Mayılov teatrı
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrının hazırda fəaliyyət göstərdiyi bina. Bakı milyonçusu, qara kürü istehsalçısı Mayılov bu binanı 10 aya tikdirib (29.04.1910 – 27.02.1911). Açılışı 28 fevral 1911-ci ildə Modest Musorqskinin “Boris Qodunov” operasının tamaşası ilə olub. Binaya Mayılov qardaşlarının teatrı da deyilib.
“İnsanpərvərlər” klubu (“İnsanpərvərlər” cəmiyyəti)
Səməd Vurğun küçəsi ilə Xəzər dənizinə tərəf düşəndə Tolstoy küçəsinin sol tərəfdəki tinində yerləşib. 1970 – 1990-cı illərdə mətbəə kimi fəaliyyət göstərib. Hazırda burada 1-ci mərtəbəsində müxtəlif kommersiya mağazaları yerləşən yaşayış binası tikilib.
“Rekord salonu”
Birja meydanına (sonralar 26-lar bağı adlanıb, hazırda adsızdı) baxan böyük mülkün bir salonu.
Lalayev pasajı, “Qran vio” salonu
“Azərbaycan” kinoteatrı ilə üzbəüz duranda sol tərəfdəki ikimərtəbəli böyük mülkün birinci qatı Lalayev pasajı kimi tanınıb. Uzun illər şəhər növbətçi qastronomu (baqqaliyəsi) kimi işləyib. Hazırda yenidən qurulub və geniş ticarət mərkəzi kimi fəaliyyət göstərir.
Pasajın içərisində kiçik salon olub. “Qran vio” adlanan həmin salonda həvəskar teatr dəstələri tamaşalar oynayıblar. Həmin bina 1883 – 1886-cı illərdə tikilib.
“Ekspress” salonu
Həkim Qarabəyovun evinin bir salonu. Köhnə univermaqla (Tağıyev pasajı) ilə üzbəüz bina.
Kələntərovun evi
Sonralar “Muza” kinoteatrı olub. Gənclər meydanında, Haşımovun evinə bitişik altımərtəbəli böyük mülk Kələntərovun olub. Binanın bir salonu tamaşa zalı kimi istifadə edilib. Sovetlər dövründə AHİŞ-in binası (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası) kimi tanınıb.
Bengendofun ümumi teatrı
Balaxanıda olub. Sonralar Balaxanı klubu adı ilə də məhşurlaşıb.
Forrer sirki
Forrer adlı sirk truppasının sahibi bu binanı 1883-cü ildə Teatr meydanında tikdirib. Elə bir memarlıq əhəmiyyəti daşımayan, çox hissəsi taxtadan quraşdırılmış bina sonralar sökülüb və yerində dördmərtəbəli mülk tikilib.
Teatr meydanı
Tağıyev teatrının inzibati girişi ilə üzbəüz boş meydana deyilib. “Uşaq və ana” kafesi binasının arxa hissəsi. Hazırkı Məmmədəliyev küçəsinin başlanğıcındakı sahəni əhatə edib.
“Ampir” salonu
Malakan bağının yanında, Xaqani və Rəsul Rza küçələrinin kəsişdiyi yerdə olub.
“İsmailiyyə”
İstiqlal küçəsində (1920-ci ilə kimi Nikolayevski, sonralar Kommunist adlanıb) Azərbaycan Respublikası Elmlər Akademiyası prezidiumunun yerləşdiyi tarixi bina. Gözəl memarlıq abidəsi olan bu binanı milyonçu Musa Nağıyev gənc yaşlarında vərəm xəstəliyindən vəfat etmiş oğlu İsmayılın xatirəsinə tikdirib. Təməli 1908-ci ildə qoyulan, inşası bir neçə dəfə dayandırılan bina 1913-cü ildə tamamlanıb. Tamaşalar ikinci qatdakı böyük salonda oynanılıb.
Müəllif: İlham Rəhimli