Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

Mədəniyyət

Böyük musiqinin sakit və dərin adamı – Aqşin Əlizadə

WhatsApp Image 2026-05-22 at 10.33.43

Notların arasından boylanan bir ömür olur – sakit, təmkinli, amma dərin. O notlar böyük musiqiyə çevrilir, insan isə bəstəkara! Azərbaycan musiqisinin böyük simalarından biri olan Aqşin Əlizadə məhz belə sənətkarlardan idi. Bu gün görkəmli bəstəkarın doğum günüdür.

1937-ci ilin mayında Bakıda dünyaya gələn Aqşin Əlizadə sonralar Azərbaycan musiqisinin düşünən, axtaran və yenilik gətirən simasına çevrildi. O, təkcə melodiyalar yazmırdı, musiqi vasitəsilə zamanın ruhunu danışdırırdı. Hələ tələbə ikən yazdığı sonata və ilk simfoniyası ilə diqqət çəkən bəstəkarın istedadı çox keçmədən Azərbaycan sərhədlərini aşdı.

Aqşin Əlizadənin musiqisində qəribə bir vəhdət vardı: xalq ruhunun köhnə nəfəsi ilə müasir düşüncənin cəsarəti bir araya gəlirdi. O, muğamın dərin qatlarından gələn ahəngi çağdaş kompozisiya texnikaları ilə qovuşduraraq Azərbaycan bəstəkarlıq məktəbinə yeni nəfəs gətirdi. “Bayatılar” əsərində xalqın içindən gələn səs, “Babək” baletində isə bir millətin qəhrəmanlıq yaddaşı yaşayırdı.

Onun yaradıcılığı sadəcə notlardan ibarət deyildi. Aqşin Əlizadənin əsərlərində torpaq qoxusu, Abşeron küləyi, qədim laylaların nisgili və insan talelərinin ağrısı duyulurdu. “Ana torpaq”, “Qədim lay-lay”, “Pastoral”, “Cəngi”, “Aşıqsayağı” kimi əsərləri milli musiqi yaddaşımızın qiymətli parçalarına çevrildi.

Bəstəkar kino musiqisində də özünəməxsus iz qoydu. “Tütək səsi”, “Ötən ilin son gecəsi”, “Gözlə məni”, “Sizi dünyalar qədər sevirdim” kimi filmlərdə onun musiqisi ekran hadisələrini tamamlamırdı, sanki personajların deyə bilmədiyi hissləri danışırdı. O melodiyalar bu gün də yaddaşlarda yaşayır.

Aqşin Əlizadə sənətdə olduğu kimi, həyatda da ziyalı mövqeyi ilə seçilirdi. O, müxtəlif illərdə Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib, gənc bəstəkarların yetişməsinə töhfə verib, musiqi mədəniyyətinin inkişafı üçün yorulmadan çalışıb.

Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar 2014-cü ilin mayında dünyasını dəyişdi. Amma bəzi insanlar fiziki olaraq getsələr də, onların səsi qalır. Aqşin Əlizadənin səsi isə bu gün də Azərbaycan musiqisinin dərin qatlarından eşidilir.

Çünki böyük sənətkarlar unudulmur. Onlar zaman keçdikcə musiqiyə, xatirəyə və xalqın yaddaşına çevrilirlər.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasına yekun vurulacaq.

Ən son

GÜNDƏM

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "XXI əsr - azadlıq üçün mənzil ərazi

GÜNDƏM

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "XXI əsr - azadlıq üçün mənzil ərazi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin