Vətəni sevmək imandandır
Dilindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs doğulduğu torpağa bağlıdır. Amma bir millət var ki, o daha çox Vətən adına bayatılar, şeirlər, nəğmələr, dastanlar bağlayıb. “El bilir ki, sən mənimsən, yurdum-yuvam məskənimsən, anam, doğma vətənimsən, ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan!”, “Vətəni sevməyən insan olmaz, olsa da, ol, şəxsdə vicdan olmaz!” nidası ilə tarix yaradıb. Bir qarış torpaq uğrunda qüdrətli orduların üstünə yeriyib, Səlib yürüyüşünə çıxanlara dərs verib. O millətin adı Türkdür! Azərbaycanlıların da şəcərə dəftərinə daxil olduğu Türk!

Gözəl təbiəti ilə əbədi sevgimizə çevrilən dilbər guşələr
Ürüyüb artdığımız, qüdrətli dövlətlər qurduğumuz, zəngin mədəniyyəti, gözəl təbiəti ilə əbədi sevgimizə çevrilən Vətənimizin dilbər guşələri çoxdur. Onun on bölgəsi var ki, həm də məhz kəndlərinin sayına görə məşhurdur. Zəngin təbiəti, səfalı dağları ilə dillərdə dastan olan Lerikin 161, Şahdağın, Babadağın zinəti Qubanın 149, bərəkətli Xaçmazın 137, ərlərin, ərənlərin, Laçınlı Sultan bəy, Xosrov bəy Sultanov kimi igidlərin, Ağoğlan qəsrinin diyarı olan Laçının 124, Murovun zirvəsindən ulduz dərən, Qafqaz Albaniyasının zəngin mədəniyyətinə şahidlik edən Kəlbəcərin də 124 kəndi var. Canyataq, Gülyataq kurqanları, İmarət Qərvəndi, Şahbulaq qalası ilə yeriyən Azərbaycan olan, işğaldan azad olunduqdan sonra ağ günlərə qovuşan, muğamın beşiyi sayılan Qarabağın zinəti Ağdamın 118, barı, bərəkəti ilə süfrəmizin bəzəyi olan Cəlilabadın 118, Əfsanəvi Nüşabənin diyarı, Makedoniyalı İsgəndərin heyrəti, Atabəylərin zinəti, Nizami Gəncəvinin hikmət çələngi Bərdənin 110, gözəlliklərin, ustad sənətkarların, sufi, hürufi müridlərinin diyarı Gədəbəyin 108 kəndi vardır. Küpücün, Babadağın, Niyaldağın incisi, Girdman dövlətinin mirası, Girdman çayın pıçıltısı, misgərlərin, zərgərlərin oylağı, xeyirxahlığın, yaxşılığın, saflığın ünvanı İsmayıllı isə 105 kəndə ev sahibliyi edir.

Sədərək – “Ümid körpümüz”, Qala kəndimiz
Özəl və gözəl Vətənimizin ən az kəndi olan bölgələri də gözəlliyi, əzəməti, adının batinin mənası ilə olduqca diqqət çəkəndir, maraqlıdır. Aparılan tədqiqatlar sübut edir ki, daha az kəndi olan bölgələrin önündə Sədərək gedir. Dörd kəndi olan Sədərək rayonu Türkiyə ilə Azərbaycan arasında strateji əhəmiyyətə malik olan “Ümid körpüsü”nə ev sahibliyi edir. Birinci Qarabağ Müharibəsində sərgərlərə sipər olan Sədərək rayonu adını tarixə Qala kimi daxil edən Sədərək kəndindən alıb.
Milli dövlətçilik tariximizdə, genetik kodumuzda mühüm məqama sahib olan, adını qədim Kəngərli soyundan alan Kəngərli rayonunun 11 kəndi var. Naxçıvanın gözəl məkanlarından , yaşayış məskənlərindən sayıla Culfa rayonun 22 kəndi, Cərcis peyğəmbərin torpaq müqəddəsliyinə qovuşduğu, filosof – şair Mücirəddin Beyləqaninin diyarı kimi dünyada məhşur olan Beyləqan rayonu da ən az kəndi olan bölgələrdəndir. Onun 25 kəndi var. Biləsuvar və Hacıqabul rayonlarıyla yanaşı, xınalı kəkliyi xatırladan dağları, buz bulaqları, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Nəbi Xəzri kimi dühalarıyla tanınan Xızı rayonu da 25 kəndə ev sahibliyi edir.

Kiçik ərazisi, böyük tarixi yaddaşı ilə tarix yaradan yörələrimiz
Ən çox və ən az kəndləri ilə məşhur olan rayonların sırasına ərazisinə görə ən kiçik rayonlarıın adlarını əlavə etsək daha maraqlı mənzərə yaranar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Münaqişəsi, 30 illik işğal, intizar dövründə dözümün simvoluna çevrilən, Borsunlu kurqanları ilə əski çağ dəyərlərimizə şahidlik edən Tərtərin 109, Sədərək rayonunun 220, Yardımlı rayonunun 667, Kəngərli rayonunun 700, Masallı rayonunun 721, Zəngilan rayonunun 730, Qubadlı rayonunun 730, Şərur rayonunun ərazisi isə 87 min kvadrat kilometr əraziyə malik olmasının bəlkə də az adam bilir.

Sınıra, sərhədə çevrilən, o üzü Vətən olan bölgələrimiz
Çay var pıçıltısı, zümzüməsi, həzin nəğməsi ilə insana hüzur, çay da var həsrəti, nisgili, hayqırtısı ilə hüzün verir. Araz çayı, Xüdafərin körpüsü ilə ikiyə bölünən Odlar Yurdu Azərbaycanın nə az, nə çox, düz 13 kəndindən Araz çayı keçir. “Arazı ayırdılar, qan ilə doyurdular, mən səndən ayrılmazdım, zülm ilə ayırdılar” deyən Azərbaycan xalqı 200 ildir Sədərək, Şərur, Kəngərli, Babək, Culfa, Ordubad, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarının sınırlarından o taya sarı nisgillə boylanır. Araz və Kür çaylarının qovuşduğu yerə Çayqovuşan deyib xatirəsini əziz tutan soydaşlarımız bir gün mütləq o tayla, bu tayın qovuşacağına inanır.
Taleyin sərt üzündən tarixi torpaqları ilə həmsərhəd olan Odlar Yurdu Azərbaycan İran İslam Respublikası, Ermənistan, Rusiya Federasiyası ilə yanaşı, həm də Gürcüstan Respublikası ilə həmsərhəddir. Baxmayaraq ki, sınırın o tərəfindəki torpaqlar da tarixi Türk, Azərbaycan torpağıdır. Məlumat üçün bildirək ki, Gürcüstanla həmsərhəd olan bölgələrimizin sırasında Zaqatala, Balakən, Qax, Samux, Qazax, Tovuz, Ağstafa kimi rayonlar yer alır.

Pıçıltısı bir dünya, nisgili bir dastan olan, Xəzərə qovuşan çaylarımız
Güney Azərbaycandan, Savalanın, Səhəndin ətəyində, Arazın o üzündən, Xudafərinin o başından Xəzər dənizinə tökülən çaylar da şübhəsiz ki, insanda maraq doğurur. Coğrafi atlaslara, xəritələrə istinad edərək deyə bilərik ki, Xəzərə tökülən çayların çoxunun adı sonralar dəyişdirilib, fars ifadə tərzinə uyğunlaşdırılıb. Sefirud, Talar, Babalrud, Horaz, Caluz, Goranrud adlanan çaylar əsas mənbəyini tarixi torpaqlarımızın – Güney Azərbaycanın sərt- sıldırım qayalarının yaxasından, başıqarlı dağların zirvəsindən alır.
Azərbaycanının bu tayının Xəzər dənizinə tökülən çaylarının hər biri də öz gözəlliyi ilə seçilir. Kür, Samur, Qudyalçay, Qusarçay kimi təbiət inciləri ilə yanaşı ,Vəlvələçay, Gilgilçay, Ataçay, Sumqayıtçay, Pirsaatçay, Lənkərançay, Viləşçay kimi məşhur çayların da mənsəbi Xəzər dənizidir. Gözəl Vətənimizin canına can olan, torpaqlarına bərəkət gətirən, çayların ölçüsü də yəqin ki, maraqlıdır. Ölkəmizin ən uzun çayı olan Kür 1515, Araz çayı 1072, Qanıx çayı 413, Qabırlı çayı 389, Samur çayı 216, Tərtər çayı 200, Pirsaat çayı 199, Qarqar çayı 168 min kvadrat kilometrdir. Bu rəqəmləri hər kəs bilməsə də, onların təbiətimizin zinəti olduğunu hamı, hətta ölkəmizə ziyarətə gələn turistlər də etiraf edir.

Zinətimiz, möhnətimiz Xəzər sınırı, sərhədi, həm də adaları ilə məhşurdur
Ala gözlü Xəzərin ətəyində binə tutan bölgələrin sırasında yer alan şəhər və rayonları bilmək də, yəqin ki, insanların maraq dairəsindədir. Xəzər dənizi ilə həmsərhəd olan bölgələrin sırasında Xaçmaz, Şabran, Siyəzən, Xızı, Salyan, Neftçala, Masallı, Lənkəran, Astara kimi rayonlarla yanaşı, Sumqayıt və Bakı kimi məhşur şəhərlər yer alır.
Qara qızılın, yanan mayenin, bioresusrların məskəni olan Xəzər dənizi həm də, adaların diyarıdır. Uzaqdan baxanda insanı heyran edən Xəzərin qoynunda nə az, nə çox düz 13 ada özünə yuva qurub. Pirallahı, Xərə Zirə, Daş Zirə, Kür dili , Gil adası, Zənbil, İqnat daşı, Qara su, Kür daşı, Böyük Zirə, Kiçik Zirə, Çilov adası, Səngi Muğan, Nargin kimi adaları ilə məşhur olan Xəzər dənizi onların hər biri ilə təbiət möcüzəsi, sərvət xəzinəsi olduğunu təsdiqləyib. Nargin adası ilə isə 37-ci ilin dəhşətli repressiyalarına bu gün də şahidlik etməkdədir.

Hər zirvəsi bir dastan – Vətən
Bazardüzü, Şahdağ, Qarıcıq dağı, Babadağ, Dəlidağ, Gamışdağı, Kətikdağı, Gəlinqaya dağı, Kəpəz dağı kimi zirvələri ilə dünyada məşhur olan Odlar Yurdu Azərbaycan 9 iqlim qurşağından 7-nə sahib olması ilə həm də sitrus meyvələrinin Vətəni sayılır.
Əldə olunan digər məlumatlardan bəlli olur ki, əsrarəngiz təbiəti ilə cənnətin köşəsi olan Vətənimizin ən böyük Milli Parkı Şahdağ Milli Parkı, ən hündürdə yerləşən gölü – Tufangöl, nadir ağac növünün – Dəmir ağac, ən məhsuldar torpaq kəsimi – Qara torpaq, ən çox qolu olan çayı – Kür çayıdır. Axar-baxarlı təbiəti, dağların yaxasından süzülən büllur bulaqları, şümşad gölləri ilə insana hüzur verən Vətənimizin ən böyük göllərinin sırasında Sarısugölü, Ağgöl, Mehmangöl, Ağzıbirçala gölü, Hacıqabulgölü, Böyükşorgölü, Masazırgölü, Böyükqalagölü kimi təbiət möcüzələri də Tanrının bizə bəxş etdiyi təbii nemətdir.

Vətəni sevmək azdır…
Gözəlliyi ilə göz oxşayan, seyrinə çıxanları heyran edən, güzgüsü Maralgöl olan, Kəpəzin, Qoşqarın, Murovun incisi sayılan Göygölün ölkəmizin ən dərin gölü olduğunu bilmək də maraqlıdır. Ölkəmizin ən böyük su anbarının Mingəçevir, ən böyük yarımadasının Avşaran-Abşeron, ən böyük adasının Pirallahı, ən böyük arxepelaqının Bakı, ən böyük şəlaləsinin Qəbələnin-Tufandağın, Nohur gölün gözəlliyinə gözəllik qatan Muncuq şəlaləsi, ən böyük düzənliyinin isə Kür-Araz olduğunu bilmək insanda qürur hissi yaşatdığı kimi, həm də onda şükran duyğuları yaradır.
Gözəl və özəl Vətənimizin zinəti olan bu müqəddəslikləri sadaladıqca istər-istəməz insanın qəlbindən qəribə bir hiss keçir: həqiqətən də hər kəs doğulduğu torpağa bənzəyir. İnsanlarımızın zahiri və batini gözəlliyi şübhəsiz ki, Tanrının bizə bəxş etdiyi İlahi nemətə və sərvətə bağlıdır! Vətəni sevmək azdır. Onu qorumaq, qarış-qarış gəzmək, gözəlliklərini təbliğ etmək, gələcək nəsillərə ötürmək mənəvi borcdur.
Şərəf Cəlilli