Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/14/2026

Paylaşın

TARİX

Şiri-Xurşidin sirri – Aslan və Günəş rəmzinin gerçək tarixi

WhatsApp Image 2026-05-14 at 12.11.06

Tarix boyunca dövlətlər yalnız qılınc və siyasətlə deyil, simvollarla da özlərini ifadə ediblər. Bayraqlar, gerblər və nişanələr bir xalqın dünyagörüşünü, hakimiyyət anlayışını və mədəni yaddaşını daşıyan ən mühüm rəmzlərdən hesab olunur. Şərq tarixində bu baxımdan ən diqqətçəkən simvollardan biri “Aslan və Günəş” — yaxud klassik adı ilə “Şiri-Xurşid”dir.

Bu simvol yüzilliklər boyunca Yaxın Şərqin siyasi və mədəni tarixində mühüm yer tutub. O, bir tərəfdən qədim astroloji təsəvvürlərin məhsulu, digər tərəfdən isə türk, monqol, islam və xüsusilə Səfəvi dövlətçilik düşüncəsinin birləşdiyi mürəkkəb bir siyasi-mədəni rəmz idi. Sonralar İran dövlətinin əsas gerbinə çevrilən Şiri-Xurşid əslində yalnız İranla məhdudlaşmayan, daha geniş türk-islam siyasi coğrafiyasının məhsulu hesab olunur.

Şiri-Xurşidin kökləri qədim Mesopotamiya və Babil astrologiyasına gedib çıxır. Qədim astroloji təsəvvürlərdə Günəşin ən güclü mövqeyi şir bürcündə qəbul edilirdi. Buna görə də şir və günəşin birlikdə təsviri kosmik gücün, hakimiyyətin və ilahi enerjinin simvolu sayılırdı. Şir heyvanlar aləminin hökmdarı, Günəş isə kainatın mərkəzi və həyat mənbəyi hesab edilirdi. Bu ideya sonralar İran, türk və islam dünyasında fərqli siyasi və dini mənalar qazanmağa başladı.

Yunan tarixçiləri yazırdı ki, büllur günəş təsviri III Daranın kral çadırını, Arşakilərin bayrağını bəzəyirdi, Sasani ştandartlarında isə günəşi simvolizə edən qırmızı top var idi. Günəş həmişə kişi ilə təmsil olunmuş və bəzi pankartlarda günəş simvolunu kişi fiquru əvəz etmişdir. “Aslan və Günəş” motivi XII əsrdən etibarən geniş yayılmağa başlayıb. İlk böyük siyasi istifadələrdən biri Anadolu Səlcuqluları dövründə müşahidə olunur. Anadolu Səlcuq sultanı II Keyxosrovun sikkələrində bu simvol açıq şəkildə görünür. Bu fakt son dərəcə mühümdür. Çünki Şiri-Xurşidin dövlət simvolu kimi formalaşmasında türk sülalələrinin ciddi rolu olduğunu göstərir.

Türk dövlətçilik ənənəsində aslan hakimiyyətin, qüdrətin və cəsarətin rəmzi idi. Monqol və türk siyasi düşüncəsində isə Günəş hökmdarın ilahi legitimliyini ifadə edirdi. Xüsusilə çöl imperiyalarında Günəşə müqəddəs münasibət vardı. Beləliklə, Şiri-Xurşid yalnız astroloji işarə olmaqdan çıxaraq hökmdarlıq və səltənət simvoluna çevrildi.

Bu motivin yüksəlişində ən mühüm mərhələlərdən biri isə Səfəvilər dövrü oldu. Məhz Səfəvi imperiyası zamanında Şiri-Xurşid dövlətin əsas siyasi və ideoloji rəmzlərindən birinə çevrildi. Səfəvilər bu simvola yalnız siyasi deyil, dini və mistik məna da qazandırdılar.

Səfəvi ideologiyasında Günəş qədim İran şahənşahlığını və Cəmşid ənənəsini təmsil edirdi. Aslan isə şiəliyin əsas fiquru olan İmam Əli ilə əlaqələndirilirdi. İslam dünyasında Əli ibn Əbu Talibə verilən “Əsədullah” – “Allahın Aslanı” titulu bu interpretasiyanı gücləndirirdi. Beləliklə, Şiri-Xurşid Səfəvi dövlətində həm İran şahənşahlığının, həm də şiə müqəddəsliyinin birləşdiyi rəmzə çevrildi.

Bu, əslində Səfəvilərin dövlət fəlsəfəsinin mahiyyətini göstərirdi. Onlar qədim İran siyasi mirasını türk-qızılbaş hakimiyyəti və şiə ideologiyası ilə birləşdirərək yeni imperiya kimliyi yaratmağa çalışırdılar. Şiri-Xurşid də bu sintezin ən parlaq ifadəsi idi.

Səfəvilərdən əvvəl və sonra da türk dövlətlərində bu simvolun müxtəlif formaları istifadə olunurdu. Məmlüklərdən Anadolu Səlcuqlularına, hətta Hindistandakı Moğol imperiyasına qədər bir çox türk-islam dövlətlərində aslan və günəş motivinə rast gəlinir. Bu da göstərir ki, simvol yalnız fars və ya İran mənşəli deyil, ümumi türk-islam siyasi mədəniyyətinin bir hissəsi idi.

Qacarlar dövründə isə Şiri-Xurşid artıq tam mənada dövlət gerbinə çevrildi. Bu mərhələdə simvolun siyasi mənası daha da dəyişdi. Qacar hökmdarları onu İran millətçiliyi və qədim şahənşahlıq ideyası ilə bağlamağa başladılar. Günəş Cəmşidin, aslan isə “Şahnamə” qəhrəmanı Rüstəmin simvolu kimi təqdim edilirdi. Beləliklə, Şiri-Xurşid tədricən türk-səfəvi siyasi simvolundan müasir İran milli kimliyinin əsas nişanəsinə çevrildi.

XIX əsrdə Avropa şərqşünaslarının təsiri ilə bu simvola “qədim İran nişanı” kimi yanaşma gücləndi. Halbuki tarixi mənbələr onun formalaşmasında türk sülalələrinin və xüsusilə Səfəvilərin rolunu açıq şəkildə göstərir.

Zaman keçdikcə simvolun görünüşü də dəyişirdi. Qacar dövründə aslanın pəncəsinə Zülfüqar qılıncı əlavə edildi. Bu detal birbaşa İmam Əli ilə bağlı idi. Sonralar tac əlavə olunaraq monarxiyanın simvoluna çevrildi. Pəhləvilər dövründə isə simvol daha çox milli dövlət gerbi formasını aldı. 1979-cu il İran İslam İnqilabından sonra Şiri-Xurşid rəsmi dövlət simvolu statusunu itirdi və yerini indiki İran gerbi aldı. 

Şiri-Xurşid yalnız bir gerb və ya bayraq elementi deyil. O, minilliklər boyu formalaşmış siyasi düşüncənin, mifologiyanın, astroloji inancların və dövlətçilik ənənələrinin kəsişdiyi mürəkkəb tarixi simvoldur. Bu simvolun tarixində türk dövlətçilik mədəniyyətinin, Səfəvi ideologiyasının və qədim Şərq dünyasının izləri açıq şəkildə görünür.

Məhz buna görə Şiri-Xurşidə yalnız İranın milli gerbi deyil, bu simvol eyni zamanda türk-səfəvi siyasi irsinin, Yaxın Şərq mədəniyyətinin və qədim Şərq dövlətçilik ənənəsinin ortaq yaddaşıdır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Fəxri xiyabanı ziyarət

Ən son

TARİX

Tarix boyunca dövlətlər yalnız qılınc və siyasətlə deyil, simvollarla da özlərini ifadə ediblər. Bayraqlar, gerblər

TARİX

Tarix boyunca dövlətlər yalnız qılınc və siyasətlə deyil, simvollarla da özlərini ifadə ediblər. Bayraqlar, gerblər
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin