İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2025-ci ili 3,679 milyon manat zərərlə başa vurub.
Baki-baku.az Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 24,3 % çoxdur.
Bununla da, qurumun yığılmış zərəri 68,6 % artaraq 9,043 milyon manata çatıb.
Ötən il İİTKM-nın əməliyyat gəlirləri 454 min manat (əvvəlki ilə nisbətən 0,9 % çox), ümumi və inzibati xərcləri isə 4,133 milyon manat (21,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə İİTKM-nın aktivləri 4,494 milyon manat olub ki, bu da illik müqayisədə 4,65 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 14,2 dəfə artaraq 241 min manata çatıb, balans kapitalı isə 9,4 % azalaraq 4,253 milyon manata düşüb.
Xatırladaq ki, İİTKM Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ölkənin nailiyyətlərinin təbliğ etməklə məşğuldur.