Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

TARİX

Maqomayevin kəşf etdiyi, Stalinin “Bax, budur aktrisa!” dediyi, “Ögey ana”nın “Qəmər”i – Həqiqət Rzayeva

WhatsApp Image 2026-05-20 at 10.07.35 (2)

Bu gün – mayın 20-də dünyaya göz açan Azərbaycan opera səhnəsinin ilk qadın ifaçılarından biri Həqiqət Rzayeva təkcə məlahətli səsi ilə deyil, həm də xarakterik obrazları ilə milli mədəniyyət tariximizdə silinməz iz qoyub. Tamaşaçılar onu daha çox “Ögey ana” filmindəki sərt təbiətli Qəmər xala kimi xatırlasalar da, Həqiqət Rzayevanın sənət yolu Azərbaycan opera və teatr tarixinin ən çətin, eyni zamanda ən şərəfli səhifələrindən biridir.

Məhrumiyyətlə başlayan uşaqlıq

Həqiqət Rzayeva 1907-ci il mayın 20-də Darquba kəndində dünyaya gəlib. Əsl adı Süsən Əliyeva idi. O, hələ səkkiz aylıq ikən atası Əli kişi vəfat edir. Atasının gur səsi və xanəndəliyə marağı kənddə yaxşı tanınırdı. Sonralar deyirdilər ki, Həqiqətin məlahətli səsi də atasından ona keçib.

Ailə ağır yoxsulluq içində yaşayırdı. Anası Zinyət xanım övladlarını dolandırmaq üçün dərzilik edir, daha sonra isə Kərim adlı dindar və mövhumatçı bir şəxslə ailə qurur. Həqiqətin uşaqlığı məhz belə çətinliklər və qadağalar içində keçir.

1917-ci ildən məktəbə gedən Həqiqətin həyatında dönüş nöqtələrindən biri də maarifçi Məryəm Bayraməlibəyovanın açdığı məktəb olur. O dövrdə qız uşaqlarının təhsil alması belə asan deyildi. Lakin ailəsinin razılığı ilə Həqiqət təhsilini davam etdirə bilir.

1923-cü ildə məktəbi bitirdikdən sonra Bakıya gedərək darülmüəllimatda oxuyur və müəllimlik diplomu alır. Amma tale onu tamam başqa bir istiqamətə aparırdı.

Çadranı çıxarıb səhnəyə çıxan qadın

Bakıda həvəskar teatr dərnəklərinə qatılması Həqiqət Rzayevanın həyatını dəyişir. O illərdə qadının səhnəyə çıxması cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. Həqiqət xanım ailəsindən gizli şəkildə teatrlara gedirdi. Evdən çadra ilə çıxır, teatrın qarşısında çadranı açıb məşqlərə qatılırdı.

Onun güclü səsini eşidən bəstəkar Müslüm Maqomayev gənc qızın istedadını dərhal hiss edir və onu Opera Teatrına dəvət edir. Bu qərar ailədə narazılıq yaratsa da, Həqiqət Rzayeva artıq sənətdən ayrılmır.

1928–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində təhsil alan sənətkar Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimov kimi sənətkarların tələbəsi olur.

1927–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistlərindən biri kimi fəaliyyət göstərir. Onun yaratdığı Ərəbzəngi, Leyli, Əsli, Telli və Şahsənəm obrazları Azərbaycan opera tarixinin klassik nümunələri sayılır.

“Bax, budur aktrisa!”

1939-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyü Həqiqət Rzayevanın sənət həyatında xüsusi yer tutur. “Arşın mal alan” tamaşasında Telli rolu Moskvada böyük maraq doğurur.

Rəvayətə görə, həmin səhnəni izləyən sovet rəhbəri İosif Stalin “Bax, budur aktrisa!” deyərək onun oyununu yüksək qiymətləndirib. Bu hadisə uzun illər sənət cameəsində danışılan maraqlı faktlardan biri kimi qalıb.

Səhnədə əqrəbi ayağı altında əzən qadın

Həqiqət Rzayeva təkcə istedadlı deyil, həm də son dərəcə cəsarətli qadın kimi xatırlanırdı. Qızı Sədaqət Rzayevanın xatirələrinə görə, rayon konsertlərinin birində səhnəyə çıxan sənətkar oxuya-oxuya ayağına tərəf gələn əqrəbi sakitcə tapdalayıb və ifasını yarımçıq qoymayıb.

Buzovnadakı bağ evində ilan öldürməsi barədə xatirələr də onun qorxmaz xarakterindən danışırdı.

“Mənim brilliantlarım balalarımdır”

1927-ci ildə rejissor Hüseyn Rzayevlə ailə quran Həqiqət xanım üç övlad böyüdür. Onlardan biri sonradan məşhur bəstəkar kimi tanınan Azər Rzayev olur.

Yaxınlarının xatirələrinə görə, o, olduqca sadə insan idi. Bəzək-düzəyi sevməz, səhnəyə qara məxmər uzun paltarda çıxardı. Qızının “Niyə qızıl-brilliant taxmırsan?” sualına isə belə cavab verərdi: “Mənim brilliantlarım mənim balalarımdır.”

“Ögey ana”nın unudulmayan Qəmər xalası

Həqiqət Rzayevanın kino fəaliyyəti geniş olmasa da, onun yaratdığı bir obraz Azərbaycan kino tarixində əbədi qalıb. Bu obraz Ögey ana filmindəki Qəmər xaladır.

Filmdə Qəmər xala balaca İsmayılın nənəsidir. O, kürəkəni Arifin evə yeni qadın gətirməsini qəbul etmir və Dilarəyə daim şübhə ilə yanaşır. Əslində, bu obraz sadəcə mənfi xarakter deyil. Qəmər xala övladını və nəvəsini qorumağa çalışan, keçmişin düşüncə tərzini daşıyan qadın obrazıdır.

Həqiqət Rzayeva bu rolu o qədər təbii canlandırmışdı ki, tamaşaçı Qəmər xalanın sərtliyinin altında gizlənən ana qayğısını da hiss edə bilirdi. Onun filmdə dediyi məşhur söz isə illərdir dillər əzbəridir:

“Mən ölü, sən diri, bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmaz!”

Maraqlıdır ki, oğlu Azər Rzayev sonralar yazırdı: Qəmər xalanın bu qədər canlı alınmasının səbəbi obrazın Həqiqət xanımın xarakterinə çox bənzəməsi idi. O da ailəsinə bağlı, sərt, prinsipial, amma daxilən olduqca mərhəmətli qadın idi.

Səhnədən öz ayağı ilə ayrılan sənətkar

1953-cü ildə Həqiqət Rzayeva opera səhnəsini tərk etmək qərarı verir. Ona yaşlı qadın rolları təklif olunsa da, sənətkar bunu qəbul etmir. “Leyli” kimi yadda qalan aktrisa artıq “Leylinin anası” kimi görünmək istəmirdi.

Bu qərar onun sənətə münasibətini göstərirdi: Həqiqət Rzayeva səhnədən alqışlarla ayrılmağa üstünlük verdi.

Sonrakı illərdə müəllim kimi fəaliyyət göstərərək gənc ifaçılar yetişdirdi. Rübabə Muradova və İslam Rzayev kimi sənətkarlar onun tələbələri arasında idi.

Son pərdə

1966-cı ildə həyat yoldaşı Hüseyn Rzayevin vəfatı sənətkara ağır təsir edir. Üç il sonra isə Həqiqət Rzayeva özü dünyasını dəyişir. 1969-cu il avqustun 2-də vəfat edən sənətkar Azərbaycan opera və kino tarixində özünəməxsus məktəb qoyub getdi.

Bu gün də onu xatırlayanda insanların yaddaşında iki fərqli obraz canlanır: opera səhnəsində zərif və güclü səs sahibi olan sənətkar və “Ögey ana” filmində sərt baxışlı Qəmər xala.

Hər iki obrazın adı isə eynidir — Həqiqət Rzayeva.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin