XX əsrdə Azərbaycanda elm və təhsil sahələrinin inkişafı milli düşüncənin formalaşması, dövlətçilik ənənələrinin möhkəmlənməsi ilə sıx bağlı şəkildə irəliləmişdir. Bu yüksəliş mərhələsinin əsas başlanğıcı isə Azərbaycanın taleyində mühüm rol oynamış, müstəqil dövlətimizin memarı olan Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi ilə əlaqələndirilir. Dünya siyasi tarixində xüsusi yer tutan dahi şəxsiyyət həmin dövrdən etibarən elmin xalq təsərrüfatındakı rolunun artırılmasını, fundamental və tətbiqi tədqiqatların genişləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdi.
Baki-baku.az bu yazısında Ulu Öndərin Azərbaycan elmindəki misilsiz xidmətlərinə toxunur.

Ulu Öndər zəngin idarəçilik təcrübəsi, yüksək intellekti, yenilikçi baxışları və uzaqgörənliyi ilə bütün fəaliyyəti boyunca dövlət idarəçiliyində elmi yanaşmanı prioritet hesab edirdi. Xarici və daxili siyasətdən iqtisadiyyata, mədəniyyətdən səhiyyəyə, təhlükəsizlik məsələlərindən strateji qərarların qəbuluna qədər bütün sahələrdə elmi əsaslandırılmış mövqeyə üstünlük verir, bu yanaşmanı cəmiyyətə də aşılayırdı. Məhz buna görə də onun müəyyən etdiyi inkişaf istiqamətləri bu gün də Azərbaycan elminin tərəqqisində mühüm yol göstəricisi olaraq qalır.
Azərbaycan Respublikası istər sovet dövründə, istər keçid mərhələsində, istərsə də müstəqillik illərində qarşılaşdığı çətinlikləri uğurla dəf edərək bütün istiqamətlər üzrə inkişaf yoluna qədəm qoyub, ərazi bütövlüyünü təmin edib və müxtəlif təzyiqlərə baxmayaraq təhlükəsizliyini qorumağa nail olub. Şübhəsiz ki, bu uğurların əldə olunmasında Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan güclü elmi potensialın mühüm payı var. Onun elmə, biliyə və insan kapitalına verdiyi yüksək qiymət olmasaydı, Azərbaycan elminin bu səviyyəyə yüksəlməsi mümkün olmazdı.

Ümummilli Lider cəmiyyətdə elmə və təhsilə marağın artmasına daim xüsusi diqqət yetirirdi. O, alimlərin və müəllimlərin nüfuzunun yüksəldilməsi, elmi potensialın gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atırdı. Keçən əsrin 70-ci illərində Azərbaycanı keçmiş SSRİ məkanında qabaqcıl elm və təhsil mərkəzlərindən birinə çevirmək onun əsas məqsədlərindən biri idi. Bu məqsədlə elmi-tədqiqat institutlarının fəaliyyəti genişləndirildi, elmi işçilərin sayı artırıldı və elm adamlarına hərtərəfli qayğı göstərildi.
Məhz həmin dövrdə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkənin elmi-maddi bazası möhkəmləndi, Azərbaycan elmi beynəlxalq miqyasda daha geniş tanındı, tədqiqatların səviyyəsi yüksəldi və yeni istiqamətlər formalaşdı. Xüsusilə təbiət və texniki elmlərlə yanaşı, humanitar və ictimai sahələrdə də güclü elmi mühit yaradıldı. Milli dilin, ədəbiyyatın, tarixin və mədəniyyətin araşdırılmasına göstərilən diqqət Azərbaycançılıq ideyasının elmi əsaslarının formalaşmasına, milli özünüdərkin möhkəmlənməsinə və dövlətçilik düşüncəsinin inkişafına mühüm töhfə verdi.

Elm sahəsini dövlət quruculuğunun vacib istiqaməti kimi qiymətləndirən Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə yeni elmi istiqamətlər yarandı, müasir kadr hazırlığı sistemi formalaşdı və elmin inkişafı üçün geniş imkanlar açıldı. Onun rəhbərliyi illərində Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi yaradıldı, çoxsaylı kafedralar və problem laboratoriyaları fəaliyyətə başladı, yüzlərlə yeni ixtisas açıldı. Ali təhsil alan gənclərin sayı qısa müddətdə əhəmiyyətli dərəcədə artdı.
Ümummilli Liderin təşəbbüsü ilə 1970-80-ci illərdə minlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi. Müxtəlif elm və ixtisas sahələrini əhatə edən bu proqram Azərbaycanın gələcək inkişafı üçün güclü milli kadr bazasının formalaşdırılmasına xidmət edirdi.Elmin müasir və perspektiv istiqamətləri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması siyasəti Azərbaycan elmi ictimaiyyəti tərəfindən daim dəstəklənib. Bu istiqamətdə xüsusi xidmətləri olan görkəmli alim, akademik Cəlal Əliyev biologiya, molekulyar biologiya, biofizika, bioinformatika və digər müasir elmi sahələrin inkişafına böyük töhfələr verib. Onun fəaliyyəti nəticəsində müxtəlif sahələr üzrə mütəxəssislər xaricdə təhsil alaraq ölkəyə qayıdıb və Azərbaycan elminin beynəlxalq nüfuzunun artmasına xidmət ediblər.

Ulu Öndər hələ 1990-cı illərdə Azərbaycanda elmin inkişaf strategiyasının əsas prinsiplərini müəyyən etmiş, bu istiqamətdə qarşıda duran vəzifələri aydın şəkildə ortaya qoymuşdu. Onun elmə dair formalaşdırdığı yanaşma akademik institutların ölkənin inkişafındakı rolunu daha da gücləndirib, elm adamlarının cəmiyyətdəki nüfuzunu artırıb.
Bu gün dünya elmi yeni texnoloji mərhələyə qədəm qoyur və Azərbaycan da bu prosesdə öz potensialı ilə iştirak etmək imkanına malikdir. Mövcud elmi bazanı qorumaq və inkişaf etdirmək, yeni çağırışlara uyğun müasir tədqiqatlar aparmaq, işğaldan azad edilmiş ərazilərdə elmi fəaliyyətin bərpasını təmin etmək ölkənin qarşısında duran mühüm vəzifələrdəndir. Prezident İlham Əliyevin elmə, təhsilə, alim və müəllimlərə göstərdiyi diqqət bu istiqamətdə yeni imkanlar yaradır. İnanmaq olar ki, böyük inkişaf yolunda irəliləyən Azərbaycan elmi gələcəkdə də ölkənin iqtisadi, texnoloji və intellektual gücünün əsas dayaqlarından biri olacaq.