Bu gün dünyada, demək olar ki, hamı mütəmadi və ya ara-sırs saqqız çeynəyir. Onun zərər və xeyrindən çox danışılır, həmçinin haqqında bir çox miflər və yanlış fikirlər mövcuddur. Bəzi insanlar əmindirlər ki, saqqız diş plombları üçün təhlükəlidir və heç bir faydası yoxdur. Bu, doğrudan da belədir?
Baki-baku.az bu barədə Lentə.ru-ya istinadən bildirir ki, rusiyalı tibb elmləri doktoru Oles Şevçenko bu məsələyə aydınlıq gətirib və saqqız haqqında üç əsas mifi təkzib edib.
Həkimin sözlərinə görə, ən populyar yanlış fikirlərdən biri saqqızın plombların düşməsinə səbəb olması ilə bağlıdır.
“Əgər plomb düzgün qoyulubsa, saqqız ona zərər verməyəcək. Əgər dişin bərpası keyfiyyətsiz aparılıbsa, plomb istənilən mexaniki təsirdən – saqqız və ya bərk qidadan zədələnə bilər. Saqqızın özü bu riski artırmır”, – deyə həkim qəleyd edib.
Stomatoloq, həmçinin saqqızın dişlərin və ağız boşluğunun sağlamlığına heç bir müsbət təsir göstərmədiyi iddiasının da həqiqətə uyğun olmadığını vurğulayıb.
“Saqqız tüpürcək ifrazı prosesini stimullaşdırır ki, bu da ağızı ərpdən və qida qalıqlarından təmizləməyə kömək edir, həmçinin diş daşının əmələ gəlməsinin qarşısını alır”, – həkim əlavə edib.
Mütəxəssis bundan başqa saqqızın koqnitiv qabiliyyətlərə müsbət təsir göstərdiyini, insanın stres və narahatlıq səviyyəsini azaltmağa kömək etdiyini vurğulayıb.
Beləliklə, Şevçenkonun fikrincə, saqqız nəinki zərərli deyil, həm dişlərin və mədənin sağlamlığı, həm də psixoloji tarazlıq üçün faydalıdır.