, istədiyin rəqəmi əldə edəcəksən”
Hələ sağlığında Əli əleyhissalamın irfan bulağından süzülüb gələn misilsiz şöhrəti dünyaya yayıldı. Həzrəti Əlinin bu şöhrətini eşidən bir yəhudi bir gün onun hüzuruna gəlir və deyir: “Bir sualım var, dayanmadan və fikirləşmədən cavab ver, şöhrətinin səbəbinə inanım.” Əli əleyhissalam buyur deyib, hüzurunda oturan ağlı özünə böyük gələn yəhudiyə üz tutur. Özündən müştəbeh yəhudi deyir: “Mənə de görüm, birdən ona kimi bütün ədədlərə bölünən, qalıq da qalmayan ən kiçik ədəd hansıdır?” Əli əleyhissalam tərəddüd etmədən cavab verir:
“Həftənin günlərini çevrənin dərəcəsinə vur. İstədiyin rəqəmi əldə edəcəksən.” Yəhudi Əli əleyhissalamın cavabını eşidib heyrət içində qəzəblə söyləyir: “Sən təkəbbürlüsən”. Əli Əleyhissalam xəbər alır, nə üçün? Yəhudi cavab verir: “Sualın cavabını fikirləşmədin”. Əli əleyhissalam buyurur: “Bir əlində neçə barmağın var?” Yəhudi həmin an 5 deyə cavab verir. Əli Əleyhissalamın “Bəs, niyə düşünmədin?” Yəhudi mətləbi anlayır. Bunu düşünməyə ehtiyac yoxdur”, bilirəmsə, niyə fikrləşməliyəm?” deyir. Əli əleyhissalam üzünə qonan təbəssüm qarışıq qürurla deyir:
“Bəs, mən bilirəmsə, niyə fikirləşməliyəm?” Yəhudi riyaziyyatçı İmamın elmi ilə haqq olduğuna anlayır və şəhadət gətirərək İslamı qəbul edir.
Əli əleyhissalama verilən sualın cavabı isə belə idi – həftənin günlərini çevrənin dərəcəsinə vuranda birdən ona kimi bütün ədədlərə bölünən, qalıq qalmayan ən kiçik ədəd 360-dır. Peyğəmbər əleyhissalam Əli əleyhissalamın gülzarındakı əzəməti görməsəydi, “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır!” kəlamını yaddaşlara yazmaz, Qurani-Kərim müqəddəsliyinə tay tutmaz, Səltənətin də, Əhli-beytin də taleyini ona etibar etməzdi.
Şərəf Cəlilli